Kiloqramı 4 manata idxal edilən kolbasa hansı ətdən HAZIRLANIB? – ARAŞDIRMA 

Hazırda oxunan: Kiloqramı 4 manata idxal edilən kolbasa hansı ətdən HAZIRLANIB? – ARAŞDIRMA 

144690

Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumatda bildirilib ki, bu ilin  4 ayında həcm baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 23% və ya 360 ton, məbləğ baxımından isə 19% və ya 864 min dollar çox kolbasa məhsulları idxal edilib. 

İdxalın artması özü də bir problemdir. Amma yayılan məlumatda diqqətimizi çəkən daha dəhşətli bir rəqəmdir. Bu da idxal olunan kolbasanın qiymətidir. 

Belə ki, son 4 ayda Rusiyadan gətirilən kolbasanın hər kiloqramının orta idxal qiyməti 4,1, Belarusdan gətirilən 8,16, Almaniyadan gətirilən 7, Türkiyədən gətirilən isə 7.4 manata bərabər olub. Qiymətlərin bu qədər ucuz olması xeyli təəccüb və sual doğurur. 

Görəsən, kiloqramı 4 manata idxal edilən kolbasa hansı ətdən hazırlanıb?

Nəzərə alaq ki, son vaxtlar marketlərdə kolbasa məmulatların çeşidi və satış meydançası kəskin çəkildə genişlənib. Böyük marketlərdə hətta 3-4 kolbasa satan şöbələr var. Bundan əlavə endirimlə təklif edilən kolbasalar bölməsi də var. Endirimlə təklif olunan məhsullarsa əsasən xaricdən gətirilən kolbasalardır. 

Təsadüfi deyil ki, ət məhsullarının xeyli baha olması aztəminatlı ailələri kifayət qədər ucuz kolbasa məmulatları almağa sövq edir. Kiloqramı 5-6 manata təklif olunan kolbasa və sosislərin tərkibi və keyfiyyəti isə xeyli qaranlıqdır.

Məsələ ilə bağlı Azad İstehlakçılar İB-nin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. 

O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, bir çox xarici ölkələrdən Azərbaycana kolbasa məhsulları gətirilir:

“Bizim apardığımız müşahidələr sübut edib ki, xaricdən gətirilən kolbasa məhsulları yerli istehsalla müqayisədə çox-çox aşağı keyfiyyətdədir. Xüsusən də Rusiyadan gətirilən kolbasaların mənşəyi bəlli deyil. Bu kolbasalar əsasən süni ətlərdən və ət imitasiya edən maddələrin qarışığından hazırlanır. Sadəcə istehsal prosesində vurulan dadverici maddələr və gözoxşayan markalanma istehlakçını aldadır. 

Burda başqa bir problem köhnə stereotiplərdən qurtulmamağımızdır. Bir çox insanlar hesab edirlər ki, xarici məhsullar daha keyfiyyətlidir. Ona görə də xarici kolbasalar bazarlarımıza daha çox yol tapır.Təsadüfi deyil ki, bizim marketlər də xarici kolbasaların təşviqinə daha çox yer verirlər”. 

Qida üzrə mütəxəssis Məhsəti Hüseynova isə bildirib ki, inkişaf etmiş ölkələrdə keyfiyyətli məhsulların istifadə müddətinin başa çatmasına az qalmış endirim edilir:

“Bu da normal haldır. Lakin, bizdə endirimlər daha çox keyfiyyətsiz məhsulların satışı üçün edilir. Bu sadəcə hiyləgərlik və qanun pozuntusudur. Hazırda 1 kiloqram ətin qiyməti 13-14 manatdır. Belə olan halda 400 qram kolbasa 5-6 manata təklif olunmalıdır. Amma hazırda biz bunun tam əksini görürük. 

Xaricdən gətirilən ucuz kolbasaların hazırlanmasında istehlaka yararsız heyvan əti qalıqlarından və ya xəstə heyvanların ətindən istifadə olunur. İstehlaka yararsız ətlərin tərkibinə sintetik mənşəli monosodyum-qlikonat da  əlavə edilir.Bu da “Çin duzu” kimi bildiyimiz maddədir. Bu maddələr həm ağızda dadlılıq, həm də asılılıq yaradır. Bu maddə həm də məhsulu uzun müddət xarab olmaqdan qoruyur”.

Məhsəti Hüseynova vacib bir xatırlatma da etdi:

“Unutmayaq ki, vaxtı keçmiş və aşağı keyfiyyətli kolbasalar insanlarda immun sistemini aşağı salır, bağırsaqların hərəkətliliyini azaldır. İmmun sistemi aşağı düşəndə isə müəyyən xəstəliklərə yoluxma riski artır. Yaxşı olar ki, gündəlik qidalanmada kolbasadan istifadə olunmasın. Xüsusən də 25 yaşa qədər insanlarda inkişaf prosesi getdiyi üçün kolbasa məhsullarından uzaq durmalıdırlar. Uşaqlar və yaşlılar, eləcə də xroniki xəstəliyi olan insanlar kolbasadan maksimum dərəcədə az istifadə etsələr daha yaxşı olardı”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin