Laçın şəhərinin içməli su ilə təminatı üçün görülən işlər AÇIQLANDI - FOTO

Hazırda oxunan: Laçın şəhərinin içməli su ilə təminatı üçün görülən işlər AÇIQLANDI - FOTO

143895

“Laçın şəhərinin içməli su ilə təminatı üçün aparılan tikinti işləri tamamlanmaq üzrədir”.

Bizim.Media reporta-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin işğaldan azad olunmuş ərazilər üzrə xidmət rəisi Oktay Həziyev bildirib.

Onun sözlərinə görə, Laçının içməli su təminatının yaxşılaşdırılması üçün hazırda 2 istiqamətində şəhərə su xətti çəkilir:

“Həmin su xətlərinin təbii su mənbələri Sarıbaba dağı və Xırmanlar ərazisindən götürülür ki, həmin sular hazırda öz axını ilə birbaşa şəhərə qədər gəlir. İndiki dövrdə şəhərdə aparılan bütün işlərin su ehtiyatı həmin sular vasitəsilə ödənilir”.

O.Həziyev qeyd edib ki, Laçın şəhərinin mərkəzinə gətirilən su, əsas mənbəyindən polietilen borular vasitəsilə şəhərə ötürülür:

“Bu da əlavə su itkisinin qarşısını alır. Xırmanlardan götürülən su xətti 6 km-lik məsafədən 160 diametrlik borular, Sarıbaba dağından götürülən su isə 13 km-lik məsafədən 110 diametrlik boru ilə çəkilib”.

Qurum rəsmisi deyib ki, Laçın rayon ərazisi bol sulu olduğu üçün su təminatında hər hansı problemin yaranması gözlənilmir:

“Lakin, şəhərin suya olan tələbatı təkcə dağlardan gələn sulardan deyil, həmçinin əlavə artezian quyuları vasitəsilə də ödənilməsi nəzərdə tutulub. Bu məqsədlə Həkəri çayı üzərində artezian quyuları qazılıb, nasos stansiyaları inşa edilib. Rayonun dağlıq relyefdə olduğu üçün suyun anbarlara vurulması üçün su axınını sürətləndirən nasoslarla təmin olunub.

Laçın şəhərinin su təminatının tam ödənilməsi məqsədilə Həkəri çayı sahilində 6 ədəd artezian quyusu da qazılıb. Yeni nasos stansiyaları tikilib, şəhərin mərkəzində 9 su anbarı inşa olunub.

Həmçinin anbarlara suyun vurulması üçün 426 diametrlik boru ilə yeni magistral su xəttinin çəkilməsi işləri davam edir.

Bundan əlavə, köhnə metal borular yenilərilə əvəzlənib, şəhərin dağlıq olduğu nəzərə alınaraq, evlərin su təminatını fasiləsiz təmin etmək üçün anbarlar sürətləndirici nasoslarla təmin olunub. Hazırda şəhər 24 saat su ilə təmin olunur”.

Xidmət rəisi həmçinin söyləyib ki, avqustun 1-dən yeni inşa edilən nasos stansiyasının işə salınması nəzərdə tutulub:

“Şəhərdə su kanalizasiya sistemi tamamilə yenidən qurulub. Hazırda həm Laçına köçürülən ailələr və burada fəaliyyət göstərən dövlət qurumları, şirkətlər 24 saat fasiləsiz olaraq su ilə təmin olunur”.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin