Uşaqlar arasında yeni virus HƏYƏCANI – Baş pediatrdan valideynlərə ÇAĞIRIŞ

Hazırda oxunan: Uşaqlar arasında yeni virus HƏYƏCANI – Baş pediatrdan valideynlərə ÇAĞIRIŞ

145899

Son vaxtlar Azərbaycanda yüksək hərarət, halsızlıq, iştahasızlıq və boğazda iltihab əlamətləri ilə müşayiət olunan xəstəlik yayılıb. Daha çox kiçik yaşlı uşaqlarda müşahidə edilən respirator infeksiya ən azı 4-5 gün davam edir. Ağırlaşma halları ilə bağlı xəstəxanalara müraciət edənlərin olduğu da bildirilir. 

Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov bildirib ki, yay aylarında uşaqlar arasında boğazda iltihabi xəstəliklərin artımı müşahidə olunmur:
 

MÖVZU İLƏ BAĞLI:

Yeni pandemiya XƏBƏRDARLIĞI – ÜST hansı güclərin marağına XİDMƏT EDİR?


“Lakin temperatur, halsızlıq, iştahsızlıq, boğazda iltihabı olan uşaqların müayinəsi üçün valideynləri tərəfindən müraciətlər edilir. Bununla yanaşı uşaqlar arasında virus, bakterial infeksiyalar da müşahidə olunur. 

Yay aylarında uşaqlarda infeksiyalar azalır. Bu o demək deyil ki, bu kimi hal tamamilə görünməməlidir. Burada qorxulu, narahat olacaq hansısa məqam yoxdur. Valideynlərə məsləhət görərdim ki, belə hallarla rastlaşdıqda həkimə müraciət etsinlər. Həkim müayinəsi olmadan uşaqlara antibiotik qəbul etdirmək olmaz. Yalnız həkim müayinəsindən keçdikdən sonra uşaqda bakteriya olduğu təstiqlənərsə antibiotik təyin oluna bilər”. 

Erkin Rəhimov onu da əlavə edib ki, kiçik, 3 yaşa qədər uşaqlarda bu, virus mənşəli olur:

“Virus mənşəli iltihablarda uşaqlara antibiotik verilməsi məsləhət görülmür. Yüksək temperatur varsa, hərarətsalıcı dərmanlardan, bol mayedən istifadə olunması, uşağı isti geyindirməmək tövsiyə olunur”.

Qeyd edək ki, Avropa ölkələrində uşaqlar arasında yeni virus yayılıb. Belə ki, Böyük Britaniya, İspaniya, İtaliya, Fransa, Xorvatiya və İsveçdə yeni doğulmuş körpələrdə exovirus-11 (E-11) halları artıb. Bu barədə adıçəkilən ölkələrdən Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verilib.

Bildirilir ki, may ayında Fransada E-11 infeksiyası səbəbindən 7 uşaq ölüb, daha ikisinin vəziyyəti ağırdır. İyun ayından etibarən digər Avropa ölkələrində də yoluxma halları müəyyən edilib.

ÜST bununla bağlı təsirə məruz qalan ölkələri yeni yoluxma halları barədə məlumat verməyə, həkimləri isə körpələrdə bu infeksiya növündən şübhə yaranacağı təqdirdə onları enterovirus testindən keçirməyə çağırıb.
Məlumat üçün bildirək ki, “Exovirus-11” müxtəlif yoluxucu xəstəliklərə səbəb olan enteroviruslar qrupuna aiddir. Enterovirus epidemiyaları hər il baş verir. Bir qayda olaraq, xəstəlik yüngül formada davam edir, lakin yenidoğulmuşlarda ağır keçir. Körpələrdə bu, kəskin viral hepatit, sepsis, meningit və qan laxtalanmasında problemlər daxil olmaqla, multisistemli iltihab sindromuna səbəb ola bilər.

Sözügedən xəstəliyin Azərbaycanda mövcudluğuna gəlincə, pediatr Vaqif Qarayev həmin virusun hər il göründüyünü bildirib:

“Exovirus-11 enteroviruslar ailəsinə aiddir. O da mövsümidir. Bu aylarda həmin virus görünür və elə bir qorxusu yoxdur. Bəlkə də hər il müşahidə olunub. Sadəcə olaraq konkret həmin virusun olub-olmadığı yoxlanmayıb. Bu virus körpə uşaqlarda qorxuludur. Sepsis və meningit yaradır. 
Hesab edirəm ki, ÜST həmişəki kimi yenə də panika qaldırıb. Özü də bilir ki, bu, mövsümi viruslardır və epidemiya yaradacaq gücü yoxdur. O qaldı qızdırma və boğaz ağrısı ilə müşahidə olunan xəstəliyə, bu, mövsümidir. Hər il olur, bu il də var. Daha çox soyuq içkiləər və dondurma yeməklə əlaqədardır. Çiddi bir mənzərə yoxdur və narahat olmağa dəyməz”, - deyə Vaqif Qarayev qeyd edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin