Prezident Laçında “Qorçu” yarımstansiyasının açılışında iştirak edib - FOTO

Hazırda oxunan: Prezident Laçında “Qorçu” yarımstansiyasının açılışında iştirak edib - FOTO

138320

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonuna səfərə gəlib. 

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Qorçu” yarımstansiyasının açılışında iştirak edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İlham Əliyev Laçın rayonuna səfər edib - FOTO


“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi. 

Bildirildi ki, Laçın rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün rayonun Qorçu kəndində 2021-ci ildə istismara verilən “Kəlbəcər” yarımstansiyasından 42 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq yüksəkgərginlikli ötürmə xətti çəkilib.

Bəzi yerlərdə 2200 metr yüksəklikdən, dağlıq, sıldırım qayalıq, çaylaq, sıx meşəlik və ən əsası yolsuzluq şəraitində çəkilən ötürmə xətti boyunca hər birinin çəkisi orta hesabla 10 ton, hündürlüyü 40 metr olan 250-yə qədər anker və aralıq dayaq basdırılıb. 110 kilovoltluq xəttin üzərindəki ildırımötürücü funksiyalı fiberoptik kabellə internet xətti çəkilib ki, bu da enerjisistemin idarə edilməsində siqnalların etibarlı şəkildə ötürülməsi və məsafədən rəqəmsal idarəetmə üçün vacib elementdir. 

Qeyd edildi ki, paralel olaraq Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1800 metr yüksəklikdə 110/35/10 kilovoltluq müasir texnologiyalı yarımstansiya tikilib. Burada perspektiv inkişaf nəzərə alınmaqla 110 kilovoltluq açıq paylayıcı qurğu yaradılıb və Rəqəmsal İdarəetmə Mərkəzi inşa edilib.
Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə qoşulmaqla tam avtomatlaşdırılıb, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğularla əlaqələndirilib. Müasir avadanlıqlarla təchiz edilərək tikilən yeni yarımstansiyada hər birinin gücü 25 MVA olan iki yeni transformator quraşdırılıb. Gələcəkdə ehtiyac yaranarsa, yarımstansiyanın transformatorlarının gücünü artırmaq mümkün olacaq. 

Məlumat verildi ki, xüsusi razılaşdırılmış layihə əsasında müasir üslubda inşa edilən yarımstansiyanın idarəetmə binasında bütün parametrlər nəzərə alınıb.

Sistem əhəmiyyətli “Qorçu” yarımstansiyanın ərazisində işçilər üçün yataqxana binası tikilib, lazımi şərait yaradılıb. Burada işləyən və qalmaq yeri ilə təmin edilən əməkdaşlar məhz laçınlılardır. 

“Qorçu” yarımstansiyası yaxınlığında tikilən beynəlxalq hava limanının, Laçın və Kəlbəcərdəki meqalayihələrin, o cümlədən yaşayış massivlərinin, turizm və kənd təsərrüfatı infrastrukturunun enerji təchizatında xüsusi rol oynayacaq.

Yaxın perspektivdə “Qorçu” yarımstansiyasından “Laçın” şəhər yarımstansiyasına 110 kV-luq ikidövrəli ötürmə xətti çəkiləcək və bununla da işğaldan azad edilən ərazilərin dairəvi elektrik təchizatı tamamlanmış olacaq. 
Qeyd edək ki, “AzərEnerji” ASC tərəfindən bu günədək Qarabağda və Şərqi Zəngəzurda bir yerdə 330 kV-luq, 11 yerdə 110 kV-luq olmaqla 12 yarımstansiya tikilib, 700 kilometrə yaxın yüksəkgərginlikli ötürmə xətti çəkilib. Beləliklə, işğaldan azad olunan bütün rayonlar elektrik enerjisi ilə təmin edilib. 












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin