Separatçılar arasında GƏRGİNLİK – Növbəti təxribat və antiterror əməliyyatı QAÇILMAZDIR

Hazırda oxunan: Separatçılar arasında GƏRGİNLİK – Növbəti təxribat və antiterror əməliyyatı QAÇILMAZDIR

137684

Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesində müəyyən irəliləyiş olan kimi, ermənilər tərəfindən təxribat halları da artır. Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması separatçıların keçmiş liderlərinin kəskin etirazına səbəb olub. Bu fonda Qarabağdakı separatçıların təxribat istiqamətində fəallığı da artır. 

Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, hələ də Qarabağda qanunsuz silahlı dəstələr qalmaqdadır. Azərbaycan tərəfinin hesablamalarına görə, ərazimizdə 10 minə qədər erməni hərbçisi var. Bu qanunsuz silahlı dəstələr də aydın məsələdir ki, istənilən an təxribat törətmək üçün ərazidə saxlanılırlar. Yaranmış vəziyyət separatçıların növbəti təxribatlara əl atacaqlarını istisna etmir. Belə situasiya isə növbəti antiterror əməliyyatını qaçılmaz edir. 

Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, Azərbaycan mövcud vəziyyətdən asılı olaraq antiterror əməliyyatlarına gedə bilər. Ekspertin firkincə, hadisələrin gedişi bunun baş verəcəyini göstərir: 

“Paşinyanın Brüssel və Moskva görüşlərindən sonra verdiyi bəyanatı, tərəflərin bir-birinin ərazilərini tanımasını nəzərə alsaq, bu dövlətlərin bir-birinin suverenliyini qarşılıqlı olaraq tanıması deməkdir. Ermənistan həmçinin, Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq tanıyır. İrəvan sadəcə olaraq, Qarabağ ermənilərinin təhlükəsizliyilə bağlı məqamları qabardır. 

Hər halda Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul etməsi ciddi uğurdur. Bu o deməkdir ki, İrəvan faktiki olaraq Qarabağdakı separatçı rejimlə münasibətlərini kəsməlidir. Laçın sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasından sonra isə erməni tərəfi istəsə belə, bu münasibətləri əvvəlki səviyyədə saxlaya bilməyəcək. Qarabağa silah-sursatın göndərilməsi prosesi artıq dayandırılıb”. 

Elşən Mirzəoğlunun sözlərinə görə, məhz bu səbəbdən Qarabağdakı separatçı rejim tələsir:

“Onlar təxribat törətməklə ərazinin Azərbaycana tabe ola bilməyəcəyilə bağlı məqamları qabartmaq istəyirlər. Qarabağdakı təxribat hərəkətlərinin məlum geosiyasi güc tərəfindən yönləndirə biləcəyi də istisna deyil. Rusiya sülhməramlıları ikili standartlardan çıxış edir. İkinci bir tərəfdən, hazırda Qarabağın özündə separatçılar daxilində hakimiyyət uğrunda mübarizə gedir”. 

Politoloq qeyd edir ki, Vardanyan, Samvel Babayan, Artur Arikyan və Arutyunyan arasındakı münasibətlərdəki gərginlik Qarabağdakı təxribatların əsas səbəbi ola bilər: 

“Bu təxribatların davam etməsi, ən əsası beynəlxalq güclərin Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımaları, Bakıya perspektivdə antiterror əməliyyatları keçirməyə hüquqi zəmin yarada bilər. 

Azərbaycan mövcud vəziyyətdən asılı olaraq antiterror əməliyyatlarına gedə bilər. Hadisələrin gedişi də bunun baş verəcəyini göstərir”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin