“Günay Bank”ın bağlanması iqtisadi dayanıqlılığımıza kölgə saldı. Bu məsələ bir daha göstərdi ki, bank-maliyyə sektorunda hələ də şəffaflıq yoxdur. Banklar müştərilərlə tərəfdaş kimi yox, sələmçi kimi davranırlar. Bank öz biznes maraqları üçün çirkin yollara əl atır, qanunları və maliyyə mexanizmini tam anlamayan vətəndaşları şirnikləndirici vədlərlə istismar edirlər.
Hələ 10 il əvvəl bütün banklar vətəndaşlara krediti xarici valyuta ilə verəndə müştərinin yalançı vədlə aldadırdılar ki, heç bir devalvasiya təhlükəsi yoxdur. “Əlimyandı”da pul axtaran müştəri də banklara inanaraq kreditin hansı valyuta ilə verilməsinin fərqinə varmadı.
Nəticədə 2016-cı ildəki devalvasiyalar zamanı xarici valyuta ilə kredit götürən vətəndaşlar sözün həqiqi mənasında müflis oldular.
Bu hadisədən dərs götürməyən banklar yenə müştəriləri aldatmaqda davam edirlər. Belə ki, əmanətlərin Sığortalanma Fondu yalnız illik 10 faizə qədər yerləşdirilən əmanətləri qoruyur, ona təminat verir.
Lakin, banklar daha çox müştəri cəlb etmək üçün illik 11-12 və daha çox faiz verəcəkləri vədi ilə insanları aldadırlar. Bu zaman müştəriyə də şifahi zəmanət verirlər.
Müştəri də şifahi təminata aldanaraq daha yüksək faizlə əmanət yerləşdirir. Bu vəziyyətdə bank iki tərəfdən qazanır. Bir yandan daha çox depozit cəlb edir, digər tərəfdənsə qoyulan əmanətlərə görə sığorta haqqı ödəmir.
Təbii ki, bankların bu özbaşınalıqları Mərkəzi Bankın gözləri qarşısında baş verir. Mərkəzi Bank isə bu duruma susur.
Bu gün təkcə “Günay Bank”da əmanətlərin 70 faizi sığortalanmayıb. Bu acınacaqlı vəziyyət digər banklarda da mövcuddur. Amma Mərkəzi Bank banklar sərt şəkildə deyə bilər ki, bütün əmanətlər sığortalanmalıdır.
Əks-təqdirdə bütün əmanətləri sığortalamayan banklar cəzalanacaq. Çox təəssüf ki, bu cəzasızlıq mühitindən istifadə edən banklar vətəndaşların etimadından sui-istifadə edirlər. Və fors-major hallarda da heç bir məsuliyyəti öz üzərlərinə götürmürlər.
Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, indiki vəziyyətdə kimin günahkar olmasını demək çətin məsələdir:
MÖVZU İLƏ BAĞLI:
Bağlanan "Günay Bank"ın sədri AÇIQLAMA VERDİ
“Çünki, müştəri banka depozit təklif etdikdə ona izah edilməlidir ki, illik faiz dərəcəsi 10 faizədək və 100 min manatadək əmanətlər Əmanətlərin Sığortalanma Fondu tərəfindən qorunur. Bundan artıq illik faizlər və 100 mindən artıq olan vəsaitlər sığortalanmır.
Çox güman ki, “Günay Bank”dakı 70 milyon manat əmanət daha yüksək faizlə yerləşdirildiyi üçün sığortalanmayıb. Belə vəziyyətdə günhkar depozit sahibidir. Çünki, onlar öz biznes maraqlarını mövcud qaydalardan daha üstün tutub, daha çox faiz qazanmaq istəyərək pullarını banka 10 faizdən yuxarı həddəki faizlərlər yerləşdiriblər.
Yəqin ki, müqavilə bağlayarkən bank bununla bağlı müştəriyə izahat verib. Çünki, bu qədər vəsaitin sığortadan kənarda qalması təsadüf və bankın məsuliyyətsizliyi ilə bağlı ola bilməz. Ona görə də sığortadan kənarda qalan 70 milyon manatın batması tam qanuna uyğundur”.
Akif Nəsirli burda bir vacib məqamın olduğunu da qeyd etdi:
“Azərbaycan Konstitusiyasına görə hər bir vətəndaşın əmlakı toxunulmazdır. “Günay Bank”a yerləşdirilən əmanətlər də vətəndaşların əmlaklarıdır. Ona görə də həmin vətəndaşlar məhkəmə qaydasında iddia qaldıra bilərlər. “Günay Bank”dan onlara dəymiş ziyanın ödənilməsini tələb edə bilərlər”.
Surxay Atakişiyev, Bizim.Media