Şəkinin sahibsiz İT PROBLEMİ – QORXUNC STATİSTİKA 

Hazırda oxunan: Şəkinin sahibsiz İT PROBLEMİ – QORXUNC STATİSTİKA 

141247

Şimal-Qərb bölgəsinin bütün rayonlarında sahibsiz itlərlə bağlı problem yaşanır və getdikcə ciddi və qorxulu təhlükəyə çevrilir.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəkidə günün istənilən saatında insanların ən çox hərəkət etdiyi mərkəzi küçələrdə itlərin sürü halında gəzdiklərini müşahidə etmək olar. 
 

MÖVZU İLƏ BAĞLI:

Daha nə qədər “qurban” olmalıdır ki, rəsmi qurumlar sahibsiz itləri küçələrdən YIĞIŞDIRSIN?


Son zamanlar itlərin insanlara hücum faktları da artmağa başlayıb. Təkcə 2023-cü ilin yanvarından bu yana Şəkidə 370 nəfər rayon xəstəxanasına it dişləməsi ilə bağlı müraciət edib.

Mayın əvvəlində Cəlilabadda 11 yaşlı qızın it dişləməsindən ölməsi isə insanları daha çox narahat edib. 

Əksər rayonların əsas probleminə çevrilən bu məsələnin həlli ilə bağlı isə demək olar heç bir ciddi addım atılmır. Aidiyyatı qurumlar ancaq masa arxasında müzakirə etməklə kifayətlənir və heç bir fəaliyyət istiqaməti seçilmir. Problemə müdaxiləsiz keçən hər gün isə sahibsiz, ac və susuz şəhərdə dolaşan itlərin və hücumların daha da artmasına səbəb olur. 

Şəkidə sahibsiz itlər sakinlər, xüsusən də azyaşlılar üçün ciddi təhlükə mənbəyinə çevrilib. Tez-tez sahibsiz itlərin ətrafdakı insanlara hücum etməsi insanlarda təşviş yaradıb.

Çünki bu cür itlər quduzluq və digər yoluxucu xəstəliklərin daşıyıcısı ola bilər. Küçədəki canlıları sevən, onların qayğısına qalanlar da az deyil. Ancaq bu itlərin quduz olma ehtimalı insanları onlardan çəkinməyə vadar edir. 

Son zamanlar it dişləmələri ilə bağlı faktlar durmadan artsa da aidiyyatı qurumlar problemin həll olunması istiqamətində heç bir addım atmır. Rayonun baytar həkimi problemin qarşısını qismən də olsa almaq üçün müxtəlif ərazilərə aldadıcı yemlər paylanıldığını bildirir. 

Şəki Şəhər İcra Hakimiyyətindən isə şifahi olaraq bildirildi ki, bu problemin həlli istiqamətində müəyyən təkliflər hazırlanıb və aidiyyəti dövlət orqanları ilə məsləhətləşmələr aparılıb.

Ekspertlər hesab edir ki, problemin qarşısını almaq üçün tək sığınacaqların yaradılması yetərli deyil. Bunun üçün xarici ölkə təcrübəsindən yararlanmaq və məsələni kökündən həll etmək lazımdır. 

Qeyd edək ki, 2023-cü ilin cari dövrü ərzində 3223 nəfər heyvan hücumuna məruz qalıb. Bunlardan 2676-sı it dişləmələridir. Heyvan dişləməsi nəticəsində 2 quduzluq hadisəsi baş verib. Bir nəfərsə həyatını itirib.
Bax belə... 

Rəqəmlərə diqqət etsək, statistikanı bir qədər izləsək görərik ki, hər gün bölgəmizdə bir neçə fakt qeydə alınır. Hələ bunlar mətbuatın bildiyidir. Hələ neçə-neçə belə xəbərlər diqqətdən yayınır, KİV-də işıqlandırılmır. 

Problem isə hər dəqiqə, hər saat böyüməkdə, artmaqda və tüğyan etməkdədir. 

Məsələni masa arxasında həll etməyə çalışanlar isə, yəqin ki, bu problemlə qarşılaşmadıqları üçün qorxunc vəziyyəti hələ də nə anlamır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin