Avtomobili idarə etmək üçün verilən etibarnamə LƏĞV edilir? – Təklifə təzadlı MÜNASİBƏT 

Hazırda oxunan: Avtomobili idarə etmək üçün verilən etibarnamə LƏĞV edilir? – Təklifə təzadlı MÜNASİBƏT 

148995

Azərbaycanda avtomobillərin idarə edilməsi üçün etibarnamənin zəruriliyi tələbinin aradan qaldırılması təklif olunur. Konstitusiya Məhkəməsi Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında müvafiq qərar qəbul edib.

Belə ki, Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb və qərar qəbul edilib.

Qərara əsasən, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Milli Məclisə tövsiyə olunub.

Avtomobillərin idarə edilməsi üçün etbarnamənin ləğv olunması təklifi ictimaiyyətdə fikir ayrılıqlarına səbəb olub. 

Bəs, ekspert və deputatlarımız nə düşünür?

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Bizim.Media-ya açıqlamasında təklifi müsbət dəyərləndirərək, qonşu ölkələrdə mexanizmin çox sadə şəkildə həyata keçirildiyini əsas gətirib. 

O, vurğulayıb ki, digər ölkələrdə də artıq sadələşdirilmiş mexanizm üzərində iş gedir:

“Bu, zaman alacaq məsələlərdəndir. Birdən-birə etibarnaməni ləğv etmək mümkün deyil. Qonşu ölkələrdə bu mexanizm həddindən artıq sadədir. Digər ölkələrdə də proses sadələşmişə doğru gedir. Yəni o ölkələrdə yalnız sürücülük vəsiqəsi ilə istənilən nəqliyat vasitəsini idarə etmək mümkündür. 

Azərbaycana gəldikdə isə elektronlaşmaya əslində əvvəlcədən start verilmişdi. Elektron etibarnamələrin verilməsi hətta iki il bundan qabağa təsadüf edilir. Burada etibar edən və edilənin müvafiq olaraq məlumatları sistemə daxil olur. Ödədiyi qəbz və surəti tələb edilir. Təsdiqləyici mesajdan sonra məsələ həll olunur. Amma vaxt keçdikcə bu, təkmilləşmə prosesi daha qabarıq şəkildə özünü göstərir. 

Biz etibar edilənin etibarnamə üzrə sənədlərin verilmə qaydasına baxsaq, mərhələni 3 hissəyə bölmək olar. Birinci hissədə ailə münasibətləri (ata, oğul, əmi, dayıoğlu, qardaş, birinci və ikinci qohumluq dərəcələri), ikinci hissədə - şirkət, müəssisə, iaşə obyektləri, hər hansı əmlakın istifadəsi üzrə etibarnamələr, üçüncü hissədə isə nəqliyyat vasitələrinin alqı-satqılarını həyata keçirmək üçün verilən etibarnamələr əks olunur. 

Sürücülük vəsiqəsi olan hər bir şəxs xüsusi  sənəd - sürücülük kateqoriyası və sertifikatı tələb olunan istisna nəqliyyat vasitələrinin hər birini sürmək hüququna malik olmalıdır. Tutaq ki, bir ailədə bir atanın 4 oğlu var. Ata ümumi istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək üçün hər birinə ayrı-ayrılıqda etibarnamə verməlidir. Yaxud bir oğula etibarnamə verilməlidir, yerdə qalanlar isə maşına əyləşib getməlidir. Bu prosesləri sadələşdirmək daha doğru olar. Əlbəttə ki, hər bir Azərbaycan vətəndaşını sevindirəcək məsələ olardı”.  

Millət vəkili Fazil Mustafanın fikrincə isə avtomobili etibarnaməsiz idarə etmək müəyyən problemlər yarada bilər: 

“Etibarnaməsiz məsələnin həlli yolu görünmür. Çünki bizdə avtomobildən idarəetmə mədəniyyəti ilə bağlı problemlər var. Hər kəs onda heç bir səbəb olmadan başqasına avtomobilini verəcək. Təcrübəsiz insanlar daha çox bundan istifadə edəcəklər. 
Məncə, məsuliyyət forması üzərində düşünməliyik. Avtomobilin bu formada idarə olunması sonradan insanlar üçün həyati təhlükə yarada bilər ki, bu da nəzərə alınmalıdır. Ona görə də bunun heç də tam optimal bir yol olduğunu düşünmürəm. Üzərində hər halda müzakirə aparılmalıdır.

Etibarnaməsiz verilmə müəyyən problemi həll edir və insanların işini asanlaşdırır. Amma həm də məsuliyyətsizlik yaradan amillərdən biridir. Bunları isə bütövlükdə nəzərə almalıyıq”.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” qanunun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin