“Çox təəssüf edirəm, bəzən cəmiyyət bilib-bilmədən kimisə və ya nəyisə qınayır. Türklər demişkən, çox “önyarğılı” olmuşuq. O qulağına sırğa taxılan müəllimənin videosunu gördüm. Bəlkə də bu yaşınadək müəllimənin qulağına taxılan ilk qızıl sırğadır”.
Bizim.Media xəbər verir ki, bu sözləri aktyor Elcan Rəsulov bir neçə gün əvvəl ölkə gündəmini zəbt edən 1 saylı Xırdalan tam orta məktəbin 4-cü sinif müəllimi Yaqut Ağamalıyevaya valideynlər tərəfindən hədiyyə olunan qızıl sırğa ilə bağlı hadisəyə sosial şəbəkə hesabında payladışdığı postda yazıb.
MÖVZU İLƏ BAĞLI:
Xırdalanda qızıl hədiyyəyə görə iki məktəbin direktoru cəzalandırılıb - RƏSMİ
Aktyor bildirib ki, Yaqut Ağamalıyeva ssenarist və animator kimi çalışan Faiq Ağamalıyevin anasıdır. Elcanin sözlərinə görə, müəllimənin ailəsinin maddi vəziyyətləri çox aşağıdır:
“Bəlkə də, elə dörd il ərzində valideynlər heç vaxt qulağında sırğa, barmağında üzük olmayan müəllimənin bu vəziyyətini görüb, öz aralarında danışıblar ki, bu müəlliməyə bir buket gül qiymətinə qızıl sırğa alıb qulağına taxsaq, dünyanı vermiş olarıq. Bu qənaətə hardan gəlirəm deyəcəm sizə.
Əslində mən belə sirri açmağı sevmirəm, bəlkə də bu yazını görəndən sonra o özü də pis olacaq ki, kaş ki, Elcan bunu yazmazdı. Amma gəlin deyim sizə. Bayaq dostların söhbətində qulaq şahidi oldum ki, həmin müəllimə incəsənət sahəsinə yaxından tanış olan Faiq Ağamalıyevin anasıdır. Yaxın dostluq münasibətim olmasa da, Faiqi 20 ilə yaxındır tanıyıram.
Qış aylarında, yəni serial mövsümündə seriallarda ssenarist işləyir, yay da gələn kimi başını götürüb gedir bölgələrdəki istirahət mərkəzlərində animator işləyib ailəsini dolandırmağa. O qədər abırlı və tərbiyəli uşaqdır ki, ailə tərbiyəsinin ən bariz nümunələrini özündə cəmləşdirib desəm az olar.
Bəlkə də o evdə heç vaxt rüşvət sözünü eşitməyib. Bir də abırlı adam baxan kimi bilinir axı. Rüşvət girən ev də, o evdən çıxan uşaq da uzaqdan bilinir, belə şeyləri gizlətmək olmaz. Ən azından övladının altına rüşvət pulu ilə sınıq-salxaq bir maşın alıb qoyardı anası. Həqiqətən çox pis oldum. Kaş ki, mən bu söhbətə qulaq şahidi olmazdım.
Bu balaca sirləri də burada açmazdım. Bir anlıq da təsəvvür elədim, o cür abır-həya sahiblərinin belə şərə düşməsini. İnsanın ürəyi dayanar, hamıdan xəbərsiz. Bilmədən günahkar olarıq. Bir də ki, müəllimə mənim övladıma yaxşı təhsil versin, mən elə hədiyyənin ən yaxşısını ona alaram. Həm də uşağı sinifə qoyanda verilən hədiyyə rüşvət sayılar, uşaq sinifi bitirəndə verilən yox”.
Postda uşaqlıq fotosunu paylaşan Elcan həmçinin vurğulayıb ki, məktəbə gedərkən müəlliməsinə gül çələngi alıb:
“Axıra qədər oxuyanlar üçün məhz bu şəkli niyə paylaşdığımı deyim: Əlimdəki gül dəstəsini, məktəbə gedəndə müəlliməm üçün almışdım”.
Rəşad Əliyev, Bizim.Media