Tatu hansı qorxulu xəstəliklərə yol açır? – Dermatoloqdan XƏBƏRDARLIQ

Hazırda oxunan: Tatu hansı qorxulu xəstəliklərə yol açır? – Dermatoloqdan XƏBƏRDARLIQ

144277

Bu gün gənclər arasında döyməyə (tatu) xüsusi maraq var. Demək olar ki, hər 3 gəncdən biri döymə daşıyıcısıdır. Bir zamanlar tatudan əsasən qaranlıq dünyanın insanları istifadə edirdi. Lakin, bu gün şou əhli, eləcə də 20 yaşdan yuxarı gənclik tatudan geninə-boluna istifadə edir. 

Psixoloqların fikrinə görə, bədənin müxtəlif yerlərinə tatu döydürmək sadəcə kompleksdən irəli gəlir. 

Bəzi adamlar elə düşünür ki, tatu döydürməklə daha çox diqqət çəkə və gözəl görünə bilərlər.
Lakin tatu həvəskarları bir məsələni unudurlar ki, tatunun insan səhhətinə ciddi zərərləri var. Tatu döymələri müxtəlif dəri xəstəliklərinə səbəb olur və hətta dəri xərçəngi belə yaradır. Bundan başqa hamiləlikdə qadın bədəninə döymə etdirərsə, körpənin inkişafına mənfi təsir edə və anormallığa səbəb ola bilir. Həmçinin tatu vurduran insanlarda tetanus, herpes deyilən uçuqların da yaranması mümkündür.
 

MÖVZU İLƏ BAĞLI:

Dindarların döymə etdirməsi doğrudurmu? – İlahiyyatçıdan CAVAB 


Tatunun yol açdığı dəhşətli xəstəliklərdən biri də Hepatit B və C xəstəlikləridir. Döymələr həm də allergik reaksiya yaradır.

Kimyəvi reaksiya nəticəsində limfa düyünü iltihabına səbəb olur. Bəziləri isə düşünür ki, müvəqqəti döymələr daimi döymələr kimi təhlükəli deyil. Əslində bu, yanlış düşüncədir. Müvəqqəti döymələr bir ay sonra dəridən çıxsa da allergik narahatlıqlara, ciddi infeksiyalara, hətta QİÇS kimi yoluxucu xəstəliklərin keçməsinə səbəb ola bilir.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan dermatoloq Aydın Qasımov bildirib ki, döymə zamanı istifadə edilən rəngli boyalarda müəyyən problemlər müşahidə olunur:

“Maqnit sahəsinə münasibətdə orqanizmin bioenerjisinin pozulması, müxtəlif nevroloji halların ortaya çıxması kimi hallar  yarada bilir. Epidermis qatına döymə edilərsə, bu qat mütəmadi təzələndiyi üçün döymə də itib gedir. Ancaq dermaya hopdurulan boyalar uzun müddət, hətta ömür boyu qalır. 

Burada boyaların keyfiyyət məsələsi də var. Keyfiyyətli və orqanizm üçün nisbətən zərərsiz olan boyalar da var ki, bir çox sınaqlardan keçiblər. Bir də 3-cü dərəcəli ölkələrdən gələn keyfiyyətsiz boyalar da var. 

Rəngli boyalarda müəyyən problemlər müşahidə olunur. Tatu sonrası dəri natamam olduğuna görə infeksion xəstəliklərə yoluxmalar ola bilir. Bura Hepatit B, C və digər infeksiyalar aiddir. Əsasən də rəngli tatular bu tip xəstəliklərə səbəb ola bilər. Dəri xərçənginin yaranmasında isə tatu olunan nahiyələrdə aşkarlanma mümkün olmur”.

Dermatoloq bu məsələdə peşəkarlığın da yüksək olmasını vacib sayır:

“Tatunun digər problemi peşəkarlıq məsələdir. Bu işlə məşğul olanlar çoxdur. Digər tərəfdən də tatu edərkən bir qabda olan boyadan istifadə olunur, onun müəyyən qədəri başqa bir qaba boşaldılır və dəriyə yeridilir. Burada steril qaydaların nə dərəcədə gözlənilməsi tatunu edən şəxsin peşəkarlıq səviyyəsindən, təhsil və elmindən, bu məsələ ilə bağlı nə dərəcədə bilgili olmasından asılıdır. 

Təbabətdə aseptikanı bilmədən bu sahədə fəaliyyət göstərmək olmaz. Bunların pozulması müştərinin ağır xəstəliklərə yoluxmasına gətirib çıxara bilər.

Kosmetologiyada, stomatologiyada, cərrahiyyədə bu praktika çox ciddidir. Bu gün virusların geniş yayılmasına gətirib çıxaran yollar çoxdur və bunlar nəzərə alınmalıdır. İstər manikür-pedikür, istər tatu zamanı, digər kosmetoloji prosedurlar zamanı, təəssüflər olsun ki, bu virusların keçmə ehtimalı hələ də qalır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin