Xəbər verdiyimiz kimi, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Məzun evi” nin qarşısında 3 və 5 yaşlı iki uşağa sahibsiz itlər hücum edərək ağır xəsarət yetirib.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, baş verən hadisə ilə bağlı məlumatlar qısa zamanda sosial şəbəkələrdə də yayılıb.
Araz Əhmədov adlı sosial şəbəkə istifadəçisi uşaqların yaralı halda olan fotolarını da paylaşıb.
Məsələyə Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi səhifəsi tərəfindən reaksiya verilib. Belə ki, həmin paylaşıma şərh yazılaraq bildirilib ki, Abşeron rayonunun yaşayış məntəqələrində, eləcə də Xırdalan şəhərində sahibsiz itlərə qarşı profilaktik tədbirlərin göstərilməsi məqsədi ilə “Toplan” Sahibsiz itlərə qayğı mərkəzinə rəsmi müraciət edilsə də, onlar Bakı şəhərindən kənar ərazilərdə xidmət göstərmədiklərini açıqlayıblar:
“Rayonun yaşayış məntəqələrində sahibsiz itlərin çoxluğunu nəzərə alaraq hazırda tərəfimizdən rayon ərazisində sahibsiz itlər üçün xüsusi sığınacağın tikinti layihəsi hazırlanıb. Sığınacaqda itlərin saxlanılması üçün xüsusi yerlər - volyerlər, karantin-reabilitasiya qəfəslərinin yaradılması və heyvanların peyvəndlənmə, reproduktiv fəaliyyətlərinin dayandırılması məqsədilə müvafiq əməliyyatların aparılması nəzərdə tutulub. Hazırda tikintiyə başlanması üçün hazırlıq işləri aparılır”.
Uşaqların hazırkı vəziyyəti ilə bağlı sosial şəbəkədə paylaşım edən Araz Əhmədov bildirib ki, onlardan biri reanimasiyada, digəri isə üçüncü gündür ki, xəstəxanadadır və hərarəti düşmür. O qeyd edib ki, baş hissəsindən xəsarət alan azyaşlının saçı kəsilmədən tələsik tikiş atılıb.
Təcili tibbi yardımın köməkliyi ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılan uşaqların hazırkı vəziyyəti ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi:
“Abşeron rayon “Məzunlar Evi” Sosial Müəssisəsindən müxtəlif tarixlərdə, 17-18 mayda it dişləməsi xəsarəti ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilən 5 yaşlı və 3 yaşlı uşaqlara lazımı ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.
İlkin tibbi yardım göstərildikdən sonra 5 yaşlı uşaq başın və aşağı ətrafın dişlənmiş yarası diaqnozu ilə Uşaq cərrahiyyəsi şöbəsinə, daha sonra Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib. Yaraları tikildikdən sonra əməliyyata ehtiyac olmayıb.
3 yaşlı uşaq bədənin müxtəlif nahiyələrinin çoxsaylı dişlənmiş, cırılmış yarası, ağır kəllə-beyin travması diaqnozu ilə əməliyyat olunub. Əməliyyatdan sonra körpə Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda hər iki uşağın müalicələri davam etdirilir”.
Qeyd edək ki, bir neçə ay əvvəl də oxşar hadisə yaşanmışdı. Belə ki, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” Yaşayış Kompleksində yaşayan sakinlər sürü ilə gəzən sahibsiz itlərin hücumuna məruz qalmışdı. İtlərin dişlədiyi 41 yaşlı İnci İsgəndərova vəfat etmiş, daha bir qadın isə itin hücumuna məruz qaldığından qorxaraq iflic olmuşdu.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:48 / 19.05.2023
İt dişləyən uşaqların SON DURUMU – FOTO
Hazırda oxunan: İt dişləyən uşaqların SON DURUMU – FOTO
Hazırda oxunan: İt dişləyən uşaqların SON DURUMU – FOTO
136845
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.