Son günlərdə Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair aprelində 19-da qəbul etdiyi qərarında əks olunan hüquqi mövqelər cəmiyyətdə fərqli fikirlərin formalaşmasına səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin Mətbuat Xidməti məlumat yayıb.
"Bununla bağlı ilk növbədə qeyd etmək istəyirik ki, Bakı Apellyasiya Məhkəməsinin Konstitusiya Məhkəməsinə ünvanlanmış müraciətində qaldırılan məsələ əsas borcluya, borclu öldüyü təqdirdə isə onun vərəsələrinə qarşı tələb irəli sürülmədən ipoteka qoyana qarşı (əsas borclu və ipoteka qoyan fərqli şəxslər olduğu halda) ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qaldırılan iddiaların təmin edilib-edilməməsi ilə bağlı olub", - məlumatda qeyd edilib.
Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi qərarda göstərib ki, “İpoteka haqqında” qanunun 48-ci maddəsində borclunun ölümü ipoteka müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından borclunun ölümü ipoteka müqaviləsinə münasibətdə hər hansı hüquqi nəticəyə səbəb olmur. Yəni borclu öldüyü halda da ipoteka müqaviləsi üzrə öhdəlik davam edir.
Qərarda o da qeyd olunub ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr miras qoyanın vəzifələrini (öhdəliklərini) də qəbul etmiş olurlar.
Sonda Konstitusiya Məhkəməsinin Plenumu qanunvericiliyin müvafiq normalarını nəzərə alaraq belə nəticəyə gəlib ki, əsas öhdəlik üzrə borclu (məsələn, kredit müqaviləsi üzrə borclu), o cümlədən sonuncunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.
Yəni öhdəlik pozulduğu halda əsas borcluya və ya vərəsələrə qarşı iddia qaldırmadan qanunvericiliklə müəyyən olunmuş qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi barədə tələb mümkün hesab edilib.
Nəzərə alınmalıdır ki, ipoteka hüququ kifayət qədər geniş anlayış olmaqla qanunvericiliklə nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
Müraciətdə şərh edilməsi xahiş olunan məsələ məhz İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə və ya digər şəkildə alınmış ipoteka krediti ilə əlaqəli olmamaqla ümumiyyətlə hüquqi kateqoriya kimi öhdəliklərin icrasının təmini üsulu olaraq ipoteka (girov) institutu ilə bağlıdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:03 / 26.05.2023
Konstitusiya Məhkəməsi ipoteka krediti ilə bağlı qərarını şərh edib
Hazırda oxunan: Konstitusiya Məhkəməsi ipoteka krediti ilə bağlı qərarını şərh edib
Hazırda oxunan: Konstitusiya Məhkəməsi ipoteka krediti ilə bağlı qərarını şərh edib
138185
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.