Daha nə qədər “qurban” olmalıdır ki, rəsmi qurumlar sahibsiz itləri küçələrdən YIĞIŞDIRSIN?

Hazırda oxunan: Daha nə qədər “qurban” olmalıdır ki, rəsmi qurumlar sahibsiz itləri küçələrdən YIĞIŞDIRSIN?

137024

Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Məzun evi”nin qarşısında 3 və 5 yaşlı iki uşağa sahibsiz itlərin hücum edərək ağır xəsarətlər yetirməsi məsələni yenidən aktuallaşdırıb. Masazır qəsəbəsinin sakinləri illərdir ki, sahibsiz itlərlə mübarizədə aciz qalıblar. Başları bəlada qalan sakinlər hər gün rastlaşdıqları bu problemdən heç cür yaxa qurtara bilmirlər. 

Rəsmi qurumlar isə konkret və əməli iş görmək əvəzinə, həlli görünməyən və mümkünləşməsi zaman tələb edilən absurd açıqlamalar yayırlar.  

Qeyd edək ki, bu hadisə ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin reaksiyası belə olub:

“Abşeron rayonunun yaşayış məntəqələrində, eləcə də Xırdalan şəhərində sahibsiz itlərə qarşı profilaktik tədbirlərin göstərilməsi məqsədi ilə “Toplan” Sahibsiz itlərə qayğı mərkəzinə rəsmi müraciət edilsə də, onlar Bakı şəhərindən kənar ərazilərdə xidmət göstərmədiklərini açıqlayıblar. 

Rayonun yaşayış məntəqələrində sahibsiz itlərin çoxluğunu nəzərə alaraq hazırda tərəfimizdən rayon ərazisində sahibsiz itlər üçün xüsusi sığınacağın tikinti layihəsi hazırlanıb. Hazırda tikintiyə başlanması üçün hazırlıq işləri aparılır”.

Halbuki bir neçə ay əvvəl də adıçəkilən qurum oxşar hadisə ilə bağlı bu açıqlamanı yaymışdı. 

Belə ki, bir neçə ay əvvəl bənzər hadisə Masazır qəsəbəsi, “Qurtuluş 93” Yaşayış Kompleksində yaşanmışdı. Həmin ünvanda yaşayan sakinlər sürü ilə gəzən sahibsiz itlərin hücumuna məruz qalmışdı. İtlərin dişlədiyi 41 yaşlı İnci İsgəndərova vəfat etmiş, daha bir qadın isə itin hücumuna məruz qaldığından qorxaraq iflic olmuşdu. 

Elə o vaxt da Abşeron Rayon İcra Hakimiyyətinin Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənov Bizim.Media-ya açıqlamasında yaxın zaman üçün problemin həll olunması mümkünsüzlüyünü qeyd etmişdi. Şahlar Həsənov bildirmişdi ki, Abşeron Rayon İcra Hakimiyyətinin tərkibində Abadlıq İdarəsi tərəfindən sahibsiz itlər üçün yer ayrılıb. Hələki hazırlıq işləri gedir və tamamlanandan sonra problem aradan qaldırılacaq. 

Maraqlıdır, aylar öncə başlayan layihə niyə reallaşmır? Abşeron Rayon icra Hakimiyyəti nəyi gözləyir? İtlər üçün sığınacaq yaratmaq bu qədərmi çətindir? Daha nə qədər itlərin hücumuna məruz qalmış qurban olmalıdır ki, icra hakimiyyəti hərəkətə keçsin? 
Problemdən zara gələn Masazır sakinləri küçə itlərinin nə vaxt ərazidən toplandığı günü səbirsizliklə gözlədikləri halda aidiyyəti qurumların heç bir tədbir görməməsi, hər bədbəxt hadisə yaşananda əzbərlədikləri açıqlamanı təkrarlamaları sadəcə ikrah doğurur.

Sahibsiz itlərə təkcə Masazırda deyil, Bakıətrafı qəsəbələrdə, az qala mərkəzi küçələrin hər bucağında rast gəlmək mümkündür. Axı heç kəsə zəmanət verilməyib ki, bu itlər təhlükəsizdir və onların hücumuna məruz qalmayacağıq. 

Rəsmi qurumların bunu anlaması üçün daha nə etməliyik? 

Anladıq, itlərin güllələnməsi yasaqdır. Axı yasaqladığınız bu təhlükə özümüzə qənim kəsilib. 

Bunun bir çözümü olmayacaqmı? 

Bəhs etdiyimiz məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən suallarımıza cavab almaq mümkün olmayıb. Zatən iş görmədikləri kimi deyəcəkləri əlavələri də yoxdur.  

Yenə də səbr edib gözləmə mövqeyimizi davam etdirənə kimi bədbəxt hadisələrin yaşanmaması üçün dua edəcəyik. Amma bu problem çözüm tapmayana qədər də geri çəkilən deyilik.

Dünyanın bir çox inkişaf etmiş ölkələrində sahibsiz heyvanlar üçün sığınacaqlar yaradılır.

Heyvanlar küçələrdən yığılaraq sığınacaqlara aparılır, müəssisədə onlara peyvənd vurulur, strelizə və zəruri tədbirlər görülür. Post-sovet ölkələrində belə küçələrdə sahibsiz itlərə çox az rast gəlinir. Amma rast gəlinən bu heyvanların hər biri əvvəlcədən peyvəndlənmişlərdir.

Qeyd edək ki, "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzi yalnız paytaxtda olan sahibsiz itlərin küçələrdən yığımı ilə məşğuldir. 

Onu da əlavə edək ki, əvvəllər Sahibsiz Heyvanlara Qarşı Mübarizə Departamenti tərəfindən təhlükəli və quduz itlər güllələnirdi. Azərbaycan 1997-ci ildə Strasburqda “Heyvanların Mühafizəsi” ilə bağlı Avropa Konvensiyasına qoşulandan sonra məsələnin bu cür yolla həlli aradan qaldırıldı. 

2007-ci ildə ölkəmizdə “Heyvanların mühafizəsi haqqında” Qanun qəbul olundu. Qanuna əsasən, heyvanları öldürən və yaxud onlarla qəddar rəftar edib şikəst edən şəxslər İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinə əsasən cərimə olunurlar. Cərimə isə əvvəllər 25-45 manat arasında dəyişirdisə, hazırda bu məbləğin 500 manat olduğu bildirilir. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin