Azərbaycanın Avropaya enerji ixracı ilə bağlı MÜHÜM YENİLİKLƏR – “Bizim Barel”in başına gələnlər

Hazırda oxunan: Azərbaycanın Avropaya enerji ixracı ilə bağlı MÜHÜM YENİLİKLƏR – “Bizim Barel”in başına gələnlər

145200

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Cari ilin ikinci yarısı başladı. Qlobal enerji bazarlarında vəziyyət stabildir, baxmayaraq ki, həftə sonu neft qiymətləri artım, qaz qiymətləri isə aşağı həddə ticarət nümayiş etdirdilər. 

Qlobal bazarlar. 

Brent markalı neftin London birjasında iyməti cümə günü 78 dolları aşdı. Bu, iyunun 5-dən sonra neftin satıldığı ən bahalı qiymət göstəricisi idi. Bəs nədən 75-76 dollar ətrafında ticarət edilən neft birdən birə artıma meyllik göstərdi? Buna səbəb OPEC-də “birinci skripka” rolunda çıxış edən Səudiyyə Ərəbistanının avqus ayından etibarən könüllü şəkildə gündəlik neft hasilatını 1 milyon barel azaltması ilə bağlı ictimailəşdirdiyi məlumat olub. Neft qiymətlərini qızışdıran digər xəbər isə OPEC+ formatında bazara dəstək verən ölkələr içərisində özünün nəhəng hasilatı ilə seçilən Rusiyanın avqustdan etibarən xarici bazarlara gündəlik neft ixracını 500 min barel azaltması ilə verdiyi anons olub. 

Yəni bir tərəfdən OPEC hələ may ayından ilin ikinci yarısından neftə olan tələbatın artacağını proqnoz edir. Digər tərəfdən isə qlobal bazara çıxarılması planlaşdırılan neft həcmləri hiss ediləcək səviyyədə azaldılır. Mümkün neft qıtlığından ehtiyatlanan bazar iştirakçıları isə hərraclarda daha çox həcmlər sifariş verir və nəticədə qiymət artır. Gələn həftə əvvəli neft artımı davam edəcəkmi? Hazırkı artım əsasən bazar iştirakçılarının gələn məlumatlara emosinal münasibətlərinin təzahürü idi. Çox güman ki, gələn həftə reallığı əks etdirən ab-hava bərqərar olacaq və neft qiymətləri də buna adekvat dəyərdə satılacaq.    

Yola saldığımız həftə dünya neft bazarlarındakı vəziyyətlə bağlı iki nəhəng şirkətin rəhbərinin açıqlaması diqqət çəkdi. Britaniya-Hollandiya neft-qaz şirkəti “Shell”-in baş icraçı direktoru Vael Savan “BBC” radiostansiyasına müsahibəsində bildirib ki, neft və qaz hasilatını azaltmaq bundan sonrakı yaxın dövr üçün təhlükəli və məsuliyyətsiz olardı.

Onun sözlərinə görə, dünya hələ də “neft və qaza çox ehtiyac duyur” və bərpa olunan enerjiyə keçid sürəti hələ onları əvəz etmək üçün kifayət etmir.

Britaniyanın neft-qaz nəhəngi BP şirkətinin rəhbəri Bernard Luni isə OPEC çərçivəsində Vyanada keçirilən seminar zamanı bildirib ki, neft və qaza sərmayələri davam etdirmək lazımdır. 

BP rəhbəri qeyd edib ki, bu gün neft və qaz qlobal enerji balansının 55%-ni təşkil edir və onlara investisiya edilməsə, tələb və təklifdə disbalans yaranacaq ki, bu da qiymətlərin bahalaşmasına səbəb olacaq.

OPEC seminarında Azərbaycanın təklifləri. 

İyulun 5-6-da Avstriyanın paytaxtı Vyanada keçirilən OPEC beynəlxalq seminarında Azərbaycanın energetika naziri Pərviz Şahbazov OPEC+ üzvlərini təşkilatın və sahənin gələcəyi barədə düşünməyə çağırıb. 

Şahbazov bildirib ki, neft sektoruna sərmayə qoyuluşunun azalmasının qlobal bazara təsirləri nəzərə alınmalıdır. Bu istiqamətdə daha çox müzakirələr aparılmalıdır. Azərbaycan nazirinin sözlərinə görə, neft sektoruna investisiyaların pik nöqtəsində bu göstərici ildə 900 milyard dollar təşkil edirdisə, 2021-ci ildə 300 milyard dollara qədər azalıb.

Nazir son illərdə neft-qaz sektoruna investisiyaların azalmasını bazarda sabitlik və dayanıqlı enerji təhlükəsizliyi üçün başlıca risklərdən biri kimi qeyd edib.

O bildirib ki, bugünkü 100 trilyon dollarlıq qlobal iqtisadiyyatın istifadə etdiyi enerjinin 80 %-dən çoxu karbohidrogenlərdən asılıdır və bu asılılığa qısa müddətdə yüksək ambissiyalı siyasi qərarlarla tamamilə son qoymaq qeyri-realdır. 

Pərviz Şahbazov deyib ki, məqsəd hər hansı bir enerji növünün təşviqi deyil, bütün enerji növlərindən doğru istifadə etməklə enerji təhlükəsizliyinə, iqtisadi inkişafa və sabitliyə töhfə verməkdir: “Biz inklüziv enerji keçidini dəstəkləyirik. Lakin emissiyaların azaldılmasında mühüm rol oynayan “yaşıl enerji”nin dayanıqlığını təmin etmək, bərpa olunan enerjini dəstəkləmək, rəvan enerji keçidi üçün bizim qaza ehtiyacımız var”.

Azərbaycan-Avropa İttifaqı dialoqu. 

Vyana səfəri çərçivəsində energetika naziri Pərviz Şahbaz "Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun icrasını Aİ energetika məsələləri üzrə komissarı Kadri Simsonla görüşdə müzakirə edib. 

2022-ci il iyulun 18-də Bakıda Azərbaycanla Aİ arasında imzalanan sənəd üzrə əməkdaşlıq münasibətlərinə diqqət yetirilib, həmçinin enerji təhlükəsizliyi və enerji keçidinin uğurla həyata keçirilməsi məqsədilə müxtəlif bazar iştirakçılarının təmsil olunduğu enerji dialoqu platforması üzrə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Bundan əlavə nazir Fransanın “Total Energies” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə də görüşüb. Cənub Qaz Dəhlizinin genişləndirilməsi, həmçinin Avropa ərazisində boru kəmərləri infrastrukturunun qurulması istiqamətində cari vəziyyət nəzərdən keçirilib və proseslərin sürətləndirilməsi üçün səylərin gücləndirilməsinin vacibliyi bildirilib.

Qeyd edim ki, son iki ayda Fransanın enerji nəhəngi şirkəti ilə rəsmi Bakı arasında görüşlər intensivləşib və bu, yaxın zamanlarda “Abşeron” yatağından ilk qazın çıxması ilə əlaqədardır. Çünki bu hadisədən dərhal sonra “Abşeron” yatağının işlənməsinin növbəti mərhələsi ilə bağlı məsələlər gündəmə gələcək və buradan çıxan qazın Avropa bazarlarına çatdırılması hər iki tərəf üçün vacib məsələdir.

Bundan əlavə nazir “Total Energies” şirkəti rəhbəri ilə Azərbaycanda ümumi layihə gücü 500 MVt olan günəş və külək layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edib. 

Azərbaycanın Avropada yeni qaz layihələri. 

Albaniyanın qazlaşdırılması layihəsinin texniki-iqtisadi əsaslandırılması 2023-cü ilin sonunadək hazır olacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 7-də Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında deyib.

“Albaniyanın qazlaşdırılması layihəsi ilə bağlı işlər cədvələ uyğun gedir. Bu ilin sonunadək bizdə artıq bu layihənin texniki-iqtisadi əsaslandırılması olacaq. Bundan sonra isə ümid edirəm ki, biz dərhal investisiyalara başlayacağıq. Bu, qaz paylayıcı şəbəkəsini qurmaq üçün Albaniyaya yatırılacaq xalis Azərbaycan investisiyası olacaq”, - deyə dövlət başçısı bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycan ilə Albaniya arasında enerji sektorunda əməkdaşlıq nəinki ölkələrimiz, o cümlədən böyük sayda digər ölkələr, xüsusilə də Cənub Qaz Dəhlizin hissəsi olan TAP layihəsində iştirak edən ölkələr üçün əhəmiyyətlidir. Həmin boru kəməri Albaniyanın ərazisindən keçir və hazırda enerji təhlükəsizliyinin mənbəyidir.

Əliyev vurğulayıb ki, Azərbaycan və Avropa İttifaqının qaz təchizatı sahəsində fəal işini, eləcə də Aİ ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədini nəzərə alsaq, bütün bunlar, təbii ki, ölkələrimiz arasında sıx əməkdaşlıq üçün mühüm meyarlardır.
“Bir çox Avropa ölkələri üçün enerji təhlükəsizliyi, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilir. Həmin ölkələrin sayı artır. Avropa İttifaqı bazarına Azərbaycanın təbii qaz ixracı artır.

Həcmlər artır və onun coğrafiyası genişlənir. Bu ilin sonunadək biz Aİ-yə üzv olan daha çox sayda ölkənin Azərbaycandan təbii qazı alacağını gözləyirik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Neft gəlirlərinin azalması. 

Bu həftə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ölkənin əsas neft və qaz yataqlarından gələn gəlirləri açıqladı.

Məlumata görə, 2023-cü ilin I yarısında ARDNF “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan və “Şahdəniz” yatağından hasil edilən mənfəət nefti və qazın satışından $4 milyard 350 milyon məbləğində gəlir əldə edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 21% azdır. 

Amma ən çox azalma neft gəlirlərində qeydə alınıb. ARDNF-in AÇG blokundan hasil edilən mənfəət neftinin satışından əldə etdiyi gəlir $3 milyard 328 milyon təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,3% azalma deməkdir.

Bu dövrdə Neft Fondu “Şahdəniz” yatağından çıxarılan mənfəət qazı və kondensat satışından $1 milyard 2 milyon məbləğində gəlir (artım 58,2%) əldə edib. Fondun kondensat satışından gəlirləri $210,851 milyon (azalma 3,9%), qaz satışından gəlirləri isə $791,149 milyon (artım 1,9 dəfə) təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə Neft Fondunun AÇG blokundan və “Şahdəniz” yatağından hasil edilən mənfəət nefti və qazının satışından $11 milyard 332 milyon məbləğində gəlir əldə edib ki, bu da 2021-ci ilin göstəricisindən 65,4% çox olmuşdu.

Azərbaycan neftini hansı qiymətə satıb? 

Bu həftə SOCAR ilin birinci yarısı üzrə Azərbaycanın ixrac etdiyi neftin orta qiymətini ictimailəşdirib. 

2023-cü ilin I yarısında Azərbaycan neftinin bir barelinin orta qiyməti $82,84 təşkil edib. Bu, 2022-ci ilin yanvar-iyun aylarının göstəricisindən 24,75% azdır. 

Azalmaya səbəb qlobal bazarlarda “qara qızılın” qiymətlərinin ötən illə müqayisədə ucuzlaşmasıdır. 

Xatırladaq ki, 2022-ci ilin I yarısının yekunları üzrə Azərbaycan neftinin bir barelinin orta qiyməti $110,08 təşkil etmişdi.

Azərbaycan neftinin bir barelinin ən ucuz qiyməti 2020-ci il aprelin 21-də $15,81 səviyyəsində, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda $149,66 səviyyəsində qeydə alınıb.

Avropaya “yaşıl enerji” ixracı layihəsi. 

Azərbaycandan Qara dənizin dibi ilə Avropaya “yaşıl enerji”nin tədarükünü nəzərdə tutan elektrik verilişi xəttinin tikinti layihəsi üzrə tədqiqatın nəticələri artıq sentyabrda məlum olacaq. Bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili bəyan edib.

Gürcüstan hökumətinin saytında baş nazirin sözlərinə istinadən xəbər verilir ki, bu layihə Avropa İttifaqı, iri maliyyə institutları tərəfindən tam dəstəklənir: “Biz artıq sentyabrda tədqiqatın nəticələrinin olacağını gözləyirik və bundan sonra ikinci mərhələyə keçəcəyik”.

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” saziş imzalanıb. Saziş Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutur. Söhbət enerji ötürmə gücü 1000 MVt olan 1195 km uzunluğunda elektrik verilişi xəttinin tikintisindən gedir. İyunda bu layihəyə Bolqarıstanın qoşulmasına dair qərar qəbul olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin