“Yeni Azərbaycan Partiyasında islahatların getməsi vacibdir. Ona görə ki, YAP-ın rəhbər orqanlarında təmsil olunan insanların bir çoxu cəmiyyət arasında öz nüfuzlarını itiriblər.
Bu da partiyanın imicinə mənfi təsir edir. Mən güman edirəm ki, keçirilən qurultay partiya tərəfindən lazımlı bir addımdır və bu proses gec - tez baş verməlidir”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Bakı Dövlət Universitetinin professoru, YAP Siyasi Şurasının üzvü Şahlar Əsgərov bildirib.
MÖVZU İLƏ BAĞLI:
YAP-ın qurultayı ilə bağlı xəbər var - 200 nəfərlik tərkiblə qapalı keçiriləcək
O, islahatlar fonunda Qarabağda döyüşən əsgərlərimizi YAP-a üzv olmalarına və partiyada baş verəcək islahatlarda fəal iştirak etməyə çağırıb:
“Hazırda Azərbaycan tamam başqa bir səviyyədədir, biz haqq savaşında qələbə çalmışıq, Qarabağ məsələmiz həll olunub. Ölkədə vətən yolunda orden, medallar almış bir çox layiqli qəhrəmanlarımız var. İndi onlar cəmiyyətin bir üzvü kimi, ictimai həyatda aktiv iştirak etməlidirlər. Əgər bu gənclər cəbhədə qəhrəmanlıq göstəribsə, niyə də ölkənin siyasi arenasında öz gücünü sınamasın? Yaşlı nəsil hökmən yerini təcrübəli, bacarıqlı gənc nəslə ötürməlidir”.
Qeyd edək ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə martın 5-də YAP-da qurultay keçiriləcək. Məlumatlara görə, iclasın qapalı şəkildə keçirilməsi planlaşdırılır.
Yeni Azərbaycan Partiyası isə yayılan xəbərlərə hələ ki, rəsmi fikir bildirməyib.
Vüsalə Balayeva, Bizim.Media