Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ondoqquzmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən üçotaqlı mənzilin mətbəxində baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.
Xüsusi təyinatlı texnikaların, o cümlədən avtonərdivanın operativ tətbiqi ilə yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək mənzilin digər otaqlarına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, həmçinin mənzildəki vətəndaşların təxliyəsi həyata keçirilib.
Yanğın nəticəsində ümumi sahəsi 112kv.m olan mənzilin mətbəxində 8p.m mətbəx mebeli yanıb, yüksək temperaturdan mətbəx avadanlıqları və mətbəxin qapı-pəncərəsi deformasiya edib.
Mənzilin böyük hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı 8 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib.
Bizim.Media