Azərbaycana və bütünlükdə Türk dünyasına qərəzli münasibəti ilə tanınan rusiyalı siyasətçi Vladimir Jirinovski Solovyovun "Solovyovla bazar axşamı” verilişində Türkiyə və Azərbaycanı təhdid edib.
Bizim.Media Sfera.az-a istinadən xəbər verir ki, Azərbaycanı şimaldakı kiçik fars xanlığı, azərbaycanlıları isə türklərlə farsların qarışığından əmələ gələn türkdilli xalq adlandıran Jirinovski Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üçün absurd təklifi ilə diqqət çəkib.
O bildirib ki, Rusiya Ermənistanla Azərbaycana hərbi əməliyyatları dayandırmaqla bağlı ultimatum verməli və qarşıdurmaya son qoyulmayacağı təqdirdə Rusiya ordusu münaqişəyə müdaxilə etməlidir.
Jirinovski bildirib ki, Azərbaycanın və Ermənistanın əraziləri Rusiyanın maraq dairəsinə daxil olan zonalardır:
"Bu səbəbdən türklər, farslar və ümumiyyətlə, ruslardan başqa hər kəs bu bölgədən uzaq durmalıdır. İki ölkə arasında atəşkəs elan olunmasa, Rusiya donanması Xəzər dənizindən Azərbaycana, Rusiya ordusunun qüvvələri isə Gürcüstandan (Gürcüstanı tar-mar edərək-red) Ermənistana keçməlidir.
Jirinovski bildirib ki, yalnız bu halda iki ölkə cürət edib bir-birinə atəş aça bilməz: "Çünki hər ikisinin ərazisində Rusiya ordusu olacaq”.
Jirinovski onu da bildirib ki, bəzi məsələlər haqqında ucadan danışmaq olmaz, onlar gecə yarısı, ya da səhər saat 6-da səssiz gerçəkləşdirilir. İranı xatırladan Jirinovski açıq-aşkar terror aktlarından söz açıb.
Siyasətçi xatırladıb ki, İran hansısa ölkənin ona təcavüz etməyə cəhd etdiyi təqdirdə, bütün dünyada terror aktları həyata keçirəcəyini bildirib. O həmçinin vurğulayıb ki, İranın dünyanın bütün ölkələrində terror aktı törətməyə qadir və hazır olan adamları var. Siyasətçi Rusiyanın da bu təcrübədən istifadə etməli olduğunu bildirib.
Bizim.Media