Kənd Əhmədlinin kanalizasiya PROBLEMİ – Yayda üfunət qoxusu, qışda küçələri basan ÇİRKAB... – FOTO  

Hazırda oxunan: Kənd Əhmədlinin kanalizasiya PROBLEMİ – Yayda üfunət qoxusu, qışda küçələri basan ÇİRKAB... – FOTO  

146054

Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsinin bir neçə küçəsində, əsasən də Şahin Səmədov küçəsində kanalizasiya sistemləri bərbad vəziyyətə düşüb. Düz 4 yerdə xəttin üstü açılıb və evlərdən axan çirkab suları özünü açıq şəkildə göstərir ki, bu da iyrənc mənzərə yaradır. 

Hazırda yay fəsli olduğu üçün həmin sulardan qalxan üfunət iyindən həm nəfəs almaq, həm də həmin küçələrdən keçmək mümkünsüzə çevrilib. Payız və qış aylarında isə vəziyyət daha acınacaqlı olur.


Belə ki, yağan yağış və qardan əmələ gələn sular həmin xətlərə dolur ki, bu da çirkab sularının daşaraq ətraf küçələrə axmasına və daha bərbad vəziyyətin yaranmasına səbəb olur.  

Qəsəbə bələdiyyəsinin, icra nümayəndəliyinin və məscidin yerləşdiyi 3-cü Qəsəbə küçəsində vəziyyət daha acınacaqlıdır. Belə ki, məscidin düz yanında, qəsəbə icra nümayəndəliyinin və bələdiyyəsinin düz qarşısındakı xəttin üstü iki yerdən açılıb, evlərdən axan kanalizasiya suları açıq şəkildə görünür. Qəsəbə sakinləri dəfələrlə hər iki quruma müraciət etsələr də, heç bir nəticəsi olmayıb.


Sakinlər bir neçə dəfə də Xətai rayon icra hakimiyyətinə, Xətai rayon bələdiyyəsinə, hətta “Azərsu” ASC-nin Xətai Rayon Su-kanal İdarəsinə müraciət ediblər. Onlara bu problemin aradan qaldırılması ilə bağlı vədlər verilsə də, hələ də yerinə yetirilməyib.   
İş orasındadır ki, müraciətlərinin nəticəsiz qaldığını görən sakinlər artıq bu vəziyyətə alışıblar. Problem isə yerində qalmaqdadır. 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Bakı şəhəri, Xətai RİH-nin şöbə müdiri Pənah İmanov, problemdən xəbərdar olduqlarını diqqətə çatdırıb:  

“Problemdən yeni xəbərimiz olub. Əvvəla, bu, bizim deyil, Xətai rayon Su-Kanal İdarəsinin problemidir”. 


Kənd Əhmədlinin kanalizasiya xətlərinin çoxunun çürük olduğunu təsdiq edən şöbə müdiri qeyd edib ki, onların dəyişdirilməsinə ciddi ehtiyac var: 

“Amma buna baxmayaraq, hazırda Xətai RİH-də həmin xətlərin dəyişdirilməsi üçün layihə və smeta hazırlanır. Sakinlər tərəfindən də bizə müraciətlər olunub. Həm sakinlərin istəyini, həm də problemin ciddiliyini nəzərə alaraq, yəqin ki, yaxın vaxtlarda işə başlayacağıq.

Ancaq onu da deyim ki, problemin bir və bir neçə ay ərzində həll olunması mümkün deyil və bunun üçün müəyyən vaxt tələb olunur. Bununla belə, xətlərin təmirini havalar soyuyana və yağış mövsümü başlayana qədər tamamlamağa çalışacağıq”.


Məsələ ilə bağlı “Azərsu” ASC-nin Xətai Rayon Su-kanal İdarəsi ilə əlaqə saxladıq. Telefona cavab verən idarənin operatoru Vahid Məmmədovun danışığından belə aydın oldu ki, problemdən xəbərləri yoxdur və biz məlumat verəndən sonra xəbərdar oldu. 

Buna görə də, qurumun nümayəndəsi bizdən kanalizasiya xəttinin hansı küçələrdə xarab olduğunu soruşub və problemi qeydiyyata aldığını bildirib.  

Vahid Məmmədov onu da əlavə edib ki, bir neçə saat ərzində İdarənin qəza xidməti əraziyə gedəcək və problemin həlli üçün araşdırma aparacaq. 

Məsələ ilə bağlı bir neçə dəfə “Azərsu” ASC-nin ictimaiyyətlə əlqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlamaq istəsək də, bütün cəhdlərimiz nəticəsiz qalıb.

Mövzunu diqqətə saxlayacağıq.










Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin