Aysel Xoşqədəmlə məhkəməsindən YAZDI: "Böhtanların qarşısında 3 il səbrlə dayanmışam" - FOTO

Hazırda oxunan: Aysel Xoşqədəmlə məhkəməsindən YAZDI: "Böhtanların qarşısında 3 il səbrlə dayanmışam" - FOTO

148120

"Artıq iki gündür hər kəsə məlum olan məhkəməyə müraciət etdiyim iddia ilə bağlı qərarın çıxarılması haqda məlumatlar yayılıb. Qeyd edim ki, bu məlumatlar məndən xəbərsiz və mənim icazəm olmadan yayımlanıb. Bu mövzu barədə nəticə əldə edənə kimi susub heç bir açıqlama vermək istəməmişəm. Lakin yayılan məlumatlardan sonra istədim ki, düzgün məlumatı məndən əldə edəsiniz".  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.  

Xoşqədəm Hidayətqızının illər əvvəl aparıcısı olduğu proqramda barəsində dilə gətirdiyi sözlərə görə onu məhkəməyə verən Aysel məsələyə hüquqi qiymət verilməsini gözlədiyi üçün məsələ ilə bağlı açıqlama vermək istəmədiyini bildirib:  

"Məlum olduğu kimi verilişlərin birində haqqımda yayılan əsassız, yalan məlumatlar, şərəf və ləyaqətimi alçaldan, mənə dəymiş mənəvi zərər və işgüzar nüfuzuma vurulmuş ziyanla bağlı müvafiq qurumlara müraciət edərək iddia qaldırmışam. Artıq 3 ildir məhkəmə prosesi davam edir.

Çoxları rəy bildirərək indi ayılıb, pulu bitib və s. kimi pis fikirlərlə bilmədən mühakimə edir. Nəzərinizə çatdırmaq istəyirəm ki, haqqımda danışılan yalan, böhtan, alçaldıcı ifadələr səslənildiyi gündən etibarən məhkəməyə va müvafiq qurumlara müraciət etmişəm. Yəni bəzi insanların dedikləri kimi susmamışam.  

Sadəcə bu məsələyə hüquqi qiymət verilməsini istəmişəm və gözləmişəm. Həmin məhkəmə mübahisəsi ilə bağlı artıq uzun müddətdir ki, məhkəmə çəkişməsi davam edir.

Qeyd edim ki, uzun araşdırmalardan və ekspert rəylərindən sonra Bakı şəhəri Nərimanov rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi mənim xeyrimə qərarlar qəbul etmişdir.  

Buna baxmayaraq, bu günə kimi məhkəmə qərarlarının mənim xeyrimə çıxarıldığına dair məlumatı heç yerdə yayımlamamışam və bu barədə açıqlama verməmişəm.

Halbuki qarşı tərəf bir prosesdə xeyirlərinə qərar qəbul ediləndə davam edəcək məhkəmə çəkişmələrinin nəticəsini gözləmədən paylaşım edib.

Mən səbrlə gələcəkdə qarşı tərəfin kassasiya şikayəti vermək hüququnun olduğunu bilərək, məhkəməyə müraciət edəcəyi düşüncəsi ilə Ali Məhkəmənin mövqeyini gözləyirəm.  

3000 manat məsələsinə gəldikdə isə bilməyənlərə və ya mühakimə edənlərə çatdırmaq istəyirəm ki, məhkəməyə müraciətimdə iddia qaldıraraq məlum olan proqramda səsləndirilmiş ifadələrin, şəxsiyyətimə və işgüzar fəaliyyətim barədə mənfi rəy yaratmağa yönələn, habelə şərəf və ləyaqətimi ləkələyən, həqiqətə uyğun olmayan yalan və əsassız məlumatlar kimi tanınması, əsassız informasiyanın ictimailəşməsinə şərait yaratması və ifadələrin səslənməsini jurnalist hüquqlarından sui-istifadə etməsi kimi tanınması və həmin məlumatların yayılmasına görə üzr istəmələri və mənə dəymiş mənəvi zərərin və işgüzar nüfuzuma vurulmuş ziyanın əvəzi olaraq təzminat ödənilməsi barədə tələbim olub.  

Şükür ki, ədalət var, dövlətimin kəsərli hüququ var. 3 ildə haqqımda yaranmış mənfi fikirlərə, deyilən böhtanlara qarşı səbrlə dayanaraq Cənab Prezidentimizin təyin etdiyi ədalətli hakimlərin qərəzsiz, vicdanlı qərar qəbul edəcəklərinə inanmışam və yanılmamışam. Sözüm bu barədə hələki bu qədərdir… 
Son qərar qəbul olunana kimi açıqlama verməyəcəyəm. Ümid edirəm bu açıqlamamdan sonra səhv, əsassız fikirlər bəzi beyinlərdən çıxar".  




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin