AQTA bazarda rahatlıqla satılan təhlükəli yağların adlarını niyə GİZLƏDİR? – TƏHLİL 

Hazırda oxunan: AQTA bazarda rahatlıqla satılan təhlükəli yağların adlarını niyə GİZLƏDİR? – TƏHLİL 

148231

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi növbəti dəfə ölkənin ticarət şəbəkələrində satışda olan yağlarla bağlı nöqsanlar aşkarlayıb. Qurum 9 kərə yağı emalı müəssisəsindən 6-da bir sıra nöqsanlar ortaya çıxarıb. 

Belə ki, ticarət şəbəkələrində satışda olan 15-i yerli, 17-si idxal edilən olmaqla, 32 kərə yağı məhsulundan nümunə götürülüb və laboratoriya sınaqlarına cəlb edilib. 

Ümumilikdə bu ilin 6 ayı ərzində ölkə ərazisində fəaliyyət göstərən 5-i planlı, 4-ü plandankənar olmaqla 9 kərə yağı emalı müəssisəsində də yoxlamalar aparılıb. 6 müəssisədə nöqsanlar aşkar edilib. 

Uyğunsuzluqlar emal sahələrində sanitariya qaydalarına əməl olunmaması, istifadə müddəti bitmiş kərə yağının anbarda saxlanılması, istifadə olunmuş yağlarla istifadəyə yararlı yağların eyni sahədə saxlanılması, etiket məlumatlarında kərə yağının yağlılıq faizinin göstərilməməsi, işçilərin gigiyena qaydalarına əməl etməməsi, onların ilkin və dövri tibbi müayinədən keçməməsi, eləcə də dezinseksiya və deratizasiya işlərinin aparılmaması ilə bağlı olub. 

Aşkarlanan nöqsanlarla əlaqədar 2 müəssisədə məhsul partiyasının satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar verilib və 6 sahibkarlıq subyekti barəsində inzibati məsuliyyət tədbirləri görülüb.

AQTA-nın ən strateji məhsullarından biri sayılan yağlarla bağlı yoxlamaların aparılması, nöqsanların ortaya çıxarılması, hətta sahibkarlar barədə məsuliyyət tədbirlərinin görülməsi təqdirəlayiqdir.

Amma nöqsan olduğu ortaya çıxan emal müəssisələrinin, kərə yağlarının və sahibkarın adının açıqlanmaması başadüşülən deyil.

İstehlakçıların birbaşa hüquqdur ki, istifadə etdiyi hansı yağlarla bağlı problem var. Konkret obyektin adının açıqlanmaması AQTA ilə həmin müəssisələrin gizli sövdələşməsindən xəbər verir ki, bu nümunəyə əvvəllər də rast gəlmişik. 

Xatırladaq ki, 4 il əvvəl AQTA sədri Qoşqar Təhməzli satışa çıxarılan keyfiyyətsiz yağların tərkibində insan orqanizmi üçün təhlükəli maddələrin aşkar olunduğunu demişdi.

O, Azərbaycanda 12 adda yağın tərkibində trans yağların miqdarının normadan yuxarı olduğunu açıqlayaraq, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şamaxı, Lənkəran, Xaçmaz, Şəki, Tovuz Regional bölmələrində 32 adda müxtəlif yağın ekspertizaya cəlb olunduğunu qeyd etmişdi: 

"Təəssüf hissi ilə qeyd edim ki, həmin nümunələrin 12-də trans yağların miqdarı normadan yuxarı olub. Trans yağlar insan orqanizmində çətin əriyir və ya ərimir. Bu isə insan orqanizmi üçün ziyanlıdır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, trans yağ turşularının yüksək miqdarda qəbulu ürək-damar xəstəliklərinin riskini 21 faiz, ölümü isə 28 faiz artırır. Bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə demək istəyirəm ki, idxal zamanı qüvvədə olan normalara əməl etsinlər", - deyə qurum rısmisi bildirmişdi. 
Maraqlısı odur ki, AQTA 12 adda olan təhlükəli tərkibli yağların adlarını indiyədək istehlakçılara açıqlamır. Baxmayaraq ki, üzərindən 4 ildən yuxarı müddət keçib. İllərdir ki, həmin 12 adda təhlükəli yağın hələ də Azərbaycan bazarlarında rahatlıqla satışı həyata keçirilir. Ancaq onların adının hansı siyahıda olduğu bəlli deyil. 

Anlaşılan deyil ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi aşkarladığı keyfiyyətsiz və təhlükəli yağların adlarını niyə açıqlamaqdan ehtiyat edir?

Ekspertlər də həyəcan təbili çalır ki, Azərbaycanda istər kərə yağı, istərsə də bitki yağları ilə bağlı narahatlıq var. Bazarda kiloqramı 3 manatdan 23 manata qədər satışı olan yağlar var.

Eynilə müxtəlif qiymətlərdə bitki yağları da təklif olunur. İstehlakçılar hansı yağın keyfiyyətli olduğunu bilmirlər. Ekspertlər isə market və bazarlarda satılan yağların bir çoxunun saxta, insan orqanizminə ziyanlı olduğunu bəyan edirlər. Zaman-zaman bu məsələyə toxunulsa da, söhbətin konkret hansı yağlardan getdiyi açıqlanmır.

Bu dəfə də AQTA bənzər addım nümayiş etdirərək, təhlükəli yağların adını və istehsalçıları açıqlamadı. 

Görünən və anlaşılan isə odur ki, istehlakçıları aldadan və onları zəhərləyərək sağlamlıqlarına qənim kəsilən məhz elə bəhs etdiyimiz qurumdur. Qida təhlükəsizliyinə nəzarət isə təsirsiz və səmərəsizdir.  

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin