"Evinizin yenidən bərpa edilməsi üçün İcra Hakimiyyəti adından sizə maddi köməklik göstəriləcək. Mənzil növbənizin sürətləndirilməsi üçün aidiyyatı nazirlik qarşısında bir daha məsələ qaldırılacaq".
Bizim.Media xəbər verir ki, bu sözləri bu gün Dərk kəndində evi yanan şəhid atası Mahir Məhərrəmovla görüşən Quba Rayon İcra başçısı Ziyəddin Əliyev deyib.
MÖVZU İLƏ BAĞLI:
Qubada şəhid atasının evi YANDI: Xəsarət alanlar var – VİDEO
Onun sözlərinə görə, ailəyə imkan daxilində evinin yenilənməsi üçün lazımi köməklik ediləcək.
Qeyd edək ki, Mahir Məhərrəmov şəhid atası kimi uzun müddətdir rayonda mənzil növbəsindədir və ailə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə ev alacaqları günü gözləyir.
Məlumat üçün bildirək ki, Qoşqar və Eldar adlı iki oğlunu Birinci Qarabağ Müharibəsində şəhid verən Mahir Məhərrəmovun 3 otaqlı evi əşyaları ilə birgə tam yanıb. Evin alt mərtəbəsində isə mal tövləsi yerləşib.
Ümumilikdə, hadisə zamanı ailənin yaşadığı evin 100 kvadratmetri, tövlənin isə 40 kvadratmetri yanıb. Yanğının hadisə yerinə gələn FHN-nin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi sayəsində genişlənməsinin qarşısı alınıb.Yanğına evin eyvanında qoyulan maye qaz balonunun alışmasının səbəb olduğu deyilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu