Xalq ədət-ənənəsinə görə, Novruz bayramından öncə sürən Boz ay ərzində su, od, yel və torpaq çərşənbələri qeyd edilir.
Bizim.Media xəbər verir ki, bu gün Azərbaycanda Novruzun çərşənbələrindən sonuncusu - “İlaxır çərşənbə”dir. Bu çərşənbə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır Çərşənbə” , “Torpaq çərşənbəsi” adlanır.
MÖVZU İLƏ BAĞLI:
Novruz bayramı “haramdır”? – İlahiyyatçı İZAH EDİR
Bu çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir.
İlaxır çərşənbədə üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən 7 dəfə tullanmalıdır, tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdır.
Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.
Bu çərşənbədə bayram süfrəsi açılır, şirniyyat bişirilir, məcməyi və ya sinilərdə xonça hazırlanır.
Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir.
Qədim el adətlərinə və inanclara görə, həmin gün evdən duz, su, pul, çörək, od, kibrit, neft, ağartı verməzlər. Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırılır, adətə görə şamı yarımçıq söndürməzlər.
Həmçinin axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatılmalıdır. Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən.
Bizim.Media