“Brüssel müzakirələri cari il ərzində keçirilən altıncı görüş oldu. Burada yadda qalan əsas məsələ, Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesində ciddi bir irəliləyişin olması ilə bağlıdır”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
MÖVZU İLƏ BAĞLI:
Brüssel görüşündə müzakirə olunan MƏSƏLƏLƏR
Onun sözlərinə görə, görüşdə bir sıra vacib məsələlər müzakirə olunub:
“Birinci məsələ odur ki, tərəflərin öz üzərlərinə götürdükləri öhdəliklərdən biri, sülh danışıqları prosesinin sürətlənməsi ilə bağlıdır. Bunun üçün də əsas baza prinsipi kimi, Azərbaycanın irəli sürdüyü 5 tələb xüsusi əhəmiyyət daşıyır.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə baş tutan üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında Ş.Mişel mühüm açıqlamalar verdi və müzakirə olunan, bundan sonra müzakirə olunacaq məsələləri diqqətə çatdırdı.
Onun sözlərindən belə aydın oldu ki, tərəflər üzərlərinə götürdükləri öhdəlikləri qarşılıqlı şəkildə yerinə yetirməlidirlər. Bunlar – sərhədlərin delimitasiyası və demarkasiyası işlərinin aparılması, qarşılıqlı təhlükəsizlik məsələlərinin həll olunması, Zəngəzur dəhlizinin açılması və beynəlxalq səviyyədə bəzi öhədiklərin götürülməsi və icra olunmasıdır.
Ş.Mişelin açıqlamalarından belə qənaətə gəldim ki, yaxın vaxtlarda sərhədlərin delimmitasiyası və demarkasiyası işləri başlayacaq. Onun eyni zamanda, Azərbaycanın 86.6 min kvadrat-kilometr ərazisinin Ermənistan tərəfindən tanınması, hətta Almatı prinsipləri əsasında bu prosesin davam etdirilməsinin və liderlərin buna sadiq olmasının vacibliyi ilə bağlı fikirləri də mühüm məsələlərdən xəbər verir”.
Bu amillərin vacib olduğunu söyləyən müsahibimiz, onun səsləndirdiyi digər bəyanatlara da diqqət çəkib:
“Mişelin son fikri bu oldu ki, Xankəndində yaşayan erməni icması öz problemlərini Azərbaycanla həll etməlidir, çünki bunun Ermənistanla həll edilməsi qeyri-qanuni sayılır. O, çıxışında, Qırmızı Xaç Komitəsinin fəaliyyətinə toxundu və Xankəndi-Ağdam yolunun açılmasının vacibliyini də diqqətə çatdırdı.
Onun sözlərindən belə aydın oldu ki, Xankəndi erməniləri Ermənistanla deyil, daha çox Ağdam xətti ilə Azərbaycanla əlaqələrin qurulmasına üstünlük verməlidirlər. Bu da göstərir ki, artıq tərəflər arasında irəliləyiş var.
Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü qəbul edir və Ermənistanın bunu tanımağa vadar edir. Hətta İrəvanı Naxçıvanla Azərbaycan arasındakı Zəngəzur dəhlizinin açmağa məcbur edir.
Onun səsləndirdiyi vacib elementlərdən biri də odur ki, dəmir yolu xətti tezliklə açılmalıdır. Bu da o deməkdir ki, artıq bu dəhlizdə olunacaq nəqliyyat qovşağının biri yaxın vaxtlarda istifadəyə verilməlidir. Əslində bu, Aİ-nın Cənubi Qafqaza baxış bucağıdır”.
Burada ikinci məsələnin Aİ ilə Rusiya arasında davam edən çəkişmələrin bölgəmizə təsirləri ilə bağlı olduğunu söyləyən politoloq əlavə edib ki, üçtərəfli görüşdən sonra Rusiya XİN görüşlə bağlı narahat olduğunu açıq şəkildə bəyan etdi:
“Bu da o deməkdir ki, Kreml Avropa İttifaqının tərəflər arasında sülh yaratmaq prosesindəki iştirakından narazıdır. Moskva bölgədə sülhün olmasını istəmir. Bu da Cənubi Qafqazdakı nəzarətinin qorunub saxlanılması və ilə birbaşa bağlıdır. Rusiya istəyir ki, bölgədə daim münaqişə olsun və “sülh göyərçini” olduğunu göstərsin. Bu, görünən tərəfdir.
Görünməyən tərəf isə odur ki, Rusiya Cənubi Qafqazı özünün “arxa bağçası” kimi görür. Sülh məsələsinə gəldikdə isə, Kreml burada fəqli yanaşma ortaya qoyur. Belə aydın olur ki, onlar bölgədəki monopoliyalarını əldən vermək istəmirlər.
Lavrovun son bəyanatı isə ona hesablanıb ki, onlar artıq heç bir şey edə bilməzlər, çünki, Ermənistan Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Buna görə də sülhə getmək lazımdır. Lavrov bununla topu Paşinyanın üzərinə atır”.
İki gün əvvəl Qarabağdan Bakıya uçan təyyarələrdə yaranmış texniki problemlə toxunan ekspert belə hesab edir ki, bu, separatçılarla bağlı deyil:
“Çünki, onlar bu işi bacarmırlar və əllərində belə bir texnika yoxdur. Bu, sülhməramlıların işidir. Birmənalı şəkildə bilmək lazımdır ki, bölgədə sülhün əldə edilməsinə mane olan qüvvələrdən biri Rusiya, digərləri isə İranla Fransadır. Nə qədər ki, sülh olacaq, bir o qədər də əlləri bölgəyə çatmayacaq. Bu gün Rusiya zamana oynayır.
Düşünür ki, Ukraynadakı problemləri həll edənə qədər prosesi uzatsın. Bunun həll etdikdən sonra yenidən fikrini Cənubi Qafqaza yönəltsin.
Buna görə də hesab edirəm ki, əlimizə münaqişənin sülh yolu ilə həll olunması üçün əlverişli fürsət düşüb. Həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkiyə prezidenti R.T.Ərdoğan görüşdən bir neçə gün əvvəl verdikləri açıqlamalarında bildirdilər ki, Rusiya sülhməramlılarının Qarabağda olma müddəti 8 noyabr bəyannaməsində əks olunub.
Bu da onu göstərir ki, 2025-ci ilin 10 noyabrında onların missiyası başa çatır və sülhməramlılar bölgəni tərk edəcəklər. Rusiyanın bu cür yanaşma ortaya qoyması onu göstərir ki, sülh danışıqları prosesini pozulsun, bölgədə gərginliyi daha da artırılsın və bölgədə uzun müddətli qeyri-stabil vəziyyət yaransın”.
Baş nazir Nikol Paşinyanla prezident İlham Əliyev arasında baş tutan ikili görüşün detallarının açıqlanmadığını deyən S.Hümbətovun sözlərinə görə, dövlətimizin başçısının bununla bağlı geniş açıqlaması olmalıdır:
“Nikol Paşinyan hər dəfə prezident İlham Əliyevlə görüşəndə özünü itirir və əvvəlki atmosferdə ola bilmir. Belə ehtimal olunur ki, dettaları açıqlanmasa da, görüşdə müəyyən razılaşmalar əldə olunub. Erməni baş nazir əslində Azərbaycanla danışıqlara getmək istəyir. O, başa düşür ki, ölkəsinin başqa yolu qalmayıb. Ermənistan ya sülhə getməli, ya da bir dövlət kimi məhv olmalıdır.
Bu cür qeyri-stabil vəziyyətdə yaşamaq dövləti və xalqı üçün zərərlidir. Bir tərəfdən Türkiyə, digər tərəfdən də Azərbaycan sıxmağa başlayıb. O biri tərəfdən isə Rusiya başının üstünü kəsib. Paşinyan bunları bilsə də vəziyyətdən çıxış yolu axtarır.
Elə siyasət yürütməlidir ki, ona müxalif olan qüvvələr ayağa qalxmasın, həm də beynəlxalq aləmdə ona qarşı əks-cəbhə alınmasın. Problemi maksimum dərəcədə öz hakimiyyətini qorumaq və təhlükənin minimallaşdırmağa çalışır.
Əgər onu Azərbaycanla razılaşmaq üçün sərbəst buraxsalar, çox qısa müddət ərzində problemi həll edə bilər. Yəni, Azərbaycanın şərtlərini qəbul edərək, sülh danışıqları prosesini sürətləndirə bilər. Ancaq Rusiya, İran, Fransa və bölgə ilə bağlı maraqları olan qüvvələr ona imkan vermirlər”.
Rövşən Ziya, Bizim.Media