İran və Rusiyadan ORTAQ HƏMLƏ – Şimal və cənub qonşularımız nəyi PLANLAŞDIRIR?

Hazırda oxunan: İran və Rusiyadan ORTAQ HƏMLƏ – Şimal və cənub qonşularımız nəyi PLANLAŞDIRIR?

148996

44 günlük müharibədə qələbədən sonra Azərbaycan və Türkiyənin irəli sürdüyü, Ankara, Bakı, Tiflis, İrəvan, Moskva və Tehrandan ibarət olacaq 3+3 formatına son zamanlara qədər Rusiya ilə İran nədənsə ciddi yanaşmırdı.

Amma indi görünən odur ki, bu iki ölkə də 3+3 formatının bərpasında maraqlı olduqlarını dilə gətirməyə başlayıblar.

Bu günlərdə İranın İSNA informasiya agentliyində Cənubi Qafqazın üç ölkəsi və regionla həmsərhəd olan üç ölkə - Rusiya, Türkiyə və İranın daxil olduğu regional əməkdaşlıq platformasının əhəmiyyəti barədə məqalə dərc olunub. Məqalədə bildirilir ki, İran Azərbaycan və Türkiyə tərəfindən irəli sürülən “3+3” əməkdaşlıq platformasının canlanmasında maraqlıdır.

Məqalədə Tehranın region ölkələri ilə çoxsahəli əməkdaşılığın qurulmasına xüsusi önəm verildiyi vurğulanır.

Qafqaz tədqiqatları, eləcə də beynəlxalq münasibətlər üzrə iranlı ekspertlər Məhəmmədrza Dəmavəndi və Əbdürrza Fərəcirad “3+3” formatının region ölkələrin biri-biri ilə yaxınlaşmasına və regionda mövcud olan problemlərin həll olunmasına müsbət təsir göstərəciyini vurğulayıblar. İranın Ermənistandakı sabiq səfiri Seyid Əli Səqqiyan isə qeyd edib ki, bu formatda əsas təsir imkanlarına malik olan ölkələr – Rusiya, İran və Türkiyədir və bu ölkələrin bir araya gəlməsinə ehtiyac var. Anoloji fikirlər Rusiya rəsmiləri tərəfindən də səsləndirilir. 

Maraqlıdır, görəsən, Rusiya və İran 3+3 formatının bərpasında niyə maraqlıdır?

Bizim.Media-ya açıqlama verən politoloq Tural Rzayevin fikrincə, Tehran və Moskva Cənubi Qafqaza kənar qüvvələrin gəlməsinin qarşısını almaq üçün 3+3 formatının bərpasında maraqlıdır:

“44 günlük müharibədən sonra, Türkiyə və Azərbaycan tərəfindən kənar qüvvələrin təsiri olmadan regional problemlərin birgə həllini nəzərdə tutan 3+3 formatı irəli sürüldü. Ancaq həmin dövrdə nə İran, nə də Rusiya təklifə çox da isti yanaşmadı. Moskva özünü Cənubi Qafqazın şəksiz lideri qismində gördüyündən, təklifə ciddi yanaşmadı.

İran isə 44 günlük müharibədə sərgilədiyi mövqe, Ermənistana açıq şəkildə tərəfkeşlik etməklə özünün bölgədə olan nüfuzunu itirdi. Nəticədə Ermənistanın məğlubiyyəti İranın regiondakı nüfuzunu ciddi şəkildə sarsıtdı. Ona görə də həmin ərəfədə Tehran 3+3 formatı ilə barışmırdı. Tehrana görə bu format Qafqazda Azərbaycan və Türkiyənin mövqeyinin möhkəmlənməsinə xidmət edəcək.  

İndi isə həm İran, həm də Rusiya görür ki, dünyanın siyasi durumu kifayət qədər ciddiləşib. Artıq NATO ilə Rusiyanın Ukraynadakı müharibəsi açıq müstəviyə keçməkdədir.

Moskva Polşanı da şantaj edir, Qərb isə Ukraynaya qadağan edilən kasetli silahlar verir. Belə olan vəziyyətdə Ukraynadakı geosiyasi qarşıdurmanın Cənubi Qafqaza sızma ehtimalı da var. 

Bu durumda Qərb bölgəyə daxil ola bilər ki, onun da nəticəsində Rusiya və İran regiondan sıxışdırılıb çıxarıla bilər. Hətta onlar Cənubi Qafqaz bölgəsinin Moskva və Tehran qarşı plasdarm ola biləcəyindən ehtiyat edirlər. Ona görə də Rusiya ilə İran mövcud məqamda itirdiklərinin daha çox olacağını nəzərə alaraq, bundan yayınmaq üçün 3+3 formatına qayıtmağı daha məqbul hesab etməyə başlayıblar. Belə olan təqdirdə, onlar həmin addımla Qafqaza kənar qüvvələrin gəlməsinin qarşısını almağı düşünürlər”. 

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin