Xarici işlər naziri Ceyhun Bayramov iyulun 8-də jurnalistlərə verdiyi açıqlamasında Tehrandakı Azərbaycan səfirliyinə hücumla bağlı istintaqın yekunlaşmaq üzrə olduğunu bildirib.
Qeyd edək ki, belə bir açıqlamanı o, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Qoşulmama Hərəkatının tədbirində iştirak etmək üçün Bakıya olan səfərindən sonra verib.
Hələ səfər öncəsi isə İran XİN-in sözçüsü səfirliyə hücumla bağlı istintaqın gedişində irəliləyiş olduğuna işarə vurmuşdu.
MÖVZU İLƏ BAĞLI:
Abdullahianı Bakıya gətirən SƏBƏB - Səfirliyimizə hücum edən terrorçu cəzalandırılacaq?
Bu isə İranın səfirliyimizə hücum edən terrorçunu cəzalandırması ehtimalını gündəmə gətirir. Görünən qədərilə, Abdullahianın Bakıda keçirdiyi görüşlər zamanı bu məsələ də müzakirə predmeti olub.
Bizim.Media-ya açıqlamasında politoloq Taleh Əliyev bildirir ki, Bakı İranın sona qədər səmimi olacağı qənaətində deyil:
“Azərbaycan xarici işlər nazirinin ölkəmizin Tehrandakı səfirliyində baş vermiş terror hadisəsilə bağlı cinayət işinin yekunlaşmaq üzrə olduğu barədə səsləndirdiyi fikir, heç şübhəsiz İran XİN rəhbərinin Bakıya son səfərində həm Azərbaycan Prezidenti, həm də Ceyhun Bayramovla görüşdə ifadə etdiyi fikirlərə söykənir.
Amma C. Bayramov bu açıqlaması ilə yanaşı, maraqlı və diqqət çəkən digər açıqlama da verib. O deyib ki, Azərbaycanın İranla münasibətləri, Tehranın ölkəmizə münasibətlərinə adekvat olacaq. Bu o deməkdir ki, Tehran tərəfinin səfirliyə hücum edənin cəzalandırılacağı ilə bağlı verdiyi məlumatlar gerçəkliyi əks etdirməyəcəksə, Bakının İran siyasəti dəyişilməz olaraq qalacaq və sonrakı mərhələlərdə cənub qonşumuzun Azərbaycana olan ikili yanaşmasına qarşı adekvat siyasi mövqeyin şahidi olacağıq.
Əsas məsələ səfirliyə hücumun arxasında dayanan qüvvələrin aşkar edilərək cəzalandırılmasıdır. İran hücumu təşkil edəndən sadəcə qurban kimi istifadə də bilər. Ölkəmiz üçün isə qurbandan daha çox, onun arxasında dayanan qüvvələrin ifşası daha vacibdir.
Fikrimcə, bu müstəvidə Bayramovun Azərbaycanın İranla münasibətləri, Tehranın ölkəmizə münasibətlərinə adekvat olacaq fikri məhz onu göstərir ki, Bakı qonşu ölkənin sona qədər səmimi olacağı qənaətində deyil”.
Rüfət Sultan, Bizim.Media