Uşaqlar təkcə dünyanın bəzəyi deyil, həm də sivilizasiyanın gələcəyidir. Ona görə də hər bir uşağın sağlam böyüməsi son nəticədə cəmiyyətin qazancıdır. Doğulan körpənin sağlam böyüməsi üçün isə ilkin əsas ana südüdür. Ana südü təkcə körpənin qida tələbatını ödəmir. həm də onun sağlam böyüməsinə təminat yaradır.
Lakin, son illər körpələrin çoxu təbii ana südündən məhrum olub. Həkimlərin rəyinə görə ana südündən məhrum olan uşaqlar bir çox xəstəliklərə qarşı müqavimətsiz olurlar. Hətta gələcəkdə üzə çıxan bir sıra qorxulu xəstəlikləri körpə ikən qazanırlar.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan tanınmış pediatr Vaqif Qarayev bildirib ki, dünyaya gələn hər bir körpə hökmən ana südü ilə qidalanmalıdır:
MÖVZU İLƏ BAĞLI:
Analara körpəsinə süd verməyi kim qadağan edir? - Doğum evlərində SÜNİ QİDA TƏLƏSİ
“Çünki, körpə üçün ən faydalı qida ana südüdür. Təbabətdə “ağız südü” deyilən bir şey var. Yəni körpə dünyaya gəldiyi 3 gün ərzində hökmən ana südü qəbul etməlidir. Çünki, həmin südün tərkibində körpənin immun sisteminə güclənməsinə və mədə-bağırsaq sisteminin normal işləməsinə təminat verən inqridientlər var.
Uşaqların 1 yaşınadək ana südü qəbul etməsi çox yaxşıdır. Ən pis halda uşaq 6 aylığına qədər ana südü qəbul etməlidir. Çünki, xəstəliklərə qarşı müqavimətin artırılmasına ana südünü əvəz edəcək heç bir qida yoxdur. Eləcə də mədə-bağırsaq sisteminin normal işləməsində də ana südünün rolu əvəzsizdir”.
Vaqif Qarayev təəssüflə bildirib ki, bir çox analar doğuşdan həmən sonra körpəsi üçün süni qida axtarır:
“Buna görə biz həkimlərdən də məsləhət almaq istəyənlər də olur. Elə analardan soruşanda ki, “südün var?”, deyir ki, “var, amma hamı süni qida verir deyə, mən də vermək istəyirəm”. Bəzən həkimlər də gənc analara süni qida ilə bağlı məsləhətlər verir. Lakin, bir həkim kimi mən belə halları qəbul etmirəm.
Çünki, ana südünü əvəz edəcək heç bir süni qida hələ kəşf olunmayıb. Baxmayaraq ki, süni qida qablarının üzərində reklam xatirinə çox gözəl sözlər yazılır. Amma hamısı yalandır. Ana südü vacibdir və əvəzsizdir”.
Surxay Atakişiyev, Bizim.Media