Zaqatala rayon ərazisindən bir neçə iri dağ çayı axır. Onlardan da ən uzun və təhlükəlisinin tarixi adı Muxax, yeni adı Böyük çaydır. Tarixən bu çayın adı Zaqatalanın ən iri kəndlərindən olan Muxax yaşayış məntəqəsinin adı ilə bağlıdır. Təəssüflər ki, yol tikintisi zamanı çayın adı dəyişdirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qax-Zaqatala yolundan keçən bu çayın üzərində inşa edilən körpü yeddi aşırımlıdır.
Sel-sular həmin aşırımlardan ikisinin beton özülünü yuyub aparıb. Sakinlər hər an körpüdə qəza baş verə biləcəyini bildirir. Dəfələrlə müraciət etmələrinə baxmayaraq hələlik onları eşidən, dinləyən yoxdur.
Muxax kənd sakini İslam Şabanovun sözlərinə görə, bu körpü 15-17 il qabaq istifadəyə verilib:
“Yevlax-Zaqatala Gürgüstan magistralı qəzalı olduğundan hazırda bütün yük “TIR”-ları bu yoldan istifadə edir. Bu səbəbdən körpünün yükü artıb”.
Kənd sakini deyir ki, körpünün dayaqlarında betonlaşma zəif olduğundan müəyyən hissələri üzə çıxıb, qəzalı vəziyyətə düşüb. Mənbəyini 2800 metr yüksəklikdən götürən, sululuğuna və təhlükəliliyinə görə ən qorxulu çaylardan olan Muxax çayda hər zaman daşqınlar əmələ gəlir.
Sakin İkram Ramazanov bu körpünün altından böyük bir çayın keçdiyini bildirir:
“Əslində körpünün dayaqları ən azından 3-4 metr dərində olmalıdır. Altında dayananda təhlükə daha geniş şəkildə hiss olunur. Fikir verdinizsə bunun özülündə çay daşları qoyublar, bu elə olmalı deyildi. Seçilmiş inşaat materialı, şebel, çınqıl və yüksək keyfiyyətli sement olmalıdır. Biz bu barədə aidiyyatı qurumlara xəbər vermişik, lakin hələlik bir nəticə yoxdur”.
Muxaxçay niyə Böyükçay oldu?
Əslində bu ad, yəni çayın indiki adının hardan və necə qaynaqlanması sakinlərin marağına səbəb olub. Və bu adı kim, hardan, hansı mənbəyə istinadən yazıb bax bu sakinləri düşündürən əsas məsələdir. Sakinlərin ciddi narazılığına səbəb olan məsələlərdən biri də Muxax çayın adının Böyük çay kimi yazılmasıdır.
Kənd sakini Məmmədemin Əliyev Azərbaycan sovet ensklopediyasında və Azərbaycan toponimləri kitablarında çayın adının Muxax kimi göstərildiyini deyir:
“Bu çayın adını dəyişdirib Böyük çay qoyublar. Dəfələrlə biz Azərbaycan Avtomobil Yollarına müraciət etsək də müraciətimizə baxmırlar. Çayın köhnə adını bərpa etmirlər. Amma mübarizəni sona kimi davam etdirəcəyik”.
Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, qeyd olunan körpüdə hər hansı təhlükə yoxdur, vətəndaşlar rahatlıqla istifadə edə bilər.
Həmin körpünün dayaqları 18 metr dərinliyə malik, dəmir-beton suvaylar üzərində inşa olunub. Dayaqlar tam sağlamdır.
Çayın adının dəyişdiriliməsinə gəldikdə isə Dövlət Agentliyinin nümayəndəsi qeyd edib ki, ərazi üzrə icra sturukturları tərəfindən əsaslandırılan müraciət rəsmi olaraq onlara ünvanlasın. Belə olan halda adların yenilənməsinə baxıla bilər.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 23.05.2023
Qaxı Zaqatala ilə birləşdirən körpü QƏZALI VƏZİYYƏTDƏ – Rəsmilər “təhlükə yoxdur” deyir... – FOTO
Hazırda oxunan: Qaxı Zaqatala ilə birləşdirən körpü QƏZALI VƏZİYYƏTDƏ – Rəsmilər “təhlükə yoxdur” deyir... – FOTO
Hazırda oxunan: Qaxı Zaqatala ilə birləşdirən körpü QƏZALI VƏZİYYƏTDƏ – Rəsmilər “təhlükə yoxdur” deyir... – FOTO
137340
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.