ABŞ hökumətinin Avropa və Avrasiyaya yardım proqramlarının əlaqələndiricisi Mariya Lonqi, Ermənistanda kiçik modul tipli nüvə reaktorları tikməyi düşündüklərini bəyan edib.
ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr üzrə komitəsinin dinləmələrində çıxış edən M.Lonqi, bununla, Ermənistanın Rusiya və Çindən enerji müstəqilliyini gücləndirməyə çalışdıqlarını diqqətə çatdırıb.
“Bir sıra ölkələrdə, o cümlədən Ermənistanda biz Amerika texnologiyasından istifadə etməklə tikilmiş və həm Rusiya, həm də Çindən daha böyük enerji müstəqilliyinə apara bilən kiçik modul nüvə reaktorlarının yaradılmasının mümkünlüyünü qiymətləndiririk”, - deyə xanım Lonqi qeyd edib.
Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan əməkdar elm xadimi, AMEA-nın müxbir və həqiqi üzvü və kimya elmləri doktoru, professor Adil Qəribov, kiçik modullu nüvə reaktorunun son illərdə atom energetikasının sənayedə və enerji sahəsində tətbiq olunan ən proqressiv sahəsi olduğunu bildirdi.
Bu reaktorların kiçik, yəni 440-440 meqavatdan az gücə malikdir olduqlarını söyləyən söyləyən müsahibimizin sözlərinə görə, bunlarda yaxın gələcəkdə kiçik sənaye sahələrinin və yaşayış məntəqələrinin enerji təminatında istifadə ediləcək:
“Digər tərəfdən də onların əsasında yüksək temperaturlu reaktorlar tikilə biləcək ki, bunlardan iri sənayeni istiliklə təmin etmək üçün istifadə olunacaq. Qafan vilayəti metallurgiya və polimetal ehtiyatları ilə zəngindir. Həmin ehtiyatları çıxarmaq üçün təbii qazdan istifadə olunur.
Ermənilər isə bundan yetərincə yararlana bilmirlər və problemin həllinə çalışırlar. Amerika isə görünür, bu vəziyyətdən istifadə etməklə, həm metallurgiya sənayesini, həm də enerji təminatını inkişaf etdirmək niyyətinə düşüb. Buna görə də Ermənistanda kiçik modullu nüvə reaktorunun qurulmasına çalışılır”.
Professorun sözlərinə görə, kiçik modullu nüvə reaktorlarından nüvə silahı üçün xammal ehtiyatının yaradılmasında istifadə oluna bilməz:
“Müasir dövr üçün bu reaktorlar texnologiyasının IV tip reaktorları kimi olması və bunlarda təhlükəsizlik parametrlərinin yaradılması nəzərdə tutulub. Bunlarda passiv müdafiə sistemləri var və aşağı zənginləşmiş yanacaqlardan istifadə olunur. Seysmik bölgə üçün dayanaqlıdır və bunlar üçün hazırlanan xüsusi materiallar 9-10 ballıq zəlzələyə davam gətirir”.
Bu reaktorun qurulması ilə bağlı ermənilərin ikiüzlü siyasət yeritdiyini söyləyən professor bildirdi ki, bir müddət əvvəl Rusiya ilə 1060 meqavat gücündə yeni korpusun tikilməsi ilə bağlı razılaşma əldə etdilər:
“Artıq layihələşdirməsini də başa çatdırıblar. Hazırda layihənin maliyyələməsi məsələsi müzakirə olunur. Rusiya isə Türkiyə variantına üstünlük vermək istəyir. Bəllidir ki, Türkiyədəki nüvə reaktorunu Rusiya öz maliyyəsi əsasında inşa edir və buna görə də öz mükiyyətinə daxil edəcək.
Türkiyə ilə birlikdə 10 il müddətinə, yəni reaktorun tikintisinə sərf olunan vəsait geri qayıdana qədər enerji satacaqlar. Bundan sonra isə aralarında yeni müqavilə bağlanacaq.
Ermənilər isə həmişə olduğu kimi, bu dəfə də “timsah göz yaşı” tökərək, beynəlxalq satış qiymətinin onlara sərf etmədiyini, buna görə də daxili satış qiyməti ilə satılmasını və öz ölkələrinin də gəlirə şərik olmalarını istəyirlər.
Bununla belə, Moskvaya rəğmən Amerikadan da kömək isəyirlərsə, deməli, bu, onların ikiüzlülüyündən və vahid istiqamətdə fəaliyyət göstərmək istəməmələrindən irəli gəlir”.
Onun fikrincə, əgər ABŞ hakimiyyəti Ermənistanda nüvə reaktoru tikməkdə israrlıdırsa, deməli, bunu Rusiyanın acığına edir:
“Düşünürəm ki, bu, siyasi addımdır. Əsl məqsədləri isə başqadır. Bir tərəfdən Ermənistanı Rusiyadan uzaqlaşdıraraq özündən asılı vəziyyətə salmaq, digər tərəfdən isə elektrik enerjisi sahəsində güclü dövlətə çevrilməsini istəyir. Əgər 3 dənə enerji blokları olsa, ermənilər enerji ilə tam təmin olunacaqlar”.
Hazırda Ermənistanın enerji təminatı sarıdan problem yaşamadığını deyən A.Qəribov qeyd etdi ki, bu gün İran onlara “böyük qardaşlıq” edir:
“İran onlara ildə 7-8 milyard kubmetr qaz verir. Bunun hesabına da istiliklə təmin olunurlar”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:00 / 26.05.2023
ABŞ-ın Ermənistanda nüvə reaktorları tikmək PLANI – Ağ Evin məqsədi nədir?
Hazırda oxunan: ABŞ-ın Ermənistanda nüvə reaktorları tikmək PLANI – Ağ Evin məqsədi nədir?
Hazırda oxunan: ABŞ-ın Ermənistanda nüvə reaktorları tikmək PLANI – Ağ Evin məqsədi nədir?
137938
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.