Sənədsiz evlərlə bağlı MÜHÜM AÇIQLAMA – “Bu ilin sonuna qədər...”

Hazırda oxunan: Sənədsiz evlərlə bağlı MÜHÜM AÇIQLAMA – “Bu ilin sonuna qədər...”

138860

"Bu gün Bakı ətrafı kəndlərdə mövcud olan fərdi yaşayış evlərinin çoxuna "kupça" deyilən sənədin verilməsi mümkün deyil. Həmin evlər tikilərkən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda tələb olunan prossedurlara əməl edilməyib və məlumatlandırma icraatı qaydaları pozulub. Bir sözlə, onların böyük əksəriyyətinin torpaq sənədi, ərazi üzrə fəaliyyət göstərən müvafiq icra orqanı tərəfindən eskiz layihəsi və digər zəruri sənədləri yoxdur".

Bu sözləri Bizim.Media-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib.

Onun sözlərinə görə, bu gün dövlət həmin evlərin sənədləşdirilməsi istiqamətində müxtəlif müzakirələr aparır və vəziyyətdən çıxış yolu axtarır.

R.Osmanlı bir neçə il əvvəl Prezident İlham Əliyevin "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişikliklər edilməsi barədə fərmanını da xatırladıb:

"Sonuncu dəyişiklikdə isə göstərilir ki, əgər vətəndaşın aldığı torpaq sahəsi yaşayış təyinatlıdırsa və yeni qəbul olunmuş Tikinti və Şəhərsalma Məcəlləsinə qədər tikilibsə, yalnız torpaq haqqında çıxarışla qeydiyyata alınması mümkündür. Yəni, ev sahibi bələdiyyədən, yaxud müvafiq icra orqanından torpaq haqqında çıxarış ala və evini qeydiyyata sala bilər. 

Bir müddət əvvəl Milli Məclisdə 40 minə yaxın qeyri-yaşayış sahəsinin sənədləşdirilməsi ilə bağlı məsələ müzakirəyə çıxarıldı və müvafiq qərar qəbul olundu. Əldə etdiyimiz məlumatlara görə, cari ilin sonunadək fərdi yaşayış evlərinin sənədləşdirilməsi istiqamətində müvafiq qərar qəbul olunacaq". 

Onu sözlərinə görə, fərdi yaşayış evlərinin çoxu dövlət və kənd təsərrüfatı əhəmiyyətli torpaq sahələrinin üzərində tikilib:

"Hətta ayrı-ayrı dövlət orqanlarının mülkiyyətində olan torpaq sahələrində də yaşayış sahələrinin salınması ilə bağlı kifayət qədər faktlar var. Bunlar da bu günə qədər həmin evlərin sənədləşdirilməsinə mane olub və ciddi problemlər yaradıb. Hazırda bu istiqamətdə də dövlət qurumları arasında müzakirələr aparılır. 

Ortada olan ilkin mövqe belədir ki, dövlət tərəfindən istismar olunmayan sahələrdə tikilən yaşayış evlərinə sənədlərin verilməsi təmin edilsin. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində tikilən evlərin taleyinə gəlincə, bu barədə də müvafiq qərar qəbul oluna bilər. Əgər belə olarsa, o zaman həmin torpaqların təyinatının dəyişdirilməsi və yaşayış təyinatlı olması mümkün olacaq. 

Əslində, bu, elə də ciddi problem deyil. Ona görə ki, həmin torpaqlar müxtəlif sahələrə bölünüb.

Belə ki, 1 hektar sahədə kənd təsərrüfatı əhəmiyyətli bir müəssisə yaratmaq olar. Amma həmin sahə sotlara bölünərək əhaliyə satılıbsa, artıq heç bir məqsəd üçün istifadə etmək olmaz. Belə torpaqların əksəriyyəti Abşeron rayonu, bir çoxu isə Bakı şəhərinə yaxın ərazilərdə yerləşir.

Onların kənd təsərrüfatı məqsədilə istifadəsi həm məntiqi, həm də hüquqi baxımdan məqsədəuyğun deyil".

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin