TAP-ın genişləndirilməsi, Türkiyə-Avropa qaz sövdələşməsi... - “Bizim Barel”in başına gələnlər

Hazırda oxunan: TAP-ın genişləndirilməsi, Türkiyə-Avropa qaz sövdələşməsi... - “Bizim Barel”in başına gələnlər

141858

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Başa vurduğumuz həftə Abşeron yarımadası istisna olmaqla Azərbaycanın əksər yerində yağmurlu hava ilə müşayət olundu. Yayda belə hava Azərbaycan üçün göydəndüşmə bir gəlirə bənzəyir. Çünki suyun qıtlığı duyulan ölkələr üçün yay yağışının xeyrini izah etməyə gərək yoxdur. Amma dünyada hər yerdə belə ab-hava yaşanmır. Hətta mülayim havası ilə seçilən Avropada belə. Qoca qitənin qəfil qızması burada ilk olaraq enerji bazarlarında özünü büruzə verib.   

Qlobal bazarlar

Bu baxımdan yola saldığımız həftə Avropa bazarlarında qaz qiymətlərinin kəskin dəyişməsi ilə yadda qaldı. 

Beləliklə, həftə əvvəli qaz qiymətləri hərraclara 366 dollarla ticarət edilməklə başladı və gün ərzində 327 dollara qədər ucuzlaşdı. 

Qiyməti aşağı yönəldən amil rolunda Qaz İxrac edən Ölkələr Forumunun (GECF) açıqladığı hesabat oldu. Açıqlanan məlumatlara görə, Avropa İttifaqı ölkələrinin qaz istehlakı 2023-cü ilin may ayında 6% azalıb. Eyni zamanda, Aİ-na boru kəməri qazı idxalı 36% azalıb. Ümumilikdə isə, yanvar-may aylarında Aİ-da ümumi qaz istehlakı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10% azalaraq 161 milyard kubmetr təşkil edib. 

Amma iyunun 12-də hərraclar bağlanarkən qaz qiymətləri 337 dollar ətrafında bərqərar olmuşdu. Növbəti gün artıq qiymətlər 400 dollar həddini aşmağa müvəffəq oldu. İyunun 15-də isə qaza tələbatın artımı onun qiymətlərinin 554 dollar həddinin keçməsinə gətirib çıxartdı. 

Qeyd edim ki, qazın dünya bazarlarında ilk dəfə bu həddə ticarət edilməsi 2 il əvvələ - 2021-ci ilin yayına təsadüf etmişdi. O zaman qaz qiymətlərinin artımı Rusiyanın Avropa bazarına ixrac həcmlərini azaltmasından qaynaqlanırdısa, indi bunun səbəbkarı rolunda iki amil çıxış edirdi: birincisi, qaz təsərrüfatındakı profilaktiki işlərlə əlaqədar Norveçdən Avropaya ixrac həcmlərinin aşağı düşməsi və Avropaya birdən birə isti hava axınlarının gəlməsi. Təsəvvür edin ki, Avropanın şimal ölkələrində belə temperatur 25 dərəcəni aşıb, hətta Oslo kimi soyuq şəhərdə hava 28 dərəcəyədək qızıb.

Cənubda yerləşən İspaniyanın bəzi yerlərində isə temperatur 44 dərəcəyədək yüksəlib. Bu isə təbii ki, enerjiyə tələbatı artırıb. Amma sonra qaz qiymətləri 90 dollar ucuzlaşdı, çünki bəlli oldu ki, bu il Avropada qaz tədarükü o qədər çox olacaq ki, yeraltı qaz anbarlarını sentyabradək 100% doldurmaq imkanı yarana bilər. Və Avropa indi kənarda qazı saxlamaq imkanları aramağa başlayıb.  

Azərbaycan-Türkiyə əlaqələri

Bu həftə Azərbaycan paytaxtına Türkiyə və Pakistan rəhbərlərinin səfərləri baş tutdu. Bu ölkələrin bizim üçün siyasi səhnədə əhəmiyyəti məlumdur. İqtisadi əlaqələrimiz isə ildən ilə güclənir. Amma bu dəfə mənim diqqətimi çəkən amil o oldu ki, hər iki səfər zamanı ölkələrimizin əlaqələrində mavi yanacaq önə çıxdı. 

Bakı və Ankara Azərbaycandan Türkiyəyə qaz ixracının artırılması ilə bağlı razılığa gəlib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.

“Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq. Bununla paralel olaraq, Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır, buna da böyük tələbat var”, - deyə dövlət başçısı bildirib.

Xatırladım ki, Azərbaycan 2022-ci ildə Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 8,71 milyard kubmetr qaz ixrac edib. Cari ildə isə Türkiyəyə 10,2 milyard kubmetr Azərbaycan qazının ixracı planlaşdırılır.

Prezident Əliyev həmçinin əlavə edib ki, Azərbaycanla Türkiyə arasında enerji sahəsində əməkdaşlıq təbii qaz məsələsi ilə məhdudlaşmır.

“Bu gün bərpaolunan enerji növləri üzrə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Bu gün Azərbaycan və Türkiyə həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi məsələlərində fəal əməkdaşlıq edir”, - deyə İlham Əliyev qeyd edib.

Türkiyə-Avropa qaz sövdələşməsi 

Öz növbəsində, Ərdoğan bildirib ki, iki ölkə arasında enerji sahəsində istər TANAP, istərsə də TAP ilə bağlı illərdən bəri görülən işlər var.

“Bu işlərin təfərrüatlarını da nazirlərimiz öz aralarında müzakirə etdilər. Həmçinin bununla bağlı bundan sonrakı dövrdə görəcəyimiz işlər müzakirə olundu. Avropa enerji sahəsində, xüsusilə Türkiyə vasitəsilə alacağı qaz məsələsində çox narahatdır. Buna görə davamlı xahişlər edirlər.

Bu məsələ ilə əlaqədar biz üzərimizə düşən işi görürük və bundan sonra da həyata keçirməkdə davam edəcəyik”, - deyə Türkiyənin dövlət başçısı qeyd edib.

Eşitdinizmi: Ərdoğan diqqəti diplomatikcəsinə Avropanın Türkiyə üzərindən qaz alması məsələsinə çəkdi və bundan onların narahatlıq keçirmələrini də vurğuladı. Narahatçılığa bir əsas varmı? Biz tərəfdən əsla! Çünki qazımızı birbaşa Avropa ölkələrinə satmaqda maraqlıyıq və daim vurğulayırıq ki, “Avropa tərpən, çünki bizim lazımi qazımız olan an, sən bu qazı almağa hazır olmaya bilərsən”. Biz bilirik nə deyirik, çünki başımıza bir dəfə gəlib: 2018-ci ildə Şahdəniz-2-dən qaz çıxdı, Türkiyəyə getdi, amma Avropa onu qəbul etməyə hazır olmadı. Çünki Rusiya qazından alıb “xoş günlərini” yaşayırdı və mümkün riskləri o qədər də ciddi qəbul etmirdi. 

Hazırda isə rəsmi Brüsselin Ankaranın davranışlarından ehtiyat etməsi başa düşüləndir. Çünki Türkiyənin Avropa Birliyinin siyasi, iqtisadi və o cümlədən enerji təhlükəsizliyində oynadığı rol kifayət qədər artıb və rəsmi Ankara da buna adekvat “qiymətləndirmə” gözləyir. Ona görə də, məsələ heç də Putinin təklif etdiyi “qaz mərkəzi” ideyasının sayın Ərdoğan tərəfindən addım addım Qərbə doğru yönəldilməsində deyil. Bunlar üzdə olanlardır. Dərinə gedib Sizləri daha qəliz məsələlərlə yormaq istəmirəm.

Azərbaycan-Pakistan əlaqələri 

Amma Pakistan baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfərə gəlişi öncəsi Pakistan hökuməti yanında İqtisadi Koordinasiya Komitəsinin iyunun 14-də Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR ilə “Pakistan LNG Limited” şirkəti arasında maye qazın alqı-satqısına dair əvvəllər təklif edilmiş çərçivə sazişinin bağlanmasını təsdiqləməsi heş də təsadüfi deyil.

Çünki ortada Pakistanın bir neçə il müddətində maye qazla təminatında dost Azərbaycanın iştirakı məsələsi var. SOCAR özünün ticarət şirkəti vasitəsi ilə Pakistanı Qətərdən alacağı qazla təmin edəcək. 

Görürsünüzmü, Azərbaycan təkcə boru kəməri ilə Qərb bazarlarında təhcizatla kifayətlənmək fikrində deyil. O, həmçinin Şərqin mavi yanacaq bazarlarında da addımlar atmaq üçün səylər göstərir. 

İlham Əliyev Şahbaz Şəriflə mətbuat üçün birgə bəyanatla çıxış edərkən Pakistana minnətdarlığını ifadə etdi və bildirdi ki, rəsmi İslamabad 44 günlük Vətən müharibəsi zamanı da Azərbaycana güclü dəstək göstərib. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkə olub və bu addımı məhz Azərbaycan torpaqlarının işğalı səbəbinə görə atıb. “Buna görə mən minnətdaram”, deyə Azərbaycan prezidenti bəyan edib. 

Bu baxımdan hesab edirəm ki, strateji məhsulu satan onun alıcısına xüsusilə diqqət yetirir. Çünki ortada olan və yaranan münasibətlər olur. Bu, isə artıq böyük siyasətin elementləridir. Bu gün Qətər qazı üçün illərlə sonraya növbələr düzülüb, amma Qətər Əmiri rəsmi Bakı ilə olan münasibətlərinə görə onun dövlət şirkətinə həcmlər ayırmaq qərarı verə bilir. Böyük ticarətin bu kimi elementləri isə bu gün yaranmayıb, hələ dəqimlərdə iri karvan yolları üstündə gündəmdə olub.   

Neft və qazın iqtisadiyyatımıza təsirləri 

Bu günlərdə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın  kredit reytinqlərini “Sabit” proqnozla təsdiqləyib. Agentlik ölkəmizin iqtisadi vəziyyətinin stabilliyini 2023-2026-cı illər ərzində proqnoz edilən əlverişli neft qiymətləri ilə əlaqələndirib. Yəni neft hasilatı azalsa da, bazardakı yüksək qiymətlər sayəsində Azərbaycanın tədiyə balansının profisiti ikirəqəmli olacaq. Bununla yanaşı, S&P diqqəti o fakta da çəkir ki, ölkənin neft yataqları köhnəlir, hasilatda isə azalma tendensiyası müşahidə olunur və əlavə edir ki, yaxın perspektivdə neft gəlirlərinin qaz ixracı nəticəsində əldə edilən qazanclarla tam kompensasiya olunması az ehtimal edilən məsələdir. 

Amma Dövlət Neft Fondunun əhəmiyyətli likvid aktivləri bu riskləri qismən aradan qaldırmaq imkanında olacaq. 

S&P onu da qeyd etməyi özünə borc bilir ki, Azərbaycanın maliyyə göstəriciləri ortamüddətli perspektivdə gözlənildiyindən daha pis olarsa, ölkənin reytinqləri aşağı salına bilər. Bəs belə vəziyyət hansı halda yarana bilər? Bu, məsələn, neft hasilatının gözlədiyimizdən daha sürətlə azalması zamanı baş verə bilər. 

Beynəlxalq reytinq agentliyi 2023-2026-cı illərdə Azərbaycanda neft hasilatının 7%-ə qədər azalacağını proqnoz etdiyini açıqlayıb. 2010-2021-ci illərdə neft hasilatı 32% azalaraq 50,8 mln tondan 34,5 mln tona düşüb. Neft hasilatı ötən il daha 5,6% azalma nümayiş etdirib. 

“Biz neft hasilatının ortamüddətli perspektivdə azalmağa davam edəcəyini, lakin bunun bir qədər yavaş templə baş verəcəyini gözləyirik”, - deyə “S&P”nin proqnozlarında bildirilir.

S&P Azərbaycanın qaz sektorunda artım tempi ilə bağlı proqnozu isə xeyli qənaətbəxşdir. 2017-2022-ci illərdə Azərbaycanın əmtəəlik qaz hasilatı 92,5% artaraq 35 milyard kubmetrə çatıb, rəsmi planlara əsasən, 2026-cı ilə qədər hasilat daha 7% artacaq. 

Tamamilə real bir göstəricidir, çünki onun təkcə 1,5 mlrd kubmetri “Abşeron” yatağının payına düşməlidir, yerdə qalan həcmlər isə “Ümid” yatağından və AÇG-nin dərin qatlarından hasil edilə bilər.   

Agentliyin qiymətləndirməsinə görə, Aİ ölkələri Azərbaycan nefti və qazının əsas alıcılarıdır: Ümumi neft ixracının 45%-ə qədəri İtaliyanın, 25%-i digər Aİ ölkələrinin payına düşür; İtaliya, həmçinin ən iri qaz alıcısıdır. Azərbaycanın ümumi qaz ixrac həcminin 45%-i bu ölkənin payına düşür. Başqa sözlə, Azərbaycanın ötən ilin yekunlarına görə, ümumi ixracında 90,3% paya malik olan neft və qaz-ın gəlirlərinin formalaşdığı əsas bazar Avropa məkanıdır.  

TAP-ın genişləndirilməsi 

Bu həftə Trans Adriatik Boru Kəməri layihəsi üzrə icraçı direktor Luka Şipatti bildirib ki, artıq Avropaya Azərbaycan qazının tədarükünü artırmaq üçün tikinti işlərinin başlanması planlaşdırırlır. "Hazırki mərhələdə Yunanıstanın Kipoy şəhəri yaxınlığındakı mövcud kompressor stansiyasına bir əlavə kompressor aqreqatının quraşdırılması və obyektlərin modernizasiyası tələb olunur”, deyə baş icraçı direktor bəyan edib. Onun sözlərinə görə, ilkin mərhələdə Kipoyda tikinti işlərinin 2023-cü ilin ikinci yarısında başlanması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin