BİZİM TƏQVİM: 9 iyun Rəşid Behbudovun anım günüdür

Hazırda oxunan: BİZİM TƏQVİM: 9 iyun Rəşid Behbudovun anım günüdür

140449

9 iyun Azərbaycanda rəmzi olaraq “Qayıdış Günü” kimi qeyd edilir. 1993-cü ilin bu günündə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan xalqının təkidli tələbi ilə Bakıya gəlib.

Binə hava limanında Heydər Əliyevi geniş xalq kütləsi qarşılayıb. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin (parlamentinin) sədri seçilməklə ikinci dəfə siyasi hakimiyyətə gəlib.

Bəs, iyunun 9-da dünyada daha hansı hadisələr baş verib?

1. Miladi təqvimilə 68-ci il 9 iyun tarixində hərbi çevrilişlə devrilən Roma imperatoru Neron edam olunmamaq üçün intihar etdi.

2. 9 iyun 1488-ci ildə Şahdağ ətəyində Şirvanşahların birləşmiş qüvvələri ilə Qızılbaş (Səfəvi) qoşunları arasında döyüş olub. Döyüşdə Şirvanşahların qoşunları qalib gəlib, Qızılbaşların rəhbəri Şeyx Heydər həlak olub. Bir neçə ildən sonra onun oğlu İsmayıl taxta çıxdı və qüdrətli Azərbaycan Səfəvi dövlətinin əsasını qoydu.

3. Osmanlı sultanı I Əhmədin tapşırığı ilə memar Sedefkar Mehmet Ağa tərəfindən tikilən və inşası 7 il sürən Sultan Əhməd 1617-ci il iyunun 9-dan ibadətə açıldı.

4. ABŞ Prezidenti Consonun Türkiyənin Qıbrıza – şimali Kiprə hərbi müdaxiləsində NATO silahlarını istifadə edə bilməyəcəyinə dair məktubuna dövrün baş naziri İsmət İnönü 1964-cü ilin 9 iyun tarixində rəsmi cavabını göndərdi.

Cavab məktubunda Türkiyənin Kiprə hərbi əməliyyat qərarının təxirə salındığı bildirilirdi. Daha sonra bir Amerika jurnalına müsahibəsində İsmət İnönü "Yeni şərtlərdə yeni bir dünya qurular və Türkiyə də bu dünyada öz yerini tutar" sözləriylə Qıbrız türklərinin haqqlarından vaz keçilməyəcəyini vurğuladı.

5. 1977-ci il 9 iyunda Türkiyənin Vatikandakı səfiri Taha Carım Romada uğradığı silahlı hücum nəticəsində həyatını itirdi. Hücumu "Erməni Soyqırımı" və "Erməni Jenosit” təşkilatları boyunlarına götürdülər. Düz 4 il sonra eyni gündə bu dəfə Türkiyənin Cenevrədəki Baş Konsulluğunun işçisi Mehmet Savaş Yergüz erməni terror təşkilatı ASALA tərəfindən öldürüldü.
6. 9 iyun 1992-ci ildə Azərbaycan Pakistan İslam Respublikası və Türkmənistanla diplomatik münasibətlər qurub.

7. 2011-ci ilin bu günündə Serbiyanın Novi Sad şəhərində Üzeyir Hacıbəylinin büstü açılıb. Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç mərasimdə iştirak ediblər.

9 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Rusiya tarixində əvəzsiz rol oynayan Birinci Pyotr 1672-ci ilin bu günü anadan olub. (1672-1725)

2. Müasir ingilis ədəbiyyatının böyük yazıçısı Çarlz Dikkens 1870-ci ilin 9 iyununda 58 yaşında dünyasını dəyişib.

3. Azərbaycanın tanınmış kimyaçılarından olan Əlihüseyn Quliyev 1929-cu ilin bu günü anadan olub.

4. 9 iyun dünyaşöhrətli Azərbaycan müğənnisi, SSRİ Xalq artisti Rəşid Behbudovun xatirə günüdür. Zəngin çalarlı, lirik tenor səsə malik müğənni Azərbaycan vokal məktəbinin görkəmli nümayəndələrindən biridir.   Azərbaycan xalq və bəstəkar mahnılarının dünya ölkələrində populyarlaşmasında Rəşid Behbudovun böyük xidmətləri olub. (1915-1989)

5. Tarzən, Xalq artisti Vamiq Məmmədəliyev 9 iyun 1946-cı ildə anadan olub.

6. Azərbaycanın Milli Qəhrəmanı Vüqar Mürsəlov 1992-ci ilin bu günündə şəhidlik zirvəsinə ucalıb.

7. Azərbaycan kinorejissoru, aktyor, Xalq artisti Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin