Şəkinin Daşüz kəndində dolu ciddi fəsadlar yaradıb. Belə ki, kənddəki 320 təsərrüfatdan ən azı 210-nun dam örtüyü yararsız vəziyyətə düşüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, təbii fəlakət nəticəsində eləcə də mal tövlələrinə, alaçıqlara, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
MÖVZU İLƏ BAĞLI:
Ağdamda dolu avtomobillərə, dam örtüklərinə və meyvə ağaclarına ziyan vurdu - VİDEO
Axşama doğru başlayan yağış qısa müddətdən dolu ilə əvəzlənib. Sakinlərin sözlərinə görə son 60-70 ildə belə bir təbii fəlakətlə qarşılaşamayıblar.
Kənd sakin Sevda Hüseynovanın sözlərinə görə, yağan dolu nəticəsində evinin damı tamamilə yararsız vəziyyətə düşüb.
Sakinlər bütün gecəni dolunun fəsadlarını aradan qaldırmaqla keçirdiklərini bildirirlər. Onların sözlərinə görə, yaxınlıqdakı meyvə bağlarını qorumaq üçün toplardan istifadə olunur ki, bu da dolunun miqyasının böyüməsinə və ciddi fəsadlara yol açır.
Kənd sakini Sevil Abdurahmanova qeyd edib ki, Daşüz çamışçılıq sovxozu pis vəziyyətdə qalıb:
“Meyvə bağlarının bəlasına keçmişik. Dünən 10 dəqiqəlik dolu düşdü, o da meyvə bağlarının bəlasına. Atdılar, bomba atdılar, nə atdılar bilmirəm. Yumurtadan yekə dolu düşdü. Bütün kəndin evləri bərbad gündədir”.
Onun sözlərinə görə, təcili tədbir görülməsə, evlər tamamilə yararsız vəziyyətə düşəcək.
Kənd ağsaqqalı, birinci qrup əlil Cəmaləddin Qədirov bildirir ki, əgər gün ərzində onlara çadır ya digər hər hansı yardım göstərilməsə, yağış evlərə daha çox ziyan vuracaq və qalan yerlər də bərbad vəziyyətə düşəcək:
“İnanın, mən o vaxtdan bu vaxta kimi belə faciə görməmişəm. Dəhşət idi. Camaatın hamısına bu zərbə dəyib. O adam yoxdur ki, evi dağılmasın. Dəmiri belə deşib o dolu, o boyda iri idi ki.... Bizim dam şiferdi, elə bil güllə-baran olunub. Bu gün axşam yağası olsa, deməli bizim kəndimizdəki bütün evlər batdı”.
Cəmaləddin kişi müvafiq təşkilatların məsələyə dərhal müdaxilə etməsini xahiş edir. Təbii fəlakətdən sonra kənd icra nümayəndəliyi hadisə barədə Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarını məlumatlandırıb.
Daşüz bələdiyyə sədri İlham Qədirovun sözlərinə görə, indiyə kimi sakinlərdən 206 nəfər təbii fəlakətdən zərər gördüyünə görə qeydiyyatdan keçib.
Kənd bələdiyyəsindən əldə etdiyimiz məlumata əsasən, fəsadlı evlərin sayı 210-u keçib. Hadisə yerinə rayon icra hakimiyyəti nəzdində Fövqəladə Hallar Komissiyasının nümayəndələri gələrək baxış keçirib. Təbii fəlakətin miqyası nəzərə alınaraq, qarşıdakı günlərdə müvafiq orqanlara müraciət olunması nəzərdə tutulur.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu