Xəbər verdiyimiz kimi, son günlər bölgələrdə hökm sürən qeyri-sabit hava şəraiti dolu və leysan xarakterli yağıntılara səbəb olub.
Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, Ağdama yağan dolu yağışı rayonun bir sıra yaşayış məntəqələrində ciddi fəsadlara yol açıb.
Belə ki, fərdi təsərrüfatlara məxsus biçilməmiş taxıl zəmiləri, yonca tarlaları əkin sahəsindəcə tam yararsız hala düşüb.
Rayonun Zəngişalı, Mahruzlı, Çəmənli və Sarıcalı kəndlərində evlərin və ticarət obyektlərinin dam örtükləri deşilib, meyvə ağacları və bostan bitkiləri məhv olub. Yol kənarlarında yerləşən iri gövdəli ağacların bir qismi kökündən qoparaq aşıb.
Təsərrüfatlarına ziyan dəymiş sakinlər Fövqəladə Hallar Komissiyasının dəymiş ziyanla bağlı qeydiyyat işlərinin aparılmasını gözləyir. Dəymiş ziyanla bağlı hələlik rəsmi rəqəmlər yoxdur.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu