Yasamalda abonentlərdən telefon xəttinin yenilənməsi üçün PUL YIĞILMASINA rəsmi qurumdan CAVAB

Hazırda oxunan: Yasamalda abonentlərdən telefon xəttinin yenilənməsi üçün PUL YIĞILMASINA rəsmi qurumdan CAVAB

137325

Yasamal Telefon Qovşağının abonentlərdən qanunsuz və əsassız yerə pul yığdığını xəbər vermişdik. Belə ki, B. Səfəroğlu 5 ünvanında yaşayan bir neçə sakinin müraciətinə görə görə 012 538 45 99 şəhər nömrəsindən onlara zəng edilərək telefon xəttinin yenilənməsi üçün hər evdən 120 manat məbləğində pul tələb edilib.

Abonentlər internet istifadəçisi olduqlarını və təklif olunanlarla razılaşmadıqlarını dilə gətirsələr də, qarşı tərəf onları telefon xəttinin kəsiləcəyi ilə hədələyib.
 

MÖVZU İLƏ BAĞLI:

Yasamalda abonentlərdən telefon xəttinin yenilənməsi üçün PUL YIĞILIR – ŞİKAYƏT 


Məsələni araşdıran “Bakı Telefon Rabitəsi” MMC Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, heç bir abunəçi yeni nəsil, GPON (Gigabyte Passive Optical Network) texnologiyası əsasında təmin edilən xidmətlərə qoşulmağa məcbur edilmir və GPON şəbəkəsi üzərindən verilən xidmətə qoşulmaqdan imtina edən abunəçilərə əvvəlki xidmətlərin göstərilməsi davam etdirilir:

“Bakı şəhəri, Yasamal rayonu, B. Səfəroğlu küçəsində yüksəksürətli telekommunikasiya xidmətlərinin göstərilməsinə imkan verən optik şəbəkə (GPON) layihəsinin tətbiqi ilə bağlı “Bakı Telefon Rabitəsi” MMC-nin müvafiq RXM-i (Rabitə Xidmət Mərkəzləri) tərəfindən abunəçilərə zəng edilərək yeni xidmətlə bağlı ətraflı məlumat və təkliflər verilir.

Belə ki, abunəçilərə məlumat verilərkən yeni xidmətlərə qoşulma və güzəşt şərtləri izah olunur. 

Bildiririk ki, vətəndaşların informasiya-telekommunikasiya şəbəkəsindən dayanıqlı, təhlükəsiz və keyfiyyətli istifadə etmələri üçün “Bakı Telefon Rabitəsi” MMC tərəfindən ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq yeni nəsil avadanlıqlar quraşdırılır və layihələr həyata keçirilir. 

Beləliklə, fiber-optik telekommunikasiya şəbəkəsinin tikilməsi, GPON texnologiyası əsasında rabitə infrastrukturunun qurulması, telefonlaşmayan ərazilərin müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunması və mövcud telekommunikasiya şəbəkəsinin yenilənməsi işləri sürətlə davam etdirilir.

Sənədləşmə zamanı GPON texnologiyası üçün abunəçilərə təklif edilən kampaniya və güzəşt şərtləri aşağıdakılardan ibarətdir:

“1. 12 aylıq güzəştli şərtlə (telefon+internet) - İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 manat çəkiliş haqqından azad edilir, ödənişsiz ONT modemi əldə edir. 

2. Standard müqavilə (telefon+internet) - İstifadəçi standart müqavilə bağlayaraq telekommunikasiya xidmətlərinə qoşulduqda çəkiliş üçün 30 manat, ONT modemi üçün endirimlə 50 manat ödəniş edir.

3. Standard müqavilə (telefon) - İstifadəçi standard müqavilə bağlayaraq yalnız telefon xidmətinə qoşulduqda 30 manat çəkiliş haqqı, ONT modemi üçün 110 manat ödəniş edir”, - deyə məlumatda bildirilir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin