Söyüdlüdə şimal küləyi ƏSDİ – Təəssüf doğuran olayın, təəccüb doğuran PƏRDƏARXASI

Hazırda oxunan: Söyüdlüdə şimal küləyi ƏSDİ – Təəssüf doğuran olayın, təəccüb doğuran PƏRDƏARXASI

142973

Gədəbəyin Söyüdlü kəndində baş verən olaylar sıradan bir ekoaksiya deyil, xeyli öncədən planlanmış insidentdir. Bu hadisəyə təxribat demək üçün heç də dərin analiz qabiliyyətinə malik olmaq lazım deyil. Bunun üçün bir balaca ayıq olub, görüntüləri diqqətlə izləmək kifayət edir. 

Söyüdlüdəki Qızıl emalı zavodu barədə...
 

MÖVZU İLƏ BAĞLI:

Nazir: “Söyüdlüdəki monitorinqin nəticələri qısa müddətdə ictimaiyyətə açıqlanacaq” - VİDEO 


Etiraza səbəb olan qızıl emalı zavodu “Anqlo-Asia Mining” şirkətinə məxsusdur. Məlumat üçün qeyd edək ki, şirkətin sahibi Rza Vəziridir. Araşdırmalarımız nəticəsində məlum olub ki, İran vətəndaşı olmuş Vəziri 1990-cı illərin ortalarında Azərbaycana gəlib və Gədəbəydə qızıl yataqlarının işlədilməsi üçün danışıqlara başlayıb. Onun hətta ABŞ-dakı nüfuzundan istifafə edərək, Azərbaycan-Ermənistan danışıqlarına töhfə verəcəyinə söz verdiyi də bildirilir.


Və “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci ildən etibarən qızıl hasilatına başlayıb. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Əldə etdiyimiz məlumata görə, şirkətin fəaliyyətində müəyyən pozuntulara yol verilməsinə dair ciddi şübhələr var. Baxmayaraq ki, mədən, hasilat və s. bu kimi məsələlərdə xarici tərəfdaşlarla bağlanan müqavilələrdə ekoloji məsələlərdən tutmuş sosial öhdəliklərə qədər hər şey nəzərə alınır və razılaşmada öz əksini tapır. Lakin bu günə kimi istehsalçı şirkət tərəfindən həmin ərazidə hər hansı sosial və ekoloji layihənin icra edilməsinə dair məlumat yoxdur.

Ehtimal etmək olar ki, şirkət bu istiqamətdə heç bir iş görməyib. Və zaman-zaman səslənən fikirlərə rəğmən şirkət ekoloji vəziyyətin hətta auditini təşkil etməyib.

Plakatlar haradan peyda oldu?

“Aksiya”nın başladığı ilk gündən kənd sakinlərinin əlində tutduqları plakatların haradan peyda olması xeyli maraq doğurur. Çünki aksiyanın spontan hadisə kimi baş verməsinə ən böyük şübhə yaradan hal məhz həmin plakatlar idi.


Xüsusi zövq və ustalıqla hazırlanmış plakatların Gədəbəyin ucqar dağ kəndində hazırlandığı ağıla belə gəlmir. Ona görə ki, bu kəndin sakinləri öz dedikləri kimi ancaq heyvandarlıqla, əkin-biçinlə məşğul olurlar. Və hansısa heyvandarın birdən-birə belə yüksək poliqrafiya əsərlərini ortaya qoyacağı qətiyyən ağıla batmır. 

Sonradan üzə çıxan faktlar da bunu sübuta yetirdi. Dünən məlum oldu ki, həmin plakatlar Gəncə şəhərində yerləşən sexlərin birində, özü də müasir çap avadanlıqlarının köməkliyi ilə hazırlanıb.

Yəni, Söyüdlü hadisələri uzun müddətdir planlaşdırılan ssenarinin son nəticəsidir. 

Nəticəyə gedən yolu tapmaq üçün isə bir qədər uzağa, Şimala baxmaq lazımdır...

Belə ki, Söyüdlüdə baş verən son hadisələrə uzunmüddətli hazırlıq işləri aparılıb. Hazırlıq işlərini isə Rusiyada yaşayan və qızıl müəssisələrində işləyən “soydaşlarımız” həyata keçirib. Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, Rusiyada yaşayıb-işləyən Afiq Allahverdiyev və Etibar  Cabbarov son dönəmlər tez-tez Söyüdlüyə gəlib, burda yerli sakinlərlə “profilaktik iş” aparıblar. Məqsədsə o olub ki, Söyüdlü sakinlərini “ekoloji fəlakət” adıyla ayağa qalxsın, bölgədə qarışıqlıq yaransın. 


Bu məqsədlə onlar əvvəlcə kənd sakinləri arasında nüfuzlu, sosial şəbəkələrdən istifadə etməyi bacaran şəxsləri müəyyən ediblər. Bundan sonra 400 nəfərlik “Whatsap” qrupu yaradılıb.  Və mütəmadi olaraq Afiq Allahverdiyev və Etibar Cabbarov qrup üzvlərini Söyüdlüdəki “ekoloji fəlakət”i müzakirə ediblər. 

Onlara bu işdə “Anqlo-Asia Mining” şirkətində işləyən Dadaş Şirinov yardımçı olub. Belə ki, o şirkətin istehsal prosesində yol verdiyi və yaxud yol verə biləcəyi nöqsanları Afiq Allahverdiyevə və Etibar Cabbarova ötürüb.

Bu cür faktlar da aksiya təşkilatçılarına əlavə fürsət verib.  

Sonuncu dəfə Söyüdlüyə yas mərasiminə gələn Afiq Allahverdiyev və Etibar Cabbarov xüsusi hazılıq keçmiş adamlara pul paylayıb və onları ayağa qalxmağa səsləyiblər. Məqsədsə o olub ki, kəndi ayağa qaldırmaqla rayonda qarışıqlıq yaratsınlar.


Aksiyanın effektivliyi üçün sosial şəbəkədən aktiv istifadə edənlər önə çəkilib. Eləcə də, xarici maliyyə qaynaqlarına bağlı sosial media nümayəndələri qabaqcadan kəndə dəvət edilib. Beləcə, iyunun 20-də Söyüdlüdə “ekofəallar”ın etirazları başlayıb. 

Bəs, bu aksiyanın təşkilində maraqlı qüvvələr kimlərdir?

Cavab sadə və çox aydındır. Görünən qədərilə, təəssüf doğuran olayın arxasında Rusiyanın bəzi dairələri dayanır. Aksiyanın təşkilatçıları olan Afiq Allahverdiyev və Etibar Cabbarov da məhz həmin dairələrlə sıx əməkdaşlıq ediblər. 

Həmin qüvvələrin bu planı qurmasının da səbəbləri var.

Məlum olduğu kimi, 30 illik işğal dönəmində Qarabağ və Şərqi Zəngəzurda bir sıra mədənlər qanunsuz fəaliyyət göstərib.

Qanunsuz fəaliyyət nəticəsində 2020-ci ilin sonuna qədər Zod qızıl yatağından külli miqdarda xam mal daşınıb aparılıb. 10 noyabr bəyanatından sonra Rusiya tərəfi dəfələrlə cəhd edib ki, Zod mədənlərində istehsal prosesi yenidən bərpa edilsin. 


Lakin Azərbaycan bu məsələdə qəti mövqe sərgilədi və istehsalın yenidən bərpasının qarşısı alındı. Görünən qədərilə, planları puç olan bədnam güclər cavab tədbiri olaraq, Söyüdlüdə baş verən xoşagəlməz insidenti hazırlamağa başlayıblar.

Təxribat planının sonuncu halqası: Söyüdlü 

Araşdırmalarımızdan aydın olub ki, Söyüdlü təxribatlarının sifarişçiləri Rusiyada otursalar da icraçıların çoxu “sapı özümüzdən olan baltalardır”. Həm Gədəbəydə, həm də Bakıda aksiyanın daha “effektiv və qanlı-qadalı” olması üçün çalışanlar da yox deyil. Yaşlı qadınınların polisləri daş-qalaq etməsi, onları təxribata çəkməsi də sübut edir ki, məqsəd çox məkrlidir. Bununla yanaşı, yol verilən bəzi digər yanlışları da vurğulamalıyıq. 

Etiraf etməliyik ki, yerli idarəetmə strukturlarının problemə etinasız yanaşmasının da hadisələrin bu qədər böyüməsində rolu var. Eyni zamanda etiraza qarşı bəzi polis əməkdaşlarının həddən artıq güc tətbiqi də doğru deyildi ki, bunu rəsmi qurumlar da etiraf edir.

Qeyd edək ki, iyunun 20-də Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün yaradılmasına etiraz edərək, tikintiyə müdaxilə etməyə çalışıblar. 


İyunun 21-də isə Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Artıq komissiya həmin ərazidə olub və müvafiq araşdırmalar aparılıb.

Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev monitorinqin nəticələrinin qısa müddətə ictimaiyyətə açıqlanacağını bildirib.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin