Ötən gün Azərbaycanda baş verən zəlzələdən sonra fərdi evlərə tələbatın artacağı və qiymətlərində kəskin bahalaşma olacağı barədə məlumatlar yayılıb. Belə bir hal bu ilin fevralında Türkiyədəki zəlzələdən sonra da yaşanmışdı. İstər qardaş ölkənin özündə, istərsə də elə Azərbaycanda fərdi evlərin qiymətində beş-on min manat civarında bahalaşma baş vermişdi.
Ev alqı-satqısı ilə məşğul olan “makler” və işbazların bu dəfə də fürsəti dəyərləndirəcəkləri vurğulanır.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan əmlak məsələləri üzrə ekspert Vüqar Orucun sözlərinə görə bu cür fövqəladə hadisələrin baş verməsi öncədən nəzərdə tutulmur və hər hansı bir iqtisadi prosesə, qiymətə, təkliflərə, eləcə də tələblərə yetərli təsir göstərmək imkanına malik deyil:
MÖVZU İLƏ BAĞLI:
Torpaq və həyət evi almaq istəyənlərin NƏZƏRİNƏ: Bu sənədə aldanmayın – VİDEO
“Bu cür hadisələr ajiotaj xarakterli təsir imkanlarına malikdir. Qardaş ölkədə zəlzələ və dağıntılar baş verəndən sonra Azərbaycanın daşınmaz əmlak bazarında fərdi yaşayış evlərinə çox böyük maraq yarandı.
Hətta belə bir proqnoz verildi ki, bir müddətdən sonra mənzillərin qiyməti kəskin düşəcək, fərdi evlər isə bahalaşmağa başlayacaq.
Həmin ajiotajın ömrü çox çəkmədi və bir müddətdən sonra mənzillərin qiyməti ya stabil qaldı, ya da artım müşahidə olundu. Bu, onun göstəricisidir ki, mənzil və fərdi yaşayış seçimi təkcə təhlükəsizlik deyil, həm də komfort məsələsidir. Artıq ailələr daha çox konfort şəraitdə yaşamaq seçimini ediblər”.
Bazarın təsadüfi hadisələr nəticəsində tənzimlənmədiyini vurğulayan ekspert bu məsələdə tələb və təklifin, milli valyutanın alıcılıq qabiliyyətinin, ölkənin iqtisadi gücünün və inkifaş tepminin, həmçinin ölkəyə edilən yatırımların əhəmiyyət daşıdığını qeyd edib:
“Azərbaycan hazırda özünün iqtisadi inkişafının pik səviyyəsini yaşayır. 30 ildən artıq işğal altında qalan torpaqlar azad olunduqdan sonra həm daxili, həm də xarici investorlar çox ciddi şəkildə ölkəmizlə maraqlanmağa başlayıblar. Yatırımlar edilir ki, bunlar gələcəkdə də artacaq və turizm daha da inkişaf edəcək, infrastruktur isə təkmilləşəcək.
Bütün bunlar daşınmaz əmlakın qiymətinin hər hansı bir varinatda aşağı düşəcəyinə imkan yaratmır. Zəlzələ xofu və ajiotaj keçdikdən bir müddət sonra yenə də əvvəlki qaydada yanaşmalar sağlamlaşacaq.
Sağlam yanaşma da onu ifadə edir ki, mənzil hazırda konfort yaşamaq üçün ən yaxşı variantdır. Təbii ki, Azərbaycanda ötən gün baş verən zəlzələnin fərdi yaşayış evlərinə marağı artıracağını düşünürəm.
Amma bu o demək deyil ki, mənzillərin qiyməti fərdi evlərlə müqayisədə xüsusi zərər çəkəcək və ya hər hansı bir itkiyə məruz qalacaq. Hesab edirəm ki, bu fürsətdən istifadə edən işbazlar ortaya çıxa bilər. Onlar fərdi yaşayış evlərini daha çox müştərilərə təklif edə bilərlər. Amma inanmıram ki, vətəndaşlarımız bu prosesdə aldansınlar”.
Alçina Amilqızı, Bizim.Media