Duzdağın əsası Nuh Peyğəmbər tərəfindən qoyulub? – TARİXİ SİRLƏR

Hazırda oxunan: Duzdağın əsası Nuh Peyğəmbər tərəfindən qoyulub? – TARİXİ SİRLƏR

146080

“Duz yataqlarının işlənməsi Naxçıvanda eramızdan əvvəl, V minilliyin ikinci yarısından başlanılıb. Bu da sübut edir ki, Naxçıvan dünyanın ilk insan məskənlərindən biridir”.

Bizim.Media xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev araşdırma aparıb.

O bildirib ki, bununla bağlı faktlar Fransada, Milli Elmi Tədqiqatlar Mərkəzində saxlanılır:

“Naxçıvanın Kəngərli rayonu ərazisində olan Duzdağda 1967-ci ildə baş vermiş uçqun nəticəsində qədim (e.ə. 3-2-ci minilliklər) daşduz mədəni aşkar olunub. Burdan tapılan nümunələr dünya alimlərinin diqqətini cəlb edib. Fransa müxtəlif yollarla Sovetlərə etdikləri təkliflərdən sonra bu parçanı əldə ediblər. Fransa alimləri tədqiqatlar sonrası duz yataqlarının eramızdan əvvəl V minilliyin ikinci yarısından işləndiyini sübut etdilər.

Alimlər həmçinin müəyyən ediblər ki, duz yataqlarının aktiv işlənməsi Naxçıvanda eramızdan əvvəl 3500-cü ildən başlayıb. Fransalı alimlər bu daşduz parçasını dünyanın ilk insan məskənlərindən birində çıxarılmasını iddia ediblər. Onların araşdırmalarına görə məhz qədim sivil insanlar duzun mahiyyətini bilirdilər və ondan istifadə edirdilər”. 

Zaur Əliyev onu da qeyd edib ki, Cəhri, Şıxmahmud və Sust kəndlərinin əhalisi əsrlər boyu öz yaşayışlarını Duzdağdakı mədənlərdən duz çıxarıb satmaqla təmin ediblər:

“Yataqların qədim dövrlərdən bəri istismarı XIX əsrin əvvəllərində tərtib olunmuş mənbələrdən birində qeyd olunduğu kimi, buradakı “duz dayaqlarla möhkəmləndirilmiş enli horizontal keçidlərin” qalıqlarından da görünür.

Tarixi faktlardan məlumdur ki, 1870-ci ildə yerli duz mədənlərinin keçmiş nəzarətçisi olmuş Beyer daş çəkiclər aşkar edib. Həmin çəkiclərdən 2 ədədini Naxçıvan məktəbinə, qalanlarını isə Tbilisi və Peterburq muzeylərinə göndərib. 

Təbii ki, duzun çıxarılması üçün daş alətlər, balta və çəkiclərdən ibtidai dövrlərdə, dəmirdən istifadənin hələ insana məlum olmadığı Daş dövründə istifadə olunub.

Naxçıvan şəhər məktəbinin müfəttiş-müəllimi K.Nikitin 1882-ci ildə daha irəli gedərək iddia edir ki, Naxçıvan şəhəri ilə yanaşı, bu şəhərdən bir qədər aralıda yerləşən Duzdağın da əsası Nuh Peyğəmbər tərəfindən qoyulub. Rus tədqiqatçısı Nuh Peyğəmbərin özünün duz mədənində ilk çalışanlardan olmasını və şəhər əhalisinə duz çıxarmağı öyrətməsi ilə bağlı öz qeydlərində məlumat verib”.



QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği - bəndinə uyğun olaraq hazırlanıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin