Azərbaycanın xarici ticarətində 6 milyard dollarlıq müsbət saldo YARANIB 

Hazırda oxunan: Azərbaycanın xarici ticarətində 6 milyard dollarlıq müsbət saldo YARANIB 

145888

2023-cü ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 

Bizim.Media Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu dövrdə 106 ölkəyə məhsul ixrac olunub, 175 ölkədən idxal olunub. 

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2023-cü ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 19 milyard 602,3 milyon ABŞ dolları təşkil edib.  

Ticarət dövriyyəsinin 12 milyard 763,6 milyon dolları və ya 65,1 faizi ölkədən ixrac olunmuş məhsulların, 6 milyard 838,7 milyon dolları (34,9 faizini) isə idxal məhsullarının üzərinə düşüb ki,, bunun da nəticəsində 5 milyard 924,9 milyon dollarlıq müsbət saldo yaranıb.  
2022-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 8,2 faiz azalıb, real ifadədə isə 2,3 faiz artıb. İdxal real ifadədə 11,1 faiz artıb, ixrac isə 0,5 faiz azalıb. 
2023-cü ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 22,1 faiz, real ifadədə 18,3 faiz artaraq 1465,8 milyon dollar təşkil edib. 

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, ölkənin xarici ticarət dövriyyəsinin 33,1 faizi İtaliya, 15,6 faizi Türkiyə, 7,8 faizi Rusiya, 4,6 faizi Çin, 3,4 faizi Almaniya, hər biri 3,1 faiz olmaqla Hindistan və Yunanıstan, 3,0 faizi İspaniya, 2,8 faizi İsrail, 1,8 faizi Çexiya, hər biri 1,7 faiz olmaqla Gürcüstan, Türkmənistan və Rumıniya, 1,5 faizi Fransa, 1,2 faizi İrlandiya, 0,9 faizi İran, hər biri 0,8 faiz olmaqla Qazaxıstan, ABŞ və Avstriya, 10,6 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin