“Prius”ların yollarda yaratdığı XAOS – Problem nə zaman həllini tapacaq? – VİDEO 

Hazırda oxunan: “Prius”ların yollarda yaratdığı XAOS – Problem nə zaman həllini tapacaq? – VİDEO 

137960

Paytaxtda sərnişindaşıma xidməti ilə məşğul olan əcnəbi taksi şirkətləri ilə bağlı şikayətlər çoxalıb. Problemlər əsasən icarədə olan taksilərin tez-tez qəza törətmələri, maşınların nasazlığı, sürücülərin davranışları, nağdsız ödənişlər zamanı narazılıq etmələri, kardan ödəməyə imtina, artıq gözlədikləri üçün sərnişindən əlavə pul tələb etmələri, ünvandan xeyli uzaqda saxlamaları və ya yolları tanımadıqları üçün səhv ünvana getmələri ilə əlaqədardır. 

Bununla bağlı Bizim.Media-ya da dəfələrlə sərnişin müraciətləri daxil olub.

Şikayətlərdə "Bolt" və "Uber" taksi şirkətlərinin Azərbaycan qanunlarından kənar xidməti, sürücülərinin xanım sərnişinlərlə qeyri-etik davranışları, avtomobili necə gəldi idarə edərək, qəza şəraiti yaratmaları, sərnişinlərin təhlükəsizliyini təmin etməmələri, eləcə də narkotik vasitələrin təsiri altında fəaliyyətləri də qeyd olunur. 

Məsələ burasındadır ki, bazarda xüsusi yer tutan iki şirkətin nə əlaqə nömrəsi, nə ictimaiyyətlə əlaqələr şöbəsi, nə də problemlərini demək üçün məsuliyyətli şəxsləri var.

Ekspertlər hesab edir ki, bu şirkətlərin fəaliyyəti məhdudlaşdırılmalı, ya da dövlətin qoyduğu şərtlər daxilində fəaliyyət göstərməlidirlər. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, çox təəssüflər olsun ki, taksi fəaliyyətində bu cür qüsurlar və nöqsanlar qalmaqdadır:

“Ancaq bununla bağlı prezident İlham Əliyev tərəfindən ötən ilin əvvəlində imzalanmış fərman artıq icra edilir. Bakı şəhərində taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı həmin fərmanda vacib məqamlara toxunulub və aidiyyəti qurumlara tapşırıqlar verilib. 

Bu yaxınlarda Rəqəmsal, İnkişaf və Nəqliyyat Nazirliyi taksi şirktlərini, operator xidmətlərini görüşə dəvət edib və onlara ciddi tapşırıqlar verib. Tapşırıqların əsas hədəfi sürücülərin fərqlənmə nişanı olmadan xidmətə cəlb edilməsi ilə bağlı nöqsanlar göstərilib. Eyni zamanda fərqlənmə nişanı olmadan fəaliyyətin qanunsuz olduğu diqqətə çatdırılıb. 
Taksinin rəngi, avtomobilin texniki sazlığı, vəziyyəti ilə bağlı məlumat verilib. Eləcə də qanunvericiliyin tələbləri onların diqqətinə çatdırılıb. Onlara müəyyən müddət verilib və bu müddət ərzində onlar işlərini qanun, qaydalara uyğun qurmalı, nizama salmalıdırlar.

Əks təqdirdə çox ciddi tədbirlər görüləcək. Artıq bununla bağlı hazırlıq işləri gedir. Yaxın zamanlarda biz bu sahədə müəyyən addımların atıldığının şahidi olacağıq”.

Ekspert deyib ki, cəmiyyətin böyük bir hissəsi bu sahədən narazılıq edir:

“Bu, bir xidmət sahəsi olduğu üçün qayda-qanunun bərpa olunması tələb olunur. Hər bir insanın da ürəyincədir ki, hər bir xidmət sahəsi normal fəaliyyət göstərsin. Yəqin ki, bu istiqamətdə atılacaq addımlar vəziyyətə təsir göstərəcək. Onu da deyim ki, bu məsələdə hazırda hər hansı şirkətin sıradan çıxarılmasından söhbət getmir. Sadəcə nöqsanların aradan qaldırılması ilə bağlı onlara tapşırıq verilib”.
Məlumat üçün bildirək ki, bu gün xanım sərnişinlərlə qeyri-etik formada davranan, əxlaqsız təkliflər edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan “Uber” və “Bolt” şirkətlərinin 69 sürücüsü məsuliyyətə cəlb olunub. Bu istiqamətdə  isə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
 

Alçina Amilqızı, Bizim.Media 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin