Ombudsmanın səlahiyyətləri ARTIRILDI 

Hazırda oxunan: Ombudsmanın səlahiyyətləri ARTIRILDI 

147929

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) səlahiyyətləri artırılıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununu təsdiqləyib. 

Sənədə əsasən, müvəkkil “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirə biləcək. 
Həmçinin, müvəkkil insan hüquqları sahəsində dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesinin təhlilini apara, rəy və təkliflərini müvafiq sahədə monitorinq və qiymətləndirməni həyata keçirən quruma təqdim edə bilər. 

Qanuna əsasən, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisinə yeni Müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Azərbaycan Respublikasının Milli Məclisi 15 gün müddətində Müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edəcək. 

Eyni zamanda, müvəkkil şikayətə baxılması ilə bağlı görülmüş tədbirlər və nəticələr barədə 10 iş günü müddətində ərizəçiyə yazılı surətdə məlumat verməlidir. Əvvəlki qanunda bu, 5 iş günü idi. 

Bundan başqa, müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxarkən informasiya sahiblərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb edə bilər. Həmin məlumatlar (sənədlər, materiallar) 5 iş günü müddətində Müvəkkilə təqdim edilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin