Qızılın qiyməti BAHALAŞACAQ?

Hazırda oxunan: Qızılın qiyməti BAHALAŞACAQ?

139952

Əvvəlki illərin təcrübəsinə əsasən deyə bilərik ki, toy mövsümünün başlaması birmənalı olaraq qızılın qiymətinə də təsirsiz ötüşmür. Digər tərəfdən, bu il dünya bazarlarında qızılın qiymətində də dəyişikliklər müşahidə olunur.

Bəs, ölkəmizdə qızılın qiymətində artım gözlənilirmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, qızılın qiyməti dünya bazarına uyğun olaraq müəyyənləşdirilsə də inflyasiya ilə bağlı olaraq müəyyən qədər qiymət artımı qaçılmazdır:
 

MÖVZU İLƏ BAĞLI:

Alıcılara XƏBƏRDARLIQ: “Bazarda kifayət qədər saxta qızıl var”


“Azərbaycanda qızılın qiyməti toy mövsümündən müəyyən dərəcədə aslı olsa da daha çox dünya bazarındakı qızılın qiymətindən asılıdır. Son zamanlarda qızılın qiymətində stabillik müşahidə edilir. Qızılın bir unsiyası 1950-2000 dollar arasında dəyişir.

Yəni, ciddi bahalaşma görünmür. Ona görə də böyük bir qiymət artımının olması gözlənilən deyil. Təbii ki, müəyyən qiymət artımı olacaq, çünki ümumi inflyasiya var, ölkədə hər şeyin qiyməti qalxır”.

Natiq Cəfərli qeyd edib ki, bəzən satıcılar özləri də süni qiymət artımına yol verirlər. Bu da alıcı itkisinə səbəb olur:

“Qızıl satanlar da, təbii olaraq, inflyasiya ilə ayaqlaşmaq üçün öz malının qiymətini artırmağa çalışırlar. Ancaq kəskin qiymət artımının olacağını düşünmürəm. Çünki Azərbaycanda alıcılıq qabiliyyəti anlayışı da var. Yəni, satıcılar qiyməti çox qaldırsalar, alıcı tapa bilməyəcəklər. Ona görə ki, alıcılıq qabiliyyəti Azərbaycanda o qədər də yüksək səviyyədə deyil”

İqtisadçı ekspert Eldəniz Əmirov isə bildirib ki, qızılın qiymətində müəyyən qədər artım olsa da, bu müvəqqətidir:

“Qızılın qiymətinə daha çox təsir edən qlobal iqtisadiyyatda baş verənlərdir. Birmənalı olaraq, bu faktor daha çox rol oynayır. Digər daxili faktorlar da var ki , bu da ölkədən-ölkəyə dəyişir. Azərbaycanda da qızıl qiymətinə təsir göstərən daxili faktorlardan biri məhz toy mövsümüdür. Qızıla olan tələbat mövsümü faktor olaraq artır. Bu da qızıl qiymətinə bir az təsir göstərir. Ümumilikdə isə, qızıl bazarında hər hansı ciddi qiymət artımı gözlənilmir”.

Röyanə Oğuz, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin