Məlum olduğu kimi, bu gün saytımızda Lənkəranda dayanacağın ticarət köşkünə çevrilməsi ilə bağlı yazı dərc olunub.
Belə ki, şəhər sakinləri redaksiyamıza müraciət edərək bildirmişdilər ki, şəhərin bəzi ünvanlarında, o cümlədən Həzi Aslanov küçəsində köhnə avtodayanacaqlar sökülərək yerində ticarət köşkləri tikilir.
Mövzu ilə bağlı Lənkəran İcra Hakimiyyətindən Bizim.Media-ya rəsmi açıqlama verilib.
MÖVZU İLƏ BAĞLI:
Lənkəranda dayanacaqları ticarət köşklərinə kim çevirir? – RƏSMİ AÇIQLAMA - FOTOFAKT
Açıqlamada qeyd olunub ki, Həzi Aslanov küçəsindəki sovet dönəmindən qalan köhnə, yöndəmsiz, ətrafı açıq olan dayanacaq yenisi ilə əvəzlənib:
“Qeyd edək ki, havanın küləkli və yağışlı vaxtlarında köhnə dayanacaq sakinlərimizin rahatlığı üçün əlverişsiz olduğu və eləcə də vətəndaşlarımızın bu barədə müraciətləri nəzərə alınaraq daha müasiri ilə dəyişdirilib.
Yerli sahibkarın dəstəyi ilə quraşdırılan və müasir standartlara cavab verən yeni dayanacaq istər estetik görünüşü, istərsə keyfiyyəti, istərsə də rahatlığı baxımından sakinlərimizin ürəyincədir.
Bütün iqlim şəraitlərində sakinlərimizin dayanacaqdan rahat istifadəsi üçün zəruri şərait yaradılıb. Yeni dayanacaq daha da genişləndirilmiş və ona bitişik ərazidə ətrafdakı parklarda sakinlərin skuterdən istifadəsi üçün xidmət sahəsi yaradılıb”.
Surxay Atakişiyev, Bizim.Media