“Yerli turistlərdən çox, xaricilər gəlir” – Şəki hostellərindən FOTOREPORTAJ

Hazırda oxunan: “Yerli turistlərdən çox, xaricilər gəlir” – Şəki hostellərindən FOTOREPORTAJ

141861

Şəkidə hostel və kirayə evlərə təlabat hər gün artır.

Bu tarixi abidələr və memarlıq şəhərinə istirahətə gələn hər kəsin büdcəsinə uyğun istirahət etmək imkanı var. Sadəcə zamanında doğru seçim etmək lazımdır. 

Qədimdən də qədim Şəki…



Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yaz-yay ayları gələndə hamı səsli-küylü Bakıdan uzaqlaşıb istirahətə can atır. Bu mənada ölkəmizdə yerli və xarici turistlərin ən çox üz tutduğu məkanlardan biri Şəki sayılır. 

Xüsusən turistlər “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisinə baş çəkir. Bu ərazidə yerləşən muzey və karvansaraylar, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi - Şəki Xan Sarayı, həmçinin “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi, “Sənətkarlar evi” yerli və xarici turistlərin daha çox marağına səbəb olur.

Məsələnin bir tərəfi bəlli. Bəs gecələməyə gəlincə vəziyyət nə yerdədir?

Əməkdaşlarımız bu istiqamətdə araşdırma aparıb. 

Otellər deyil, hostellərə təlabat artıb. 

Bu işin ilk bünövrəsini qoyan, onu inkişaf etdirən qadının bir iş günü. 



İlhamə Hüseynova artıq 20 ildən çoxdur ki, turizm sektorunda fəaliyyət göstərir. Dünyanın elə ölkəsi olmaz ki, oradan qonaq qarşılamasın. Göz açdığı Kiş kəndi Böyük Qafqazın ətəklərində yerləşdiyindən bu kənd hər zaman yerli və xarici turistlərin diqqətini cəlb edib. 
İlhamə xanımın evi Kiş Alban məbədi yaxınlığında olduğundan o, əvvəllər qonaqları mürəbbəli çaya dəvət edir və yola salırdısa, sonradan onların gecələməsi üçün kirayə evlər axtarmağa başlayıb. Sonradan isə “Niyə öz xidmətimi təşkil etmirəm?”-deyə, özünə sual edib və bu istəyini reallaşdırmaqla yəni hostel təşkil etməklə Şəkidə bir ilkə imza atıb. 

O, səhər tezdən ayılan kimi əvvəlcə qonaq-qarasının yatdığı yerlərdə köməkçisi ilə səliqə-səhman yaradır. Sonra qonşu həyətdəki iaşə xidmət sahəsinə keçir. Burada tamam fərqli bir mənzərə ilə qarşılaşmaq mümkündür. Əlbəttə ki, qonaqlara milli adət-ənənəyə uyğun samovar çayı və kənd qadınlarının müxtəlif meyvələrdən hazırladığı mürəbbələr təqdim edilir. 

Həmçinin gələn qonaqlara kənd qadınlarının əl işləri nümunə kimi göstərilir və onlara təndirdə bişirilən çörəkarası nümunələrdən ikram edilir. İlhamə xanım deyir ki, kim gəlir gəlsin mütləq bu təamdan dadmalıdır. Çünki bu onun öz brendidir.

İlhamə xanım burada özü və oğlu ilə qonaqlara xidmət göstərir. O, bu illər ərzində ingiliscəsini də təkmilləşdirib və gələn qonaqlarla ünsiyyət qurmaqda heç bir çətinlik yaşamır. 

Hostel qiyməti müştərini qane edirmi?

İlhamə Hüseynovadan fərqli olaraq şəhərin mərkəzində fəaliyyət göstərən digər bir hostelə də baş çəkirik. Menecer İlkin Camallı burada qonaqların gecələməsi üçün lazımı şərait yaratdıqlarını dilə gətirir. O bildirir ki, hosteldə 13 otaq, 44 çarpayısı var. Burada bir nəfər 15 AZN, iki nəfər isə 30AZN-ə gecələyə bilər. Səhər yeməyi 6 AZN-dir. Əgər qrup şəklində gələn olursa, həmin komandaya endirim təklif olunur və səhər yeməyi həmən xərclərə daxil edilir. İlkin bəyin sözlərinə görə yaz-yay aylarında xarici qonaqları daha çox olur, nəinki yerlilər.

Kirayə evlər.

Hazırda Şəkidə 100 dən çox evin gələnlərə kirayə verildiyini deyən turizm meneceri Aqil Məsimov  qiymətlərin ev şəraiti ilə yanaşı mənzərəsinin də rol oynadığını bildirir. Belə ki, şəhər mərkəzində kirayə verilən evlərlə, dağ mənzərəli evlərin qiymətləri arasında fərq var. Menecerin sözlərinə görə yaz-yay aylarında dağətəyi, yaşıllıqları bol olan lazımı şəraitə malik evlərin qiyməti daha baha olur nəinki şəhər mərkəzində bütün infrasturuktura yaxın olanlar. 



Hazırda günlük evlərin qiyməti bir gecəsi üçün 5 AZN-dən başlayır 30 AZN-ə kimi qalxır. Dörd-beş nəfərlik ailələr üçün evlər isə 80-100 AZN arasında dəyişir.  

Hostellərin sayı 50-ni ötür.

Yerli və xarici turizm şirkətləri ilə sıx əməkdaşlıq edən Yusif Yusifov ta qədimdən Şəkinin qonaqlı-qaralı bir məkan olduğunu və son illər bu sahədə xeyli iş görüldüyünü diqqətə çatdırır.

Özünün də turizm şirkəti olan Yusif Yusifov bildirir ki, son bir neçə ildə Şəkidə 50 dən artıq hostel və motel fəaliyyətə başlayıb. 

İndi turizm sektorunda olanlar daha çox iri otellərə deyil əsasən hostel və motellərə sərmayə yatırdığını qeyd edən həmsöhbətimiz bu sırada fərdi evlərin də yer aldığını bildirir.

Pandemiyadan sonra iş adamlarının Şəkidə turizm sektoruna olduqca diqqətlə yanaşdığını, xüsusən bütün şəraiti olan hostellər eləcə də fərdi evlər aldığı ya inşa etdiyini də sözlərinə əalvə edib.     



Yeri gəlmişkən…. 

Şəkiyə gələn hər kəs onun dadlı, əsrarəngiz mətbəx nümunələrindən dadmamış getməz. Digər tərəfdən bu rayonun min-bir növ şirniyyatı da gələnlərin diqqətindən yayınmır.  

Şəki Turizm İnformasiya Mərkəzindən bildirildi ki, rayonda hostel və kirayə evlərin qiymətləri digər regionlarla demək olar eynilik təşkil edir. Sadəcə Şəkidə gəzməyə bol tarixi məkanlar, qalalar, sənətkarlıq emalatxanaları, muzeylər var. Digər tərəfdən daimi müştərisi, qonağı olan istər otel, kirayə ev və istərsə restoranlar var ki, onlara xüsusi güzəşt tətbiq olunur. 



Ən vacib və diqqəti cəlb edən məqam isə Şəkidə müştərinin cibinə girməyəcək, onu aldatmayacaq qədər öz halal çörəyini qazanan sahibkarlar yetərincədir. Sadəcə onları axtarıb, tapmaq yetər. 









Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin