Ölkə əhalisinin neçə faizi dərslərin sentyabrın 1-də başlamasını istəyir? – SORĞU

Hazırda oxunan: Ölkə əhalisinin neçə faizi dərslərin sentyabrın 1-də başlamasını istəyir? – SORĞU

141444

Ölkə əhalisinin 1/3-ü dərslərin sentyabrın 1-də başlamasını istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb. 

Məlumatda deyilir ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsinə xidmət edən səmərəli fəaliyyət sisteminin qurulması ilə əlaqədar bu müəssisələrdəki mövcud iş rejiminin təkmilləşdirilməsi məqsədilə Prezidentin "Azərbaycan Respublikasında "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında" 21 avqust 2004-cü il tarixli 114 nömrəli fərmanı ilə 15 sentyabr "Bilik günü" elan edilib və Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyənləşib. 

Eyni zamanda 2004/2005-ci dərs ilindən Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin I-IV siniflərində beşgünlük tədris həftəsi tətbiq edilib.

Nazirlər Kabinetinin 30 oktyabr 2014-cü il tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən də ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatmalıdır. Bu qərar 2014-2015-ci dərs ili başlandıqdan sonra qəbul olunduğundan, həmin dəyişiklik 2015-2016-cı dərs ilindən etibarən respublikanın ümumtəhsil məktəblərində tətbiq edilib. Bununla da, dərs ili ərzində tədris həftələrinin sayı artırılaraq, orta hesabla 32,8-dən 34,8 həftəyə çatdırılıb.

Əvvəllər ölkədəki iqlim şəraitinin dərslərin sentyabrın 15-də başlamasına daha münasib olması mövqeyindən çıxış edən Təhsil Nazirliyi son vaxtlar fərqli münasibət ortaya qoyur. Belə ki, Elm və təhsil naziri Emin Əmrullayev may ayında keçirdiyi brifinqdə məktəblərdə dərslərin sentyabrın 1-dən başlamasının daha məqsədəuyğun olduğunu bildirib. 

Həmçinin ümumilikdə tədris prosesinin daha uzunmüddətli olmasını nəticəlilik baxımından daha düzgün hesab edib. Dünyada tədris ilinin uzun olması bəzi ölkələrdə həm də onların inkişaf göstəricisi sayılır. Bu, kurikulumun məzmun keyfiyyətinin artırılması, tədris yükünün azaldılması ilə bağlı görülən tədbirlərdən biri hesab edilir.
Ona görə də Sosial Tədqiqatlar Mərkəzi ictimai marağı və bu mövzuda aparılan müzakirələri nəzərə alaraq rəy sorğusu keçirib. Respondentlərə “Dərs ilinin sentyabrın 15-də, yoxsa sentyabrın 1-də başlamasını istəyərdiniz?” sualı ünvanlanıb.

Sorğunun nəticələrinə əsasən respondentlərin 68,1%-i dərslərin sentyabrın 1-də, 24,7%-i isə sentyabrın 15-də başlamasının daha məqsədəuyğun olduğunu qeyd edib. Rəyi soruşulanların 7,2%-i bu mövzu ilə bağlı fikir bildirməkdə çətinlik çəkib.

Respondentlərin yaş səviyyəsinə görə məsələyə münasibətində maraqlı tendensiya müşahidə edilib. Belə ki, yaş artıqca tədris ilinin sentyabrın 1-də başlamasını dəstəkləyənlərin sayı artıb.

Yuxarı yaş qrupunu təmsil edən respondentlər (55-64 və 65+) dərslərin sentyabrın 1-də başlamasını dəstəkləyiblərsə (müvafiq olaraq 75,3% və 85,7%), aşağı yaş qrupunu (18-24) təmsil edənlər dərslərin sentyabrın 15-də başlamasını daha uyğun hesab ediblər (61.9%).

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin