Tehran-Moskva gərginliyi nə ilə YEKUNLAŞACAQ? – Rusiyalı siyasilərin TƏHLİLİ

Hazırda oxunan: Tehran-Moskva gərginliyi nə ilə YEKUNLAŞACAQ? – Rusiyalı siyasilərin TƏHLİLİ

148508

Son həftələrdə Rusiya və İran arasında diplomatik gərginlik müşahidə olunur. Belə ki, Qərbin sanksiyaları qarşısında günü-gündə yalnızlaşan bu iki ölkə arasında münasibətlərdə dərin çatlar əmələ gəlib. Halbuki, Ukrayna müharibəsi başladıqdan sonra Moskva-Tehran xəttində ciddi yaxınlaşma hiss olunurdu. 

Rusiya-Ukrayna müharibəsi başladığı zamandan Moskvaya açıq dəstək verən molla rejimi, oyuncaq silahlarını da Kremllə paylaşmaq qərarına gəldi. Artıq neçə aydır ki, Rusiya Ukrayna şəhərlərini İran “Şahed”ləri ilə hədəf alır. 

Rusiya isə bu məqamda öz döyüş təyyarələrini İrana təqdim etdi. Tehran rejiminin “SU-35”ləri alması ilə bağlı razılıq da əldə olundu. 
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ İran üzrə xüsusi nümayəndəsindən niyə şübhələndi? - ƏTRAFLI


Lakin vəziyyət dəyişir.

Almaniyanın “Flog Review” jurnalının yazdığına görə, Moskva İrana qırıcıların ehtiyat hissələrinin istehsalı texnologiyasını öyrətməkdən və növbəti 30 il ərzində ölkədə təyyarələrə texniki xidmət göstərməyi dayandırdığı üçün Tehran da öz növbəsində Rusiyanın “Suxoy-35” döyüş təyyarələrini almaqdan imtina edib.

Bəs Rusiya-İran münasibətləri necə irəlləyəcək?

Mövzu ilə bağlı rus siyasilər və ekspertlər Bizim.Media-ya eksklüziv açıqlamalar veriblər.

Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sosial Elmlər İnstitutunun Siyasi və İctimai Kommunikasiyalar kafedrasının dosenti, iqtisadçı Nikolay Kulbaka bildirib ki, Rusiyanın İrana qarşı olan ölkələrlə münasibətlərindəki yeni mərhələ Moskva-Tehran münasibətlərinə zərbə vurdu:


“Rusiya və İranın bəlkə də Amerika ilə qarşıdurmasında ortaq cəhət var. Rusiya Amerikanı hansısa yolla zəiflədə bilsəydi, İran bunu ancaq alqışlayardı.

Bununla belə, Ukraynadakı hazırkı münaqişə Amerikanın xeyrinədir, yəni, onu daha güclü edir. Bundan başqa, Rusiya bir neçə cəbhədə özünü təhlükəli tərəfdaş kimi göstərib. 

Birincisi, Rusiya İran və BƏƏ arasında Fars körfəzindəki adalarla bağlı münaqişədə Ərəb Əmirliyinin tərəfini seçdi. İkincisi, hazırda Rusiya ilə əməkdaşlığın davam etdirilməsi nüvə sazişində ABŞ-la əlaqələrin qurulmasında çətinliklər yarada bilər.

Qırıcıların tədarükünə gəlincə, tamamilə mümkündür ki, bunun səbəbi Rusiya silahlarının reputasiyasını ləkələyən hərbi uğursuzluqlarla bağlıdır. Belə olan halda İran son bir ildə Rusiya silahlarından imtina edən ilk ölkə deyil. 

Lakin bunun iki ölkə arasında əməkdaşlığa xələl gətirməsi ehtimalı azdır. Rusiyaya İranın pilotsuz təyyarələri və digər silahlar, İrana isə pul və istehsal gücü lazımdır.

Beləliklə, əməkdaşlıq davam edəcək, lakin tərəflərin maraqlarını və Qərbdən ikinci dərəcəli sanksiyaların mümkünlüyünü nəzərə alaraq”, - Kulbaka qeyd edib.

Milli Enerji Təhlükəsizliyi Fondunun analitiki, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti İqor Yuşkov isə bildirib ki, Rusiya-İran arasında Suriya mövzusuna görə fikir ayrılığı olsa da, hazırda təklənən hər iki ölkənin bir-birinə ehtiyacı var:


“Məlumdur ki, hazırda “SU 35” qırıcıları və ya digər qırıcılar və hərbi texnikalar bizim özümüzə gərəklidir. Arada belə xəbərlər gəzir ki, guya biz İranın şimalına ərzaq, neft verməklə guya İranın cənubundan, onlardan nəsə alırıq.

Məlumdur ki, bizim neft daşımaq üçün üçlü yəni, Rusiya, İran, Venesuellanın dəniz daşıma flotu mövcuddur. Buna görə də, mən belə fikirləşirəm ki, iki ölkə arasında ciddi soyuqluq yoxdur. 

Düzdür, biz qlobal olaraq enerji resurslarına görə rəqiblərik. Ancaq digər tərəfdən baxsaq, biz bəzi məsələlərlə əlaqdər əməkdaşlıq da edirik. Hələ ki, mən deyərdim, biz ancaq əməkdaşlıq etməliyik, nəyinki rəqiblik.

Misal üçün - İran öz neftini Çinə satır, biz də öz neftimizi Çinə satırıq. Bu zaman ya bizdən, ya da İrandan neft alışını çoxaldırsa, deməli bu rəqibliyin nəticəsi deyil. Burada belə başa düşmək olar ki, Çin nefti üçüncü bir ölkədən alışını azaldıb. Buna misal olaraq BƏƏ-ni göstərmək olar. 
Çünki hər iki ölkənin nefti beynəlxalq arenada yetərli dəyərdədir. Düzdür, bəzi məsələlər səbəbindən aramızda bəzi anlaşılmazlıqlar ola bilər. Yəni Suriyada baş verənləri misal gətirmək olar. Ancaq mən düşünürəm ki, hər iki ölkə eyni şeyi istəyir”, - deyə İ.Yuşkov əlavə edib. 

Rusiyalı ekspert Bogdan Bezpalko isə İranın hazırda Rusiyaya ehtiyacının olduğunu, İslam Respublikasının regionda yeganə ehtiyat etdiyi ölkənin Türkiyə olduğunu vurğulayıb.


“Rusiya ilə İranın maraqlı üst-üstə düşür. İranın Cənubi Qafqazda ehtiyat etdiyi yeganə ölkə Türkiyədir. İran istəmir ki, Türkiyə-Azərbaycan münasibətləri müsbət dinamikada inkişaf etsin.

Əsasən Zəngəzur dəhlizinin reallaşmasını istəmir. Bu halda İran qorxur ki, öz müttəfiqlərindən, o cümlədən Rusiyadan kənarda qalacaq.

İranın əsas çəkingənliyi bundan ibarətdir ki, Azərbaycanın reallaşdırdığı Zəngəzur dəhlizində Türkiyə də əsas söz sahibi olacaq. Nəticədə Türkiyənin yaxşı, İranın isə pis münasibətləri olan ölkələr də Cənubi Qafqaza yaxınlaşacaq. Böyük Britaniya və ABŞ-nin Cənubi Qafqazda olması İran və Rusiya üçün yaxşı ssenari deyil”.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin