“O torpaqlarda şəhid olması qardaşımı Ağdam sevgisinə qovuşdurdu” - Toğrul Məmmədov haqda XATİRƏLƏR - FOTO

Hazırda oxunan: “O torpaqlarda şəhid olması qardaşımı Ağdam sevgisinə qovuşdurdu” - Toğrul Məmmədov haqda XATİRƏLƏR - FOTO

137042

Vətən məhvumu var olduğu gündən onun cilallanıb daha da əzəmətli, müqəddəs olması üçün neçə-neçə oğullar can verib, qan töküblər. Vətənə bərabər zirvədə könüllərin taxtına çevrilən fədailər fərqli ad soyadda, fərqli doğum tarixində, lap elə ayr-ayrı şəhərlərin fərqli evlərində doğulub böyüsələr də, hamısının bioqrafiyalarının önündə bir söz yazılır: Şəhid!.. 

Bizim.Media olaraq sizə Naxçıvanda doğulub Ağdamda şəhidlik zirvəsinə yüksələn qəhrəmanımız Məmmədov Toğrul Səyyad oğlundan danışacağıq. 

Yolumuz Beyləqanadır: Burada Toğrulla çiyin-çiyinə səngərdə xidmət etmiş zabitlə görüşüb qəhrəmanımızın keçdiyi şərəfli xidmət yoluna işıq salırıq.


Qalib ordunun qəhrəman zabiti nə qədər məğrur və soyuqqanlı olmağa çalışsa da mövzunun istehkamçı kapitan Məmmədov Toğrul olduğunu biləndə ilk ifadə etdiyi, hər sözünün hərfindən kədər və qürur daman bu cümlə oldu: “Kaşki yaşayardı, bu günləri görərdi, kaş...” 

Təhlükəsizlik qaydalarına görə adını qeyd edə bilmədiyimiz komandir qəhərəmanımız haqqında danışılası çox şeyin olduğunu qeyd edir və diqqətə çatdırır ki, onun ən böyük sevgisi də elə Vətən idi:

“Məhz buna görə də səngərdən çıxmaz, əsgərinin, zabitinin başının üstündən ayrılmazdı. Onunla Ağdamda xidmət edəndə Toğrul hərbi hissənin istehkam xidmət bölməsinin rəisi idi. Davamli olaraq səngərlərdə bölmələrinin yanında olurdu. Verilən tapşırıqların icrası zamanı birbaşa özü sahədə olurdu və ərazidə işləyən şəxsi heyətin atəş-dəstəyini təmin edirdi.


İşi-gücü təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrinin, o cümlədən döyüş postlarının təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyin yollarını axtarmaq, yeniliklər gətirmək idi. Onu yalnız cəbhədə qazandığı uğurlar güldürür xoşbəxt edirdi. Bir də o heç vaxt şəxsi həyatı haqqında heç nə düşünüb həmin qayğıların xidmətə mane olmasına imkan vermirdi”. 

Toğrul Məmmədov 1988-ci ilin 26 iyulunda Babək rayonunun Şıxmahmud kəndində anadan olub. Orta təhsilini Şıxmahmud kənd tam orta məktəbində alıb, 2002-ci ildən təhsilini Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Hərbi Liseydə davam etdirmiş və 2005-ci ildə buradan məzun olmuşdur.
Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 2009-cu ildə leytenant hərbi rütbəsi ilə ali məktəbi bitirmişdir. Daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində 1 illik ixtisasartırma kursu keçmişdir.  

Qəhrəmanımızın sonuncu xidmət yeri isə Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissə olub. Bölmə rəisi kimi ön xətt hissələrində şərəfli xidmət keçməklə yanaşı, yerli əhali ilə də ünsiyyət qurmağı bacarıb, insanlar arasında hörmət qazanmışdı.

Şəhidin qardaşı Üzeyir Məmmədov deyir ki, Toğrulun Ağdama olan sevgisi o qədər çox idi ki, məzuniyyət dövründə belə oralar üçün darıxdığını hiss etdirirdi:  

“O torpaqlarda şəhid olması qardaşımı Ağdama olan sevgisinə qovuşdurdu sanki. İndi Ağdam bizim üçün də əzizdir, doğmadır. O, bizimlə Ağdam arasında müqəddəs bir körpü yaratdı. Bütün şəhidlərin xatirəsi uca və əzizdir. Hər biri iə fəxr edirəm”. 
2016-cı il aprel döyüşləri zamanı cəbhədə ağır itkilər verərək, qısa döyüş toqquşmasının biabırçı məğlubuna çevrilən Ermənistan ordusu qoşunların keçmiş təmas xətti boyunca atəşkəsi pozur, postlarla yanaşı, dinc əhalini atəşə tutmağa cəhdlər göstərirdi. Düşmənin bütün cəhdlərinin qarşısı qətiyyətlə alınır, müdafiə xəttində təhlükəsizlik məqsədi ilə mühəndis-istehkam işləri görülürdü.

Məhz həmin döyüş tapşırıqlarından birinin yerinə yetirilməsi zamanı – düşmən təxribatının qarşısı alınarkən, kapitan Toğrul Məmmədov 2016-cı ilin iyulun 14-ü Ağdam cəbhəsində şəhid olub. 


Məzarı doğulduğu Naxçıvanda olsa da, qəhrəman zabitin ağdamlıların ürəklərində əbədi ucaldılmış abidələri var.

Uşaqdan böyüyə qədər onu tanıyan hər kəs şəhidimiz haqqında qürurla danışır, Ağdamda yaşayan ən kiçik dostu Elşad Qurbanov kimi: 

“Toğrul əmi atamın dostu idi. Bizə tez-tez gəlirdi. Çox istəyirdim onu. Birdən işləri çox olurdu, yorğun olanda atama zəng edirdi ki, məni onun yanına aparsın. Əlimdən tutub “Çay evi”nin parkına aparırdı. Rəqs etməyimi çox sevirdi. Məni bir gün Naxçıvana aparacağını demişdi. Mən isə ona böyüyəndə komandir olub Naxçıvanda xidmət edəcəyimi deyirdim.


Onun şəhid olmağını atamgil məndən gizlətmişdilər. Televiziya kanallarında baxıb eşitdm. İndi bütün gücümlə çalışıb hərbiçi olacağam. Bu, mənim iki ən böyük arzularımdan biridir. Digər arzum isə Toğrul əminin ziyarətinə getmək və ona Ağdam torpağı aparmaqdır”. 
Beləcə, Vətənin Toğrul və onun timsalında şəhid övladları qanlarını tökməklə böyük bir əmanət qoyub gediblər. O əmanət ki, gələcək nəsillərə hərbçi olmağı, Vətəni sevməyi bir növ milli ənənəyə çevirəcək.  
















Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin