Mingəçevirdə iş vaxtından kənarda suda batan şəxsi xilas edən dalğıcı daxili xidmət çavuşu təltif edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, iş vaxtından kənar – məzuniyyətdə olarkən 16 fevral 2021-ci il tarixində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində boğulan şəxsi xilas etmiş Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupunun dalğıcı daxili xidmət çavuşu Dosməmmədov Dosməmməd Qəhrəman oğlu döş nişanı ilə təltif olunub.
Xidmətin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov göstərdiyi sücaətə görə Dosməmməd Dosməmmədova təşəkkür edərək onun nümunəvi addımının gənclərə örnək olduğunu bildirib.
Daha sonra D.Dosməmmədova “Fövqəladə halların nəticələrini aradan qaldıran iştirakçıya” döş nişanı və vəsiqəsi təqdim edilib.
Bizim.Media