Mətbuat katibləri yay tətilini harada KEÇİRƏCƏK? – Bizim SORĞU

Hazırda oxunan: Mətbuat katibləri yay tətilini harada KEÇİRƏCƏK? – Bizim SORĞU

144661

Yay fəsli gələn kimi ağıllara gələn ilk sual il boyu işləyənlərin tətili harada və necə keçirmələri olur. Sadə vətəndaşlarla yanaşı, tanınmış şəxslərin necə istirahət etdiyi, məzuniyyət günlərini necə keçirəcəkləri, yerli bölgələrə və ya xaricə üz tutacaqları cəmiyyət tərəfindən maraqla izlənir.

Tutduğu mövqedən asılı olmayaraq, hər kəs istirahət planını öz büdcəsinə uyğun qurmağa çalışır. 

Maraqlıdır, bəs dövlət qurumlarının mətbuat katibləri bu il yay tətilini harada və necə keçirməyi planlaşdırır?

Bizim.Media mövzu ilə bağlı mətbuat katibləri arasında sorğu keçirib.

Cavablardan belə məlum olub ki, işlərin çoxluğundan mətbuat katiblərimizin əksəriyyəti ya məzuniyyətə çıxmayacaq, ya da tətillərini ölkə daxilində keçirəcək. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevin sözlərinə görə yaxın vaxt üçün məzuniyyətlə bağlı raportla müraciət etməyib. Ona görə də gedəcəyi yer və harada istirahət edəcəyi ilə bağlı düşünməyib:
“Hər bir halda məzuniyyətə çıxacağım təqdirdə Bakıda olacağam. Başqa ölkədə tətil keçirməyi planlaşdırmamışam”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov ölkə daxilində dincələcək:

“Üzərimə düşən tapşırıqları vaxtında və uğurla icra edə bilsəm, avqust ayında bir neçə günlük olkə daxilində dincəlməyi düşünürəm”. 

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov da yay məzuniyyətini ölkə daxilində keçirməyi planlayıb. 

Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elvin Hacıyev yay aylarında işdə olacağını deyib. Həmçinin qeyd edib ki, Nazirliyin Media və kommunikasiya şöbəsinin müdiri Pərviz Abubəkirov da yay aylarında işdə olacaq.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamira Adilovanın sözlərinə görə ilin əvvəlindən planı iyul ayında xarici ölkələrdən birinə səfər etmək olub:
“Hazırda işlərin çoxluğundan məzuniyyətimi planlaşdırmaqda çətinlik çəkirəm. Yayın sonuna qədər əmək məzuniyyəti haqqımdan istifadə etməyi düşünürəm. Hesab edirəm ki, yerindən və məkanından asılı olmayaraq hər bir şəxs qısa müddətlik də olsa dincəlməlidir”.

Bakı Şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov ənənəvi olaraq məzuniyyət müddətində ölkə daxilində olduğunu vurğulayıb:

“Bu il də yəqin ki, ailəmlə birgə rayonlarda, evdə məzuniyyətimi keçirməyi düşünürəm. Bir illik yorğunluğu istirahət dövründə kompensasiya etmək vacibdir. Özüm də daxil olmaqla hər kəsə yaxşı istirahət arzulayıram”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat sözçüsü Vüqar Hüseynov istirahətini planlamayıb:

“Yay fəsli kənd təsərrüfatının aktiv dövrüdür, işlərimiz çox olur, o səbəbdən məzuniyyətə çıxmağı düşünmürəm”.

Mədəniyyət Nazirliyinin mətbaut katibi Aynur Kərimova da bu il yay istirahətinə və məzuniyyətinə çıxmayacaq:

“Ona görə də günəşin enerjisini maksimum toplamaq üçün istirahət günlərindən, Abşeron sahillərindən  faydalanmağa çalışacağam. Yayda pozitiv və həyatsevər qalmaq üçün bu enerjini yığmaq hökməndir. Hər kəsə məzuniyyətindən tam yararlanmağı və gözəl istirahətlər arzulayıram”.

Hazırda ezamiyyətdə olduğunu deyən Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Mətin Hüseynov yay tətilinə çıxıb-çıxmayacağını dəqiq bilmir:

“İşlərimiz var. Jurnalistlərin sorğularına cavab vermək lazımdır. Hələki tətili planlaşdırmamışam”.

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) mətbat katibi Namiq Mayılov məzuniyyətini Bakıda ailəsi və dostları ilə keçirəcək:

“Bəzi yarımçıq qalmış işlərimi tamamlamalıyam. Fürsət olsa bir neçə günlük rayonlarımızdan birinə ailəvi səfər etməyi düşünürəm”. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova, eləcə də Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva məzuniyyətlərini ölkədə keçirəcəklərini bildiriblər.  

Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov isə qeyd edib ki, yay ərzində çox böyük ehtimalla işdə olacaq:

“İstirahət etməklə bağlı planlarım yoxdur. Əgər olarsa, da ölkə daxilində istirahət etməyə üstünlük verirəm”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin