“Azərbaycan Dövlət Ehtiyatları Agentliyi” Publik Hüquqi Şəxsi “Elektrik mallarının satınalınması” məqsədilə aprelin 4-də başladığı tenderin nəticələrini və qalibini açıqlayıb.
Bizim.Media xəbər verir ki, maliyyə dəyəri 134.852 manat olan tenderin qalibi “Buta Supply” MMC elan olunub.
MÖVZU İLƏ BAĞLI:
“QaçqınKom”dan 1,1 milyonluq TENDER – Qalib şirkətlər haqqında MARAQLI FAKTLAR – FOTO
Tərəflər arasında yaxın vaxtlarda imzalanacaq satınalma müqaviləsinin şərtlərinə əsasən, şirkət Agentlik üçün 30 ədəd elektrik mühərriki, 200 metr kabel, 20 ədəd istilik mühafizə açarı, 350 ədəd LED projektoru, 1200 metr kabel və digər 122 adda elektrik məhsullarının satınalınmasını həyata keçirəcək.
Qeyd edək ki, şirkət 11 fevral 2019-cu il tarixdə yaradılıb. Bakı şəhəri, Xətai rayonu, Əhmədli 2-ci, ev 20 ünvanında rəsmi qeydiyyatda olan MMC-nin nizamnamə kapitalı 10 AZN-dir. Qanuni təmsilçisi isə Əliyev Çingiz Akif oğludur.
2020-ci ilin martın 3-dən başlayaraq tenderlərdə iştirak edən şirkətin qalib olduğu iriməbləğli müsabiqələrdən biri, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin ümumi məbləği 1 milyon 910 min 170 manat olan tenderidir. Həmin tenderdə qalib olan şirkət elektrik mallarının satın alınması məqsədi ilə “Azərenerji” ASC ilə 235 min 500 manatlıq satınalma müqaviləsi imzalayır.
"ASK Ayaqqabı Fabriki" MMC-nin 11 oktyabr 2021-ci il tarixində “müxtəlif elektrik mallarının satınalması” üçün keçirilən kotirovka sorğusunun qalibi "Buta Supply" MMC olub və aralarında 16 min 702 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.
2022-ci ilin dekabr ayının 28-də “Buta Supply” MMC İsmayıllı Rayon İcra Hakimiyyətinin ümumi dəyəri 250 min 292 manat olan tenderində iştirak edib və “Küçə işıqları üçün plafonların satın alınması” məqsədilə tərəflər arasında 36 min 567 manat məbləğində müqavilə imzalanıb.
Rövşən Ziya, Bizim.Media