Bakı gecələrinin qəza xronikası – SƏBƏB QARANLIQDIR!

Hazırda oxunan: Bakı gecələrinin qəza xronikası – SƏBƏB QARANLIQDIR!

13544

“Gecə saatlarında yolu keçərkən maşın vurub”, “Hava şəraitinin pis olması səbəbindən qəza baş verib”, “Filan küçədə qeydə alınan hadisə kameralara düşməyib”...

Bu cümlələr son vaxtlar mətbuatın qəza manşetləridir.  

Əslində söhbət nədən gedir?

Piyadaların vurulması, qəzaların baş verməsi və hansısa cinayətkarın kameralardan yayınması faktı ilk deyil.

Çoxları isə düşünür ki, belə insidentlərin qeydə alındığı küçələrdə işıqlandırma olsaydı, hadisələrin sayı minimuma enərdi. 

Bakının əsas və köməkçi yollarında apardığımız müşahidələr deyilənləri bir daha sübuta yetirir. 

Fakt faktlığında qalır ki, şəhərin mərkəzi yolları işıqlandırılsa da kənar yollarda işıq dirəklərinin çoxu nasaz vəziyyətdədir. Buna misal olaraq Bakının Balaxanı, Zığ və Hövsan qəsəbələrində, Binəqədi rayonunda yerləşən əsas magistral yollarının adlarını çəkmək olar.

Mövzunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə davam etdirdik.

O, Bizim.Media-ya açıqlamasında yol kənarındakı işıq dirəklərinin işıqla təmin olunmasına  AAYDA tərəfindən nəzarət edilmədiyini dedi.

Onun fikrincə, bu problemin həlli yerli icra hakimiyyətlərinin səlahiyyətindədir.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat katibi Mətin Hüseynli bildirdi ki, BŞİH-in balansında olan dirəklər  daimi işıqla təmin olunur, əgər hansısa rayon ərazisində işıq dirəkləri işləmirsə, vətəndaş qaynar xəttə zəng etməlidir.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlının mövqeyi isə fərqlidir.

O, hesab edir ki, icra hakimiyyətləri bələdiyyələrlə birgə bu işi daha yüksək səviyyədə həyata keçirə bilərlər:

“Təəssüflər olsun ki, “Azərişıq” ASC və digər qurumlar bu işdə tam razılığıa gələ bilmirlər. Cənab prezident İlham Əliyev də bu məsələdən narahat olub tapşırıqlar verib, lakin bəzi orqanlar hələ də üzərlərinə düşən məsuliyyəti dərk etmirlər, problemin nə qədər ciddi olduğunu anlamaq istəmirlər və göstərişə laqeyd yanaşırlar.  

Yolların, küçələrin işıqlandırması oğurluq, yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün bir körpü rolunu oynayır.

Necə olur ki, bizim elektrik enerjisi satdığımız qonşu Gürcüstanda bu problem yaşanmır? Başqa ölkəyə elektrik enerjisi satırıqsa, deməli yollarımız ən azı elektrik enerjisi satdığımız ölkələrdən daha işıqlı olmalıdır”. 

Ekspert əlavə etdi ki, gecə baş verən yol nəqliyyat hadisələrinin əsas səbəbi yolların qaranlıq olmasıdır:

“Belə ərazilərdə sürücülər yolu aydın görə bilmirlər. Bu da ağır qəzalara səbəb olur. İnsan həyatını düşünərək dirəklərdə işıqlar həmişə yanmalıdır”.

Problemlə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu söylədi ki, Bakı şəhərinin bütün rayonlarında işıq dirəklərinin təchiz olunmasına Bakı Şəhər İcra Hakimiyyəti cavabdehdir.

Nəticədə isə belə qənaətə gəlmək olar ki, yolların işıqlandırılmasına AAYDA, işıq dirəklərinin saz vəziyyətdə olmasına Bakı Şəhər İcra Hakimiyyəti nəzarət edir.

Rayonlarda isə bu işi icra hakimiyyətləri həyata keçirməlidirlər.

Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov Prezident İlham Əliyevin qəbulunda olanda yollarda işıqlandırma məsələsinə ciddi şəkildə toxunmuşdu. Bildirmişdi ki, hətta qəsəbədaxili yollarda da yolların işıqlandırılması problemi həllini tapmalıdır.

Amma Saleh Məmmədov ya qocalıb yaddaşı zəfləyib, ya da...

“Gecə saatlarında yolu keçərkən maşın vurub”, “Hava şəraitinin pis olması səbəbindən qəza baş verib”, “Filan küçədə qeydə alınan hadisə kameralara düşməyib”...

Və bu cümlələr hələ uzun müddət mətbuatın qəza manşetləri olaraq da qalacaq.  

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin